Keçid linkləri

-

Növbəti ilin, xüsusən də qış tətilinin ərəfəsində adətən böyük siyasi proseslər bir qədər səngiyir. Böyük siyasətin simaları daha çox qış tətilini harada keçirmək haqqında düşünməyə başlayırlar. Amma bunun da öz üstünlükləri var. Belə vaxtlarda əbədi mövzular – adi insan və onun gündəlik həyatı aktuallaşmağa başlayır. Çox vaxt böyük siyasətin mürəkkəb dönəmlərində, geosiyasətin çətin mətləblərində adi insanı itiririk və onu yalnız bu və ya digər məsələyə passiv münasibət bildirən subyekt qismində görürük. Daxili və xarici siyasət, büdcə və onun təsnifatı, iqtisadi siyasət – bunlar həmişə olub və olacaq. Amma bütün bu məsələlərin fonunda adi insan necə görünür? Onun qayğıları nədir? Bu suallara heç də həmişə diqqət ayıra bilmirik. Amma bizim günahımızı yüngülləşdirən bir detal var. O da budur ki, tipik insan obrazı yaratmaq o qədər də asan məsələ deyil. Əslində bu, böyük ədəbiyyatın mövzusu olmağa layiq məsələdir. Bu günlərdə Nobel mükafatı laureatı Çin yazıçısı Mo Yan haqqında oxuyurdum. Yazıda bir detal diqqətimi çəkdi. Sən demə, qədim Çin fəlsəfəsində maraqlı aforizm varmış – «bilənlər az danışır»… İlk dəfə çox danışmağın və eləcə də çox yazmağın bəraətini tapdım. O adam çox danışır, çox yazır ki, özünü və başqalarını başa düşməyə çalışır. Tipik Azərbaycan vətəndaşı kimdir? Əvvəlcə gərək bu suala cavab tapasan. Mənə qalsa deyərdim ki, tipik azərbaycanlı sutkanın üçdən iki hissəsini xəyallarla yaşayan insandır. Yox, o, qeyri – adi şeylər haqda xəyal qurmur, bu, daha çox gündəlik məsələlərlə bağlı düşüncələrdir. O, sınmış adam da deyil, belə olsaydı əvvəldən öz qisməti ilə barışar, ora – bura vurnuxmazdı. Amma o, qürur mənbəyi də deyil, çünki özünü qonşu gürcülər kimi müstəsna varlıq, Asiyanın girəcəyində kiçik bir Avropa adasının sakini kimi hesab etmir. O, daha çox Yerə və onun qayğılarına bağlıdır…

BU ÖLKƏ NƏDƏN ÖZÜNÜN T. DRIESER-Nİ (T. DRAYZER) YETİŞDİRMİR?

Ona aşılamaq istəyirlər ki, ən azı Cənubi Qafqazın lider dövlətinin vətəndaşıdır. Amma o, bunun fərqində deyil, çünki fikirləşir ki, bu, necə lider dövlətdir ki, ərazisinin hələ də 20 faizi işğal altındadır?! Ona aşılamaq istəyirlər ki, varlı bir dövlətin vətəndaşıdır. Amma bunun da fərqində deyil, çünki gündəlik məişət qayğıları, işıq, qaz və su pulu onu cana yığıb, o, özünü neft və qaz ölkəsinin vətəndaşı kimi təsəvvür edə bilmir. Bu, çox maraqlı və həm də faciəli məsələdir. O, gözünü açıb görüb ki, neft adi insanlar üçün yalnız sosial bəla və bahalıq gətirib. İndi Bakı az qala dünyanın ən bahalı şəhərlərindən birinə çevrilib. Bəli, bu mənada Bakını həqiqətən də Qafqazın lider şəhəri adlandırmaq olar. Amma bu şəhər nədən özünün T. Dreiser-ni yetişdirmir – bax, bunun cavabını tapmaq o qədər də asan məsələ deyil. Bu şəhərin də yazarları var. Onlar gileylənir ki, bəs, dünya ədəbiyyatını bizə oxutmadılar, əvəzində rus və sovet klassikası ilə zəhləmizi tökdülər. Amma qəribədir, Mo Yan M. Sholokhov-u (M. Şoloxov) özünün müəllimi hesab edir.

Deməli, məsələ nə oxumaqda deyil, necə oxumaqdadır! Bəlkə də bu şəhər özünün T. Dreiser-ni yetişdirsəydi belə tipik azərbaycanlının bundan xəbəri olmayacaqdı. Adamı qorxudan da budur. Amma bir ümid yeri var ki, Mo Yan-ın kitabları da öz ölkəsində Nobel mükafatı alması xəbəri çıxandan sonra satılıb qurtarıb, o vaxta qədər bu müəllif də çox tanınmayıb, hər halda, belə yazırlar. Amma Çində heç olmasa kitab dükanları var. Bizim qəhrəmanımızın – tipik azərbaycanlının yaşadığı şəhər isə hətta öz kitab bazarı, dükanları ilə də öyünə bilmir.

AZADLIĞIN ÇİN TƏCRÜBƏSİ

Sən demə, Mo Yan Çin dilində «danışma!» demək imiş. Bir çox hallarda böyük ədəbiyyat heç də azad ölkələrdə, rahat şəraitdə yaranmır. Bəli, M. Sholokhov da azad ölkədə yaşamamışdı. Deyilənə görə, «Sakit Don»u I. V. Stalin şəxsən oxuyubmuş və M. Sholokhov-dan soruşubmuş ki, niyə bizi bu qədər tənqid edirsiniz?... Bunları nədən qeyd edirəm? Bir sual mənə rahatlıq vermir. Görən bu ölkənin əhalisinin neçə faizi özünü azad hesab etmir? Arabir mənə elə gəlir ki, haqqında danışdığım tipik azərbaycanlı üçün hələ azadlıq problemi yoxdur. O, «Davay do svidaniya!»ya qulaq asmaqla da özünü azad, rahat hiss edə bilir. Hətta bəzən fikirləşirsən ki, bizim qəhrəmanımız düşünməklə və oxumaqla iztirablarını artırmaq istəmir… Mo Yan yazır ki, o, yazıçılığa başlayan zaman danışmaq istədiyinə görə məhz bu adı – Çin dilində «danışma!» mənasını verən təxəllüsü götürübmüş. Bu da etirazdır, özü də ciddi etiraz. Amma belə etirazı tipik azərbaycanlıdan və onun tipik yazarından gözləmək üçün hələ bir neçə il keçməlidir. Nə etmək olar? Görünür, sosial-siyasi gerçəklik bizim qəhrəmanlarımızı hələ o qədər də sıxmır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG