Keçid linkləri

«Qara dəliklər» təkcə kosmosda olurmu?


-
Bəlkə də mücərrəd tədqiqatlarla məşğul olanların, idealist, Yerdən uzaq böyük mətləbləri araşdıran filosofların cəmiyyətlə əks rabitəyə ehtiyacı olmur. Amma qalan bütün insanlar, xüsusən də siyasət və mətbuat adamları cəmiyyətdən gələn ab-havanı duymağa, özünü bu havaya kökləməyə məcburdur. Faciə onda başlayır ki, bu rabitə qırılır, o vaxt bütün siyasət və media adamları marginallaşırlar. Fikir verdim, bu yaxınlarda iki müxalifət lideri öz baxışlarını növbəti il üçün siyasi strategiya kimi təqdim etdilər. Prinsipcə, bu, çox yaxşı haldır, xüsusən də iki fərqli strategiyanın olması. Amma bir az əvvəl qeyd etdiyim əks rabitənin olmaması bu strategiyaların yaşarlığını şübhə altına alır. Bu, təkcə Azərbaycan üçün xarakterik deyil. Elə Rusiya mətbuatını və televiziyasını izləyəndə də hiss edirsən ki, bu ölkənin də siyasət və mətbuat adamları eyni problemləri yaşayırlar, onlar da böhrandan çıxa bilmirlər. Siyasi marginallaşma bu ölkədə də özünü çox qabarıq göstərir. Amma bunu təkcə birtərəfli proses kimi yozmaq düzgün olmazdı. Bu məsələdə cəmiyyətin özünün məsuliyyəti heç də ayrı-ayrı liderlərin və yaxud da siyasi təşkilatların məsuliyyətindən az deyil, bəzi siyasi qrupların marginallaşmasının səbəbi həm də cəmiyyətin total siyasi apatiyasında, total siyasi sükutundadır.

HAMI SOSİAL MƏSULİYYƏTDƏN QAÇIR

Rəşid Şərifin karikaturası

Rəşid Şərifin karikaturası

Sosiologiyada cəmiyyəti qruplara, mikro-strukturlara ayırırlar. Belə bölgü cəmiyyətin sosial kəsimlərini daha yaxşı hiss etməyə imkan verir. Bu kəsimlərə nəzər salanda isə diqqəti ilk cəlb edən ziyalılar olur. Başqa qrupların siyasi etinasızlığını, siyasi süstlüyünü həmişə ziyalılar kompensasiya edirdi. Axır vaxtlar qəribə bir tendensiya hiss olunur, ziyalı məfhumunu kreativ insanlar adı altında əritməyə çalışırlar. Nəyin necə adlanması bir o qədər də mühüm deyil. Amma burada mahiyyəti dəyişmək, ziyalı üçün spesifik olan davranış tərzini başqa bir sosial funksiya ilə əvəz etməyə cəhd etmək istəyi duyulur. Hamı sosial məsuliyyətdən qaçmağa meyllidir, heç kim özündən qeyrisinin yükünü çəkməyə meylli deyil, hamı daha çox özünə doğru çəkməyə, daha çox istehlak etməyə çalışır. Elmdə artıq çoxdan bu cür obyektlər var, onlara «qara dəlik» deyirlər – hər şeyi özünə doğru çəkən, amma özündən heç nə buraxmayan səma cisimləri. Sosiologiyada bu terminə müraciət edilib-edilməməsi haqda bizə heç nə məlum deyil. Amma politologiyada bununla rastlaşmışıq. Z. Brzezinski (Z. Bjezinski) yazılarında böyük geosiyasi arealı məhz belə adlandırırdı – «qara dəlik»lər. Cəmiyyətə münasibətdə isə bunu hələ daha çox bənzətmə formasında işlədirik.

KİMİN PERSPEKTİVİ DAHA BÖYÜKDÜR?

Cəmiyyətin ayrı-ayrı qruplarının sosial davranışına baxan zaman onların perspektivi haqda nəticə hasil etmək olur. İndi ölkədə ən passionar sosial qrup hansıdır? Bəlkə də mübahisəli görünəcək, amma onlar dindarlardır. Bu qrup hələ kütləvi hərəkata çevrilə bilmir, bir siyasi institut kimi leqallaşa bilmir. Bunun özəl səbəbləri var. Amma di gəl baxıb görürsən ki, din mövzusunda yazılar daha çox oxunur, forumlarda dindar oxucular daha çox fəallıq edir. Azərbaycan nə vaxtsa bu reallığın nəticələrini yaşamalı olacaq. Başqa ölkələrin təcrübəsi də belə qənaətə gəlməyə əsas verir. Məsələn, uzaq Misirdə «Müsəlman Qardaşları» uzun müddət qeyri-leqal şəraitdə fəaliyyət göstərdi, təqiblərə məruz qaldı, amma axırda nə oldu? Digər sosial qruplar, xüsusən də liberallar dini qrupların perspektivindən söhbət düşəndə həmişə istehza edirdilər. Amma bu gün artıq o halda deyillər, təşəbbüsü əldən verdiklərini duyurlar. Məsələ bundadır ki, bəzən kütləvilik yüksək səviyyəli mütəşəkkilliyə uduzur, bir çox hallarda böyük ideyaların cazibəsi onu təmsil edən insanların sönük fəaliyyəti nəticəsində azalır.

MÜSƏLMAN QƏRBÇİLƏR NİYƏ UDUZUR?

Qərb dəyərlərinin hədsiz dərəcədə böyük önəmi var – azadlıq, demokratiya, humanizm… Bunlarsız bəşəriyyət keçinə bilərmi? Amma onların kiçik bir qüsuru da var – onlar istehlakçılığı stimullaşdırır. Bütün post-sovet məkanında 90-cı illərdən sonra əsl istehlakçı inqilab baş verdi, insanlarda bir stimul, daha çox istehlak etmək və istehlak çeşidindən daha çox yararlanmaq istəyi digər keyfiyyətləri üstələdi – yaxşı geyinmək, yaxşı yemək və daha rahat yaşamaq… Bunlar olduqca gözəl keyfiyyətlərdir. Amma onlar yeganə stimula çevriləndə problemlər başlanır, biz cəmiyyətin böyük bir «dəliy»ə çevrildiyini görürük – o, ancaq həzm edir, udur, özündən kənara isə yalnız məişət tullantıları atır. Bəzi ölkələrdə qərbçi liberallar konyak şüşəsi arxasında olub-keçənləri tənbəl-tənbəl müzakirə edərkən, digər qruplar, xüsusən də dindarlar öz şəbəkələrini yaradırdılar, cəmiyyətə yaxın olmağa can atırdılar, böyük inadkarlıqla öz məqsədlərinə doğru gedirdilər. Məhz bu səbəbdən indi bir çox ölkələrdə müsəlman qərbçilər siyasi mübarizədə onlara uduzur, məhz bu səbəbə görə getdikcə daha çox müsəlman ölkəsi şəriətə və şəriət qaydalarına müraciət edir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG