Keçid linkləri

Təcili xəbərlər

Margaret Thatcher Francois Mitterand-ı necə hədələdi?


Margaret Thatcher
Margaret Thatcher
-

Britaniya Milli Arxivinin yenicə açıqlanmış məxfi sənədlərində deyilir ki, Britaniyanın o vaxtkı baş naziri, Fransanın ovaxtkı prezidentinə təhdid dolu məktub göndəribmiş.


Folklend müharibəsi zamanı yazılmış məktubda Parisdən Argentinaya «Exocet» raketlərinin gizli nəqlinin dayandırılması tələb edilirdi.

«Dəmir Ledi» yazırdı ki, Fransa, gəmilərə qarşı raketlərin Britaniya ilə müharibədə olan Argentinaya nəqlini dayandırmazsa, bunun bütün NATO-nun gələcəyi üçün dağıdıcı təsiri ola bilər.

Məxfi sənədlərdə deyilir ki, məhz Argentinanın cəbbəxanasında olan Fransa istehsallı «Exocet» raketləri Londonun hərbi strateqlərini daha çox narahat edirmiş.

Çünki argentinalılar, Britaniyanın «Sheffield» minadaşıyanını və «Atlantic Conveyor» hərbi yük gəmisini bu raketlərlə vurmuşdular.

Britaniyanın bəxtindən, Folklend adalarına müdaxilədən əvvəl, Fransa yalnız beş belə raketi Argentinaya çatdıra bilmişdi.

Onlardan üçü ilə «Sheffield» və «Atlantic Conveyor» gəmiləri məhv edilmiş, biri təlim üçün işlədilmiş və argentinalılarda yalnız bir «Exocet» raketi qalmışdı.

Açıqlanmış sənədlərdən görünür ki, Britaniya bu raketlərin yeni dəstinin Argentinaya gətirlməsindən o qədər narahat imiş ki, hətta şübhələndiyi Braziliya gəmilərini vurmağı düşünürmüş.

Bu da bəlli olur ki, Argentinaya raket nəqlinin dayandırılması üçün London hətta yeni bir «James Bond» planı hazırlayırmış.

THATCHER: «BU, FRANSIZLARA BAHA OTURACAQ»

Margaret Thatcher sözü gedən məktubu Mitterand-a göndərəndə, göyərtəsində vertolyotlar olan yük gəmisi «Atlantic Conveyor» artıq dörd gün idi ki, batırılmışdı.
Thatcherin qəzəbindən özünü itirmiş Fransa prezidenti ona zəng edərək bildirmişdi ki, «Exocet» raketləri Perunun müharibədən əvvəl verdiyi sifarişə uyğun olaraq göndərilir. Paris isə özünün silah satışına dair kontraktlarını yerinə yetirməyə bilməz.

Lakin Thatcher Perunun Argentinanın yaxın müttəfiqi olduğunu və raketlərin son təyinat məntəqəsinin hara olacağını yaxşı bilirdi.

Britaniya baş naziri Fransa prezidentinə yazırdı ki, «fransızların öz kontrakt öhdəliklərinə sədaqətlərini, İngiltərə-Fransa mürttəfiqliyindən yüksək tutmaları onlara çox baha oturacaq».

Britaniya baş nazirinin məktubunu onun diplomatik müşaviri lord Michael Palliser təqdim etmişdi.

NATO-nun bayrağı
NATO-nun bayrağı
O, Fransa Xarici İşlər Nazirliyinin baş katibi Francois Gutman-la görüşündə bildirmişdi ki, Londonun tələbi yerinə yetirilməsə, bu nəinki iki ölkə, həm də iki lider arasındakı şəxsi münasibətləri alt-üst edə bilər.

DÖYÜŞƏ «007»-LƏR GEDİR

«Exocet» raketləri ilə bağlı böhran 1982-cin ilin 4 mayında, Britaniyanın «Sheffield» hərbi gəmisi Argentina tərəfindən batırıldıqdan sonra daha kəskin şəkil alıb.
Dünya boyunca Britaniya hərbi attaşelərinə və Mİ6 hərbi kəşfiyyat agentlərinə bütün şübhəli gəmilərə nəzarət tapşırılmışdı.

Şübhəli ölkələr siyahısında İsrail, Cənubi Afrika Respublikası və Liviya da vardı.
İşə həmçinin Argentinada Britaniyanın diplomatik maraqlarını təmsil edən İsveçrə də qarışdırılmışdı.

Məxfi raportlardan birində «Swissair» hava şirkəti İsrail hərbi avadanlığını Argentinaya daşımaqda ittiham edilmişdi.

Britaniya hüquq-mühafizə orqanlarının yüksək rütbəli nümayəndəsi bir aviasiya yükdaşıma şirkətinin rəhbəri ilə görüşüb ondan məsləhət almışdı.

Direktor bildirirdi ki, qara bazardakı «Exocet» raketləri Cənubi Amerikaya, əsasən Yaxın Şərqdən nəql edilə bilər.

O deyirmiş ki, bu işin qazancı çox böyükdür, hətta «xalturaçı» təyyarə sahibləri də bu işə cəlb oluna bilər, çünki adətən, qanunsuz silahı göndərən ölkə onu daşıyan nəqliyyat vasitəsilə birbaşa heç bir sahiblik əlaqəsində olmaq istəmir.

Bu söhbətdən sonra bu cür təyyarələrin heyətlərinə Britaniya agentlərinin yeridilməsi planı hazırlanıb.

Plana görə, agent istənilən anda təyyarənin marşrutunu dəyişərək onu, məsələn, Bermud adalarında enməyə məcbur edə bilərdi.

Dünya boyunca «007»-lərin «Exocet»-ə dair hesabatları Londona sel kimi axırdı.
Məsələn, xarici işlər naziri Francis Pym-ə xəbər verilmişdi ki, İran, ola bilsin, İraqdan 7 bu cür raket ələ keçirib və Tehran bu raketləri Argentina xuntasına satmaq arzusında ola bilər.

Francis Pym dərhal Tehrandakı Britaniya səfirinə bu raketləri pulla almağı tapşırmışdı.

MÜƏMMALI BOİNQ 707

Bu arada Braziliyadakı Britaniya attaşesinin durbini Liviya və Argentina arasında Braziliyanın Resifi şəhərində tranzit dayanacağı etməklə şübhəli reyslər yerinə yetirən Boinq 707 təyyarəsinə tuşlanmışdı.

Belə tranzit dayanacaqlarından birində təyyarəyə daxil ola bilən Braziliya mənbəyi orada ölçülərinə görə “Exocet” konteynerinə bənzəyən altı yük gördüyü barədə xəbər vermişdi.
1982-ci il mayın 31-də Britaniyanın Braziliyadakı səfiri Resifi hava limanından alınmış kəşfiyyat məlumatını Londona göndərmişdi.

Məlumatda deyilirdi ki, Britaniya attaşesi sözü gedən Boinq 707-nin heyətinin çox əsəbi olduğunu, təyyarənin silahlı keşikçilər tərəfindən qorunduğunu müşahidə edib.

«MƏXFİ MƏLUMATLAR» MƏTBUATA SIZDIRILDI

Səfir William Harding Londona dörd variant təklif edirdi: Braziliyalılar üzərinə ehtiyatlı diplomatik təzyiq göstərmək, yaxşı təşkil olunmuş mətbuat kampaniyası ilə braziliyalıları rüsvay etmək, Resifi limanında «birbaşa hərəkətə keçmək» və Braziliya xaricində «birbaşa hərəkətə keçmək».

Bununla belə, səfir Braziliya əraziisndə «birbaşa hərəkətin» təhklükəli ola biləcəyini və iki ölkə arasında münasibətləri son dərəcə korlaya biləcəyi ehtimalını da qeyd edirdi.
Xarici işlər naziri Pym səfirə cavab teleqramında yazırdı ki, Liviyanın Argentinaya Fransada istehsal olunmuş avadanlıq göndərdiyi barədə məlumatlar daxil olub.
Nazir söhbətin «göy-göy» tipli raketlərdən gedə biləcəyini bildirirdi.

O bu fikirdə idi ki, məlumatların mətbuata sızdırılması hələlik ən səmərəli variant kimi gündəmdədir.

Açıqlanmış məxfi sənədlər göstərir ki, Parisin Londona bütün təminatlarına rəğmən, ingilislər fransızlara inanmırdılar və bunda haqlı idilər.

Fransanın «Exocet» raketlərini daşıyan Super Etendard döyüş təyyarələrinin istehsalçısı «Dassault» şirkətinin xüsusi komandası Argentinada idi və bu ölkənin hərbiyyəsinə təlim verirdi.

FOLKLEND MÜHARİBƏSİNİN «JAMES BOND»U

İyunun 10-da Londona daxil olmuş «son dərəcə məxfi» məlumatda bildirilirdi ki, «Dassault» şirkətinin Bordo yaxınlığındakı zavodunun həyətində Peru hərbi donanmasının işarə nişanları ilə bəzədilmiş üç «qəttəzə» Etendard qırıcısı müşahidə edilib.

Halbuki, kəşfiyyat Perunun belə təyyarələr üçün sifariş vermədiyini bildirirdi.

Açıqlanmış sənədlər göstərir ki, London «Exocet»-ə qarşı məxfi müharibəni uda bilib.
Və bu müharibənin konkret «James Bondu» – Mİ6-nın Hamburqdakı rezidenti Anthony Divall olub.

Özünü silah alverçisi kimi təqdim edən və bank hesabında 16 milyon funt sterlinq pulu olan agent argentinalı alıcıları inandıra bilib ki, onun 30 ədəd satlıq «Exocet» raketi var.
Argentinalıların bu raketlərin gəlib çıxmasını gözlədikləri bir vaxtda isə, Böyük Britaniyanın bayrağı artıq Folklendin mərkəzi şəhəri Port-Stenlidə dalğalanırdı.

KİLSƏ DİVARLARI ARASINDA «FOLKLEND»

Milli Arxivin açıqladığı gizli sənədlərin arasında İngiltərə kilsəsinə aid olanları da var.
1982-ci ilin iyulunda Britaniya artıq Folklend adalarına yenidən sahiblənmişdi, lakin London yepiskopu Müqəddəs Pavel Məbədinin dyakonu Alan Webster-in «vətənpərvərə yaraşmayan» hərkəti barədə baş nazir Margaret Thatcherə şikayət etmişdi.

Baş nazirlə şəxsi görüşündə yepiskop ondan xahiş edirdi ki, bu işə İngiltərə kilsəsinin rəsmi rəhbəri olan kraliçanın özü və ya ən azı Kanterberri arxiyepiskopu qarışsın.
Bütün bunlara səbəb isə o imiş ki, dyakon Folklend müharibəsinin itkiləri barəsində xütbəsində həm Britaniya, həm də Argentina əsgərlərini yad edir, hətta «Atamız bizim» duasını ingilis və ispan dillərində oxuyurmuş.

Hakim Mühafizəkarlar Partiyasından olan millət vəkilləri də müharibədə qurban verilmiş Britaniya əsgərlərinin ruhuna edilən bu «hörmətsizlik»dən şikayət edirlərmiş.
Sonunda, keşiş geri çəkilməyə məcbur olur və ispanca dua oxumur.

2007-ci ildə 89 yaşında vəfat etmiş keşiş Alan Webster bütün ömrü boyu siyasətin qarşısından qaçdığına görə peşmançılıq çəkirmiş.

FUTBOL MÜHARİBƏDƏN ÇƏTİN İMİŞ…

Folklend müharibsənin son mərhələsində -1982-ci ilin iyununda Britaniya hökuməti İspaniyada başlamalı olan Dünya Futbol Çempionatında İngiltərə, Şotlandiya və Şimali İrlandiya yığmalarının iştirakının məqsədəuyğunluğu barədə məsələni də müzakirə edibmiş.

Milli Arxivin açıqlanmış sənədlərindən görünür ki, hökumət bu üç milli yığmanın Argentina komandası ilə eyni qrupa düşməsindən narahat imiş.

Rəsmilər ehtiyatlanırdılar ki, Şotlandiya ikinci dövrədə «düşmənlə» qarşılaşmalı ola bilər.
Rəsmi London İngiltərə yığmasının Argentina ilə final mərhələsində görüşməsini də istəmirmiş.

FİFA-nın Braziliyalı prezidenti Argentinanın çempionata buraxılmaması ehtimalını qəti şəkildə istisna edirdi.

Bütün bunlara baxmayaraq, Britaniyanın Madriddəki səfiri çempionatda iştirakdan imtinanın İspaniyaya qarşı hörmətsizlik kimi başa düşülə biləcəyindən yazırdı.

«Sheffield» gəmisi argentinalılar tərəfindən batırıldıqdan bir həftə sonra isə, Britaniyanın idman naziri Neil Macfarlane baş nazir Thatcher-ə yazırdı: «Bir həftə, on gün əvvələ qədər mən bu qənaətdəydim ki, iştirak barədə qərar idman orqanlarının ixtiyarına buraxılmalıdır. Lakin Sheffild gəmisində britaniyalıların həlak olması bir sıra beynəlxalq futbolçuları mütəəssir etmişdir».

Nazir bildirirdi ki, bu barədə artıq ölkə qəzetləri yazırlar və münaqişə qurtaranadək yazmaqda davam edəcəklər.

Lakin artıq mayın 17-də kabinet nazirlərindən lord Robert Armstrong baş naziri inandıra bildi ki, İspaniyadakı çempionatda iştirak etməmək Argentinanın qabağından qaçmaq kimi başa düşülə bilər.

«The Daily Telegraph» yazır ki, Britaniya komandalarının növbəti fərsizliyi bu siyasi böhranı özü çözdü.

Şotlandiya komandası yarışı ilk dövrədəcə tərk etdi, İngiltərə və Şimali İrlandiya komandaları isə final mərhələsinə çatmadılar.

Dünya kubokunu İtaliya qazandı.
XS
SM
MD
LG