Keçid linkləri

-
Fors-major situasiyaları çıxmaq şərtilə xarici siyasətdə varislik çox mühüm məsələdir. Təsadüfi deyil ki, hakimiyyətə yeni gələn siyasətçilər yaxın və uzaq ölkələri əmin edirlər ki, siyasətdə köklü dəyişikliklər olmayacaq. Təbii ki, bəzən elə situasiyalar olur ki, hansısa dövlətlə münasibətlərə yenidən baxmaq lazım gəlir, xüsusən o halda ki, əvvəlki siyasi hakimiyyətin təqsiri ucbatından müəyyən dövlətlə gərgin münasibətlər yaşanır. Gürcüstan təxminən bu vəziyyətdə idi. Ona görə də yeni baş nazir B. Ivanishvili (B. İvanişvili) Rusiyaya xüsusi işarələr edəndə bunu başa düşmək olurdu.

Amma bir dövlətlə əlaqələri başqa birisilə əlaqələrin korlanması hesabına yaxşılaşdırmağa cəhd etmək bir qədər siyasətin qeyri – mükəmməlliyindən xəbər verir. B. Ivanishvili artıq bir neçə dəfə Gürcüstanla Azərbaycan arasında bağlanmış layihələrin gələcəyini şübhə altına almışdı. İndi o, hətta Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin məqsədəuyğunluğuna şübhə etdiyini də bəyan etməkdən çəkinmir. Baş nazir niyə məhz Azərbaycanla bağlı layihələri və ümumiyyətlə əməkdaşlığı hədəfə götürüb? Bölgədə geosiyasi vəziyyətə bələd olan adam dərhal bunda məhz elə geosiyasi motivlər axtarardı.

İndi Cenevrədə Gürcüstanla Rusiya arasında danışıqlar gedir. Rusiyalı siyasətçilər heç vaxt gizlətməyiblər ki, Gürcüstan Azərbaycan üçün bir növ arteriya rolunu oynayır, kifayətdir ki, bu əlaqəni qırasan onda tez bir zamanda azərbaycanlı hökumət adamları Kremlin divarları önündə «keşik» çəkməli olacaqlar. Ona görə də adamın ağlına gələn ilk fikir bu olur ki, B. Ivanishvili öz bəyanatları ilə Rusiyanın rəğbətini qazanmağa cəhd edir. Çox maraqlıdır ki, B. Ivanishvili-nin komandasının üzvü – yeni xarici işlər naziri, əksinə prezident M. Saaakashvili-ni (M.Saakaşvili) ölkədə Rusiya biznesinə böyük meydan verdiyinə görə qınayırdı, amma B. Ivanishvili bu haqda danışmır. Deməli, B. Ivanishvili artıq ölkələr arasındakı fərqləri hiss edir. Amma bu, yeganə motivdirmi? Güman etmirik. Zənnimizcə, B. Ivanishvili-ni Azərbaycanla bağlı layihələri tez-tez təftiş etməyə stimullaşdıran başqa motivlər də olmamış deyil, ən azı ona görə ki, yaxın keçmişin təcrübəsi var. Bakı-Tbilisi-Ceyhan kəməri qurularkən Gürcüstanda ekologiyadan başı çıxan da, çıxmayan da, hamı kəmərin əleyhinə danışırdı. Halbuki o vaxtkı Gürcüstan üçün bu layihə hava və su kimi lazım idi. Bəs onda səbəb nə idi? Sadəcə, gürcülər ekologiya bəhanəsi ilə xarici şirkətlərdən və əməliyyatçılardan daha çox pul qoparmağa çalışırdılar. Ona görə də B. Ivanishvili-ni «revizionist»-təftişçi bəyanatlara təhrik edən başqa səbəbləri də axtarmaq lazımdır.

NİYƏ RƏQİBLƏR TƏK SİYASİ QƏLƏBƏ İLƏ MƏHDUDLAŞMIR?

Bakı Dəmiryol Stansiyası

Bakı Dəmiryol Stansiyası

Rusiyadan sonra Azərbaycan Gürcüstan iqtisadi mühitində ikinci ölkədir. Tək Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi çərçivəsində Azərbaycan bu ölkəyə çox böyük güzəştlərlə 1,5 milyard dollarlıq kredit ayırıb. Dərhal sual yaranır. Bu kredit belə bir layihə üçün çox deyilmi? O, tamamilə öz təyinatı üzrə xərclənibmi? B. Ivanishvili böyük ehtimalla M. Saakashvili-nin belə layihələrdən yararlandığını zənn edir. Əgər o, bunu hansısa formada sübut edə bilsə, onda M. Saakashvili-ni də Ukraynanın keçmiş baş naziri Y. Tymoshenko-nun (Y.Timoşenko) taleyi gözləyə bilər. Bu cür ölkələrdə rəqiblər bir-birinə təkcə seçki məntəqəsində qalib gəlməklə kifayətlənmirlər, onlar öz rəqiblərini az qala fiziki mənada sıradan çıxarmaq istəyirlər. Həm də bir məsələ var ki, baş nazir iş adamıdır. O, gənc dövlətlərin biznes mühitinə çox yaxşı bələddir. Belə ölkələrdə böyük biznes ancaq hakimiyyətin çətiri altında olanlara qismət olur və hakimiyyət dəyişəndən az sonra ölkə biznesinin strukturu da dəyişməyə başlayır – şirkətlər, müəssisələr yeni hakimiyyətə yaxın adamların əlinə keçir. Belə ölkələrdə daim mülkiyyət bölgüsü gedir, bu proses siyasi dəyişikliklərlə eyni ritmdə baş verir. Bu, Azərbaycanda da belədir, Gürcüstanda da. Ona görə də «B. Ivanishvili nə istəyir?» sualına cavab vermək o qədər də çətinlik törətmir. O, siyasi hakimiyyətin ardınca iqtisadi hakimiyyəti tələb edir. M. Saakashvili-nin liderlik etdiyi «Vahid Milli Hərəkat» ayaq üstə qala bilsə, onun siyasi revanşını asanlaşdıran şərtlər artacaq, çünki ölkənin elə problemləri var ki, onları beş ilə, on ilə həll etmək qeyri-mümkündür. Siyasətçilər özləri bilirlər ki, seçki vaxtı deyilənlərin 50 faizi populizm və ritorika xatirinə deyilir. Amma seçicilər belə düşünmür, onlar səbirlə vədlərin həyata keçməsini gözləyirlər və həyata keçməyəndə növbəti seçkidə heç bir daxili təlatüm yaşamadan ötən seçkidə səs verdikləri adamın adının üstündən qalın bir qara xətt çəkirlər…

KİÇİK SÖZARDI

Siyasətdə bir deyim var. Deyirlər ki, siyasətçi üçün min dost azdır, bir rəqib isə çoxdur. Təəssüf ki, bəzi ölkələrdə siyasətçilər daha çox keçmiş dönəmlər üçün xarakterik olan belə aforizmlərin əsirinə çevriliblər, onların siyasi davranışı florensiyalı N. Machiavelli-nin (N.Makiavelli) tövsiyələrindən çıxan belə qəliz nəticələrlə müəyyən edilir. Rəqabətsiz mühit! Siyasətçilər də, iş adamları da buna can atır. Amma tamam başqa siyasət və biznes də ola bilərdi. Elə siyasət və biznes ki, bir qədər artıq əziyyət tələb edir, amma daha təminatlı olur, çünki zaman yerləri dəyişə bilər, bu gün hücum edənlər sabah özləri müdafiə olunmaq məcburiyyətində qalarlar…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG