Keçid linkləri

Təcili xəbərlər

Meyiti çantada tapılmış Britaniya casusunun Qazaxıstan oliqarxı ilə müəmmalı əlaqəsi


Gareth Williams və milyarder oğlu Furkat
Gareth Williams və milyarder oğlu Furkat
-
ƏVVƏLCƏ GARETH WILLIAMS VƏ ONUN MÜƏMMALI ÖLÜMÜ BARƏDƏ

Britaniya hərbi kəşfiyyatı agentinin müəmmalı ölümü barədə xəbərlər İngiltərədən kənarda və Azərbaycanda çox az işıqlandırılıb. Hərçənd, bu hadisə 2012-ci il ərzində Birləşmiş Krallıqda ən çox müraciət edilmiş mövzulardan biridir.

Gareth Williams Britaniya Hökumət Kommunikasiyaları Baş Qərargahı (Government Communications Headquarters -GCHQ) tərəfindən deşifrəçi kimi MI6-ya ezam edilibmiş.
GCHQ-nin adı bir şey deməsə də, bu, əslində Britaniyanın baş kəşfiyyat orqanı sayılır və keçmiş sovet QRU-su kimi bir idarədir.

«QEYRİ-TƏBİİ» ÖLÜM

2010-cu ilin 23 avqustunda agentin meyiti onun Londondakı (kəşfiyyata məxsus) mənzilində aşkar edilib.

Polis təhqiqatın ilk anlarından bəyan edib ki, bu ölüm olduqca «qeyri-təbii» təəssürat bağışlayır.

Bu isə, doğrudan da təbii idi. Çünki üzərində heç bir zorakılıq əlamətləri olmayan Williams-ın meyiti böyük və ağzı bağlı qırmızı yol çantasının içində aşkar edilmişdi.
Gareth-in artıq bir neçə gün idi işə çıxmadığını görən həmkarları polisə zəng etmişdilər.
Polis Williams-ın mənzilinə gələndə, onun qırmızı səfər çantasındakı çılpaq cəsədi artıq çürüməyə başlamışdı.

Bundan sonra Gareth Williams-ın ailə üzvləri onun mənzilinə onlara xəbər verilmədən girilməsindən şikayət etmişdilər. Onların fikrincə, mənzildəki mühüm ekspertiza obyektləri –DNT və barmaq izləri silinərək yox edilib.

İlkin istintaq çaşqınlıq yaratmışdı. Gareth Williams özü-özünü çantanın içində qıfıllaya bilməzdi. Lakin araşdırma belə bir absurd nəticəyə gəlməyə əsas verirdi, çünki onun bədənində və qanında zorakı ölümü göstərən heç bir əlamət aşkar olunmamışdı.
İşin təhqiqat üçün polisə və ya xüsusi orqanlara verilməsi də xeyli müzakirə olunmuşdu.

İSTİNTAQ MƏXFİ APARILMALI İDİ

Gareth Williams öz fəaliyyəti ərzində ABŞ milli təhlükəsizlik orqanları və Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri ilə birgə əməliyyatlar aparmışdı. FTB istintaq zamanı onun iş fəaliyyəti ilə bağlı detalların açıqlanmamasını tələb etmişdi.

Öz növbəsində, Britaniyanın Xarici İşlər naziri William Haig də bu işin təhqiqatı ilə bağlı materialların məxfi qalması barədə sərəncam imzalamışdı.

Polis Gareth Williams-in evinin qarşısında keşik çəkir - 2010
Polis Gareth Williams-in evinin qarşısında keşik çəkir - 2010
Bundan sonra polis gizli kameralardan aldığı süjetlərin köməyi ilə iki nəfərin axtarışını elan etmişdi. Sonradan həbs edilən avropalı ər-arvad Gareth Williams-ın kandarında onun ölümündən az əvvəl görünmüşdülər. Lakin az sonra ər-arvad sübutlar olmadığından azad edildilər.

Doğrudan da, istintaq Gareth Williams-ın mənzilində heç bir iz tapmamışdı.

Bununla belə, onun özü-özünü çantanın içində qıfıllaması son dərəcə fantastik bir versiya sayılırdı.

CASUS «İŞDƏN SONRA KEFLƏNMƏK»DƏN BEZİBMİŞ

Polis həmçinin gileylənirdi ki, xüsusi orqanlar Gareth Williams-ın yoxa çıxması barədə xəbəri onun ölümündən bir həftə sonra vermişdilər. Polis mənzilə gələndə, bayır qapının qıfılı artıq çıxarılmışdı.

Gareth Williams Məxfi Kəşfiyyat İdarəsində (Secret Intelligence Service - SIS) bir neçə ay idi ki, işləyirdi. Onun işi əsasən ABŞ və Britaniyadakı iri haker qruplaşmalarını aşkara çıxarmaqdı.

Mərhumun vəkilləri bildirirlər ki, o, öz işindən narazı imiş və hətta Qərargahdakı vəzifəsinə qaytarılması üçün ərizə də yazıbmış.

Agent deyirmiş ki, onun SIS-dəki işi onu «özünün işdən sonra aşırı içki mədəniyyəti» ilə artıq boğaza yığıbmış.

Vəkil həmçinin iddia edir ki, ölümündən sonra Gareth Williams-ın otağında iz buraxılmadan axtarış da aparılıb və onun bəzi əşyaları, o cümlədən 9 ədəd yaddaş flaş-kartı yoxa çıxıb.

Mərhumun ailəsi iddia edir ki, Gareth-in ölümünün arxasında xüsusi orqanlar dayanır.
London Bələdiyyə Polisi də belə bir versiyanı istisna etmədiyini bildirib.
ÖZÜNÜ ƏSİR ETMƏK HƏVƏSKARI

Britaniya kəşfiyyatının təlim bazası olan Çeltenhem şəhərində Gareth Williams-ın kirayələdiyi evin sahibəsi ifadəsində bildirib ki, bir gecə onun imdad çağırışlarına gəlib. Görüb ki, o, özünü çarpayıya bağlayıb.

Guya Gareth Williams sonradan bildirib ki, «kəşfiyyatçı məşqi» edirmiş.

Xüsusi xidmətlərin açıqladığı başqa bir məlumatda onun son günlər «bondaj» saytlarına baxdığı bildirilir. Bu saytlarda seksual əyləncə üçün partnyorun kəndirlərlə necə bağlanmalı olduğu barədə təlimatlar verilir.

Qadınsız həyat keçirən casusun mənzilindən dəyəri 20 min sterlinq olan müxtəlif qadın geyimləri də aşkar olunub.

Bir sözlə, aləm o qədər bir-birinə qarışıb ki, deyəsən, axırda Gareth Williams-ın öz-özünü çantada qıfıllaması versiyası ilə bu iş də bağlanacaq.

Əslində, Gareth Williams barədə bir neçə gün əvvəl dərc olunmuş qəzet məqalələrində də bu ehtimal vurğulanır və birdən birə yeni bir məlumat verilir…

BRİTANİYA CASUSU VƏ QAZAXISTAN OLİQARXININ OĞLU

Britaniya casusu ölümündən bir qədər əvvəl Qazaxıstan milyarderlərindən Alijan Ibragimov-un oğlu Furkat-la əlaqə saxlayıbmış.

«The Sunday Telegraph» qəzeti yazır ki, bu son məlumat Gareth Williams-ın işini araşdıran polisin təhqiqatında yeni xətt sayılır.

Williams-ın Qazaxıstan oliqarxının oğlu ilə əlaqələri təhqiqatda yeni suallar doğurub.
Suallardan birincisi budur ki, Gareth Furkat Ibragimov-la öz təşəbbüsü ilə əlaqə qurub, yoxsa MI6-nın təlimatı ilə?

Qəzet yazır ki, Williams indiyədək təsvir edildiyi kimi, sadəcə proqramçı yox, xüsusi xidmətlərin interneti araşdıran fəal casusu olub.
Alijan Ibragimov
Alijan Ibragimov

«The Sunday Telegraph»ın məqaləsində deyilir ki, Gareth Williams-ı onun MI6 agentləri ilə növbəti görüşündən sonra izləyə və qətlə yetirə bilərdilər.

Bu da xəbər verilir ki, uzun müddət nala-mıxa vuran MI6, nəhayət, işin təhqiqatında polislə tam əməkdaşlıq etməyə başlayıb.

London Bələdiyyə Polisinin komandanı lord Bernard Hogan-Howe bildirib ki, MI6 «könüllü» şəkildə bütün əməkdaşlarının şəxsi genetik materiallarından nümunələrin polisə verilməsinə razılaşıb.

Bu material Gareth Williams-ın içində olduğu çantadan tapılmış genetik materialla tutuşdurulacaq.

Belə çıxır ki, çantada hər halda yad DNT aşkar olunubmuş.

POLİSİN MI6-YA HÖKMÜ ÇATIRMI?

Lord Bernard bundan əvvəl mühüm dəlillərin onun zabitlərindən gizlədilməsindən qəzəbləndiyini bildirmiş, onun MI6-ya diktə etməyə səlahiyyəti çatarmı sualına «qanun qanundur» cavabını vermişdi.

Qəzet yazır ki, Gareth Williams-ın dünyanın varlılar siyahısının ilk 400-lüyünə daxil qazax oliqarxının oğlu Furkat Ibragimov-la əlaqələri barədə məlumatı da MI6 yalnız son anda polisə təqdim edib.

Polis xəfiyyələrinin Furkat Ibragimov və ya onun atası Alijan-la görüşüb-görüşmədikləri hələlik bilinmir.

«The Sunday Telegraph» yazır ki, Alijan Ibragimov Qırğızıstan əsilli olsa da, Alexander MashkevichPatokh Chodiev-lə birlikdə Qazaxıstanda «Trio» kimi tanınan oliqarx qruplaşmasının üzvüdür.

Bu oliqarxların Qazaxıstan imperiyasına neft-qaz və bank biznesi daxildir.
MI6-DAN SAXTA DİPLOM XAHİŞİ?

25 yaşlı Furkat Ibragimov Alijan-ın dörd oğlundan biridir və hazırda Londonda yaşayır.
O, burada bir neft şirkətinə milyonlarla funt sterlinq investisiya yatırıb və təzəlikcə müalicəvi içkilər buraxan «Rebootizer» adlı firma qurub.

Williams-ın Furkat Ibragimov-la hansı şəraitdə tanış olması və sonuncunun Gareth William-ın casus olub-olmadığını bilib-bilmədiyi hələlik aydın deyil.

Onların ən azı bir ortaq tanışlarının olduğu da xəbər verilir. Bu, ABŞ milyonçularından birinin qızı Missa Elizabeth Guthrie-dir.

Xanım Guthrie cənab Williams-la onun ölümündən bir il əvvəl dostlaşıb və Furkat-ı zarafatla «Köpəkbalığı» adlandırarmış.

«The Sunday Telegraph» ictimaiyyət üçün qapalı olan istintaq materiallarından öyrənə bilib ki, xanım Guthrie Ibragimov-un yaxın dostu və biznes partnyorudur. Hətta bir dəfə Williams-dan Furkat üçün saxta diplom düzəltməyi xahiş edib.

MI6 SUSUR

Qəzet yazır ki, «şahid F» adı ilə pərdə arxasından ifadə verən casus-qadın «cənab Williams-ın Qazaxıstandan olan hər hansı şəxslə əlaqələri barədə MI6 məlumatlı olubmu» sualına «təhlükəsizlik mülahizələri» ilə cavab verə bilməyəcəyini deyib.

Furkat Ibragimov-un atası və onun partnyorları Londonda mənzillənmiş Avrasiya Milli Ehtiyatları Korporasiyasının (Eurasian National Resources Corporation - ENRC) əsas səhmdarlarıdırlar. Onlar Qazaxıstan, Afrika və Şərqi Avropada bir sıra mədənlərə nəzarət edirlər.

ENRC-nin ötən ilki gəliri 900 milyon funt sterlinq təşkil edib.

Alijan Ibragimov «Forbes»un zənginlər siyahısında 382-ci yeri tutur və ümumi sərvətinin 1.73 milyard funt sterlinq olduğu bildirilir.

Onun İsveçrədə Sürix gölünün sahilindəki villası da daxil olmaqla, dünyanın bir çox yerlərində malikanələri var.

Alijan Ibragimov «Forbes»un zənginlər siyahısında 382-ci yeri tutur
Alijan Ibragimov «Forbes»un zənginlər siyahısında 382-ci yeri tutur
Onun oğlu Furkat Britaniyanın Virciniya Adalarında qeydiyyatdan keçmiş «Glendesk Overseas» adlı investisiya paketinə nəzarət edir.

Furkat, həmçinin, qardaşları Davron and Dostan-la birlikdə Qazaxıstanın ilk avtomobil yarışları trasının tikintisini aparır. Bu, həmin ralli kompleksidir ki, prezident Nursultan Nazarbayev burada «Formula-1» yarışlarını keçirəcəyinə ümid edir.

Qəzet yazır ki, ötən həftə Londondakı özəl Avropa Biznes Məktəbinin məzunu Furkat Ibragimov Uzaq Şərqdə istirahətdə olduğundan son iddialarla bağlı şərh verməyib.
Xanım Guthrie-nin isə telefonları bağlı olub.

MI6 İLƏ BAĞLI BU İŞ DƏ «QIFILLANA» BİLƏR

Gareth Williams-ın Ibragimov-la əlaqələri istintaqın xətlərindən yalnız biridir.

Başqa versiyalar kimi Gareth Williams-ın seksual maraqları da araşdırma mövzusudur.
Qadınsız yaşayan casusun evindən çox sayda qadın paltarının tapılması belə bir şayiəyə yol açıb ki, o, əks-cinsin paltarlarını geyinməyi xoşlayan birisi olub.

Britaniya elmi ədəbiyyatı bu cür davranışı homoseksuallıqla birbaşa bağlamasa da, əksini düşünənlər də var.

Son günlər bir sıra Britaniya qəzetləri Gareth Williams-ı özünükəndirləmə, özünüqıfıllama kimi texnikaların az qala eksperti kimi təqdim etməyə çalışırlar.

Qəzetlər yazır ki, cənab Williams növbəti cəfəng «seks oyunlarından» biri zamanı çantanın içinə girə, onu bağlaya, qıfıllaya və sonra da boğula bilərdi.

Bu arada istintaqın dəvət etdiyi ekspertlər bu eksperimentdə iştirak ediblər.

Onlar çantanın içinə giriblər, zəncirbəndi dartıblar, di gəl, qıfılı bağlaya bilməyiblər.
Bu ekspertlərdən bəziləri bildiriblər ki, onlar bunu edə bilməsələr də, nəzəri cəhətdən bu mümkün ola bilərdi!

Qəribə nəticədir. Bəlkə də yox…
XS
SM
MD
LG