Keçid linkləri

-
Hər ölkədə siyasətin yerli özəlliklərdən irəli gələn xüsusiyyətləri olur. Bir ölkədəki siyasi proseslər heç bir vaxt başqa ölkədəki ilə identik olmur. Prinsipcə, həmişə fərqli detallar tapmaq mümkündür. Amma ümumi xüsusiyyətlər də çoxdur, çünki bütün siyasi sistemləri bir neçə xarakterik qrupa ayırmaq olar. Elə cəmiyyətləri də birləşdirən cəhətlər az deyil. Onlar biri-birindən əsasən siyasi fəallığın dərəcəsi, siyasi vərdişlərin səviyyəsi, bəzən də dünyəvi dəyərlərə münasibətlərinə görə fərqlənirlər. Bunu əsas götürərək bu və ya başqa ölkədə cərəyan edən siyasi prosesləri təhlil edib müəyyən qənaətə gəlmək mümkündür.

İndi növbəti böyük seçki ilinə qədəm qoyan Azərbaycanın elə bir əlahiddə siyasi özəlliyi yoxdur. Bəli, bu ölkədə özünü ifadə etmək və siyasi aksiyalarda iştirak etmək dərəcəsinə görə öndə gedənlər bilavasitə siyasi mənsubiyyəti olan insanlardır, yəni partiya fəallarıdır. MDB prizmasından baxanda, burada qeyri-adi heç nə yoxdur. Belə ki, əksər ölkələrdə siyasi fəallıq, etirazlar qısamüddətli olur, impulsiv xarakter daşıyır. Sadəcə, bir neçə ölkə var ki, orada siyasi proseslər normal məcraya düşüb. Həqiqətən də insanlar özləri bələdiyyə, parlament və hökumət seçə bilirsə, onlara öz iradəsini diktə edə bilirsə, seçilənlər də öz seçicilərinin iradəsini ifadə edirsə, belə ölkələrdə prinsipcə qeyri-standart siyasi özünüifadə formalarına ehtiyac qalmır.

YAP NƏ İSTƏDİYİNİ BİLİR... BƏS İCTİMAİ PALATA?

Azərbaycanda siyasi fəallıq böyük deyil. Amma insanların bir hissəsi seçkiyə maraq göstərir. Ölkədə normal seçkilər keçirilsəydi, bu vaxta qədər siyasi gündəmi zəbt etmiş problemlər – vahid namizəd məsələsi, siyasi ittifaqların davamlığı və digər məsələlər özü-özünə həllini tapar və beyinləri məşğul etməzdi. Amma nə edəsən ki, ölkə seçicilərinə hələ belə bir şans – siyasi proseslərə seçki məntəqələrində xitam vermək imkanı verilmir. Ona görə də, hər şey «akademik» xarakter daşıyır – seçki də, siyasi ittifaqlar da, elə siyasətin özü də. 10 dekabr aksiyası

10 dekabr aksiyası

Sanki siyasi proseslərin real, pozitiv təcəssümü yoxdur. Onlarla ya idealist dissidentlər, ya da başqa işi-peşəsi olmayanlar məşğul olur. Bu siyasətin xarakteri haqda çox yazılıb.

Hər şey bəsit ssenari içində davam edir. Ən çox təəccüb doğuran da budur ki, bu ssenaridən kənara çıxmaq cəhdləri də çox az müşahidə olunur. İndi siyasət meydanında əsasən hakim Yeni Azərbaycan Partiyası və bir də müxalifətin son illərdə təmsil etdiyi İctimai Palata üz-üzə dayanıb. Qəribəsi budur ki, əsas meyar kimi siyasi ardıcıllığı və müəyyənliyi götürsək, gərək onda üstünlüyü birinciyə verək, çünki bu cinahda baş verənlər insanlara daha aydındır.

Yeni Azərbaycan Partiyası nə istəyir? Daha bir müddət hakimiyyətdə qalmaq, prezident İ.Əliyevi təkrarən, üçüncü dəfə prezident etmək və s. və i. Amma İctimai Palatada bu müəyyənliyi tapmaq çox çətindir. Təbii ki, bunu qismən iki siyasi cinahın düşdüyü real vəziyyətlə də izah etmək olar. Amma İctimai Palatanın bilavasitə özündən, özünün daxili dinamikasından irəli gələn səbəblər də az deyil. Özünün bütün sələfləri kimi, İctimai Palata seçki ərəfəsində böhranlı günlər yaşamaqda davam edir və istisna deyil ki, o, da əvvəlki qurumlar, ittifaqlar kimi özünün fəaliyyətinə ən həlledici məqamda – seçki ərəfəsində xitam vermiş olsun. Ziddiyyətlər bu tempdə inkişaf etsə, onları seçki ərəfəsində cilovlamaq və idarə etmək çox çətin olacaq. Amma başlanğıc çox güclü idi. Elə Palatanın yadda qalan tərəfi də bu oldu – o seçkiyə qədər müxalifətə öz sıralarını bir daha səfərbər etmək imkanı verdi.

HƏR ŞEY ƏVVƏL PLANLAŞDIRILAN KİMİ OLSAYDI…

8 aprel aksiyası

8 aprel aksiyası

Bəli, əvvəl böyük ruh yüksəkliyi vardı. Palata hətta «Demokratiyaya yumşaq keçid»in yol xəritəsini də hazırlamışdı. Amma müxalifət siyasətçilərinin çox tez-tez unutduğu bir məqam var: seçkiyə hazırlığı ona bir il qalmış yox, sonuncu seçki bitəndən dərhal sonra başlamaq lazımdır. Bəs Azərbaycan müxalifətçiləri nə edir? Onlar əsas məsələni-seçki məsələsini arxa plana keçirir, guya ki, həmin məsələlərin qabardılması onların birliyinə xələl gətirir. Bu minvalla bir müddət bir yerdə fəaliyyət göstərirlər, həlledici anda isə ittifaq pozulur.

Bəs onda nə etməli? Birincisi, hər bir siyasi lider lap əvvəldən özünün siyasi iddiasını müəyyən etməlidir: onun seçkiyə namizəd kimi qatılmaq fikri varmı? İkincisi, belə bir fikir varsa, o, sonuncu seçki bitəndən dərhal sonra özünün seçki blokunu – məhz onun namizədliyini müdafiə edəcək siyasi ittifaqı formalaşdırmağa başlamalıdır.

Amma indi nə baş verir? Əməkdaşlıq üçün ittifaq yaranır və cəmiyyətdə belə fikir formalaşır ki, onlar seçkiyə məhz bu ittifaqla gedəcəklər. Amma alınmır, ittifaq dağılır, nəticə isə siyasi apatiya, müxalifətə qarşı inamsızlıq və s. olur.

KİÇİK SÖZARDI

Yuxarıdakı dəlillərdən belə nəticə çıxarmaq olar ki, müxalifət daha bir seçki ərəfəsini əldən buraxdı. Hər bir namizəd lap əvvəldən özünün blokunu formalaşdırmağa cəhd etsəydi, bu, daha effektli olardı. Əməkdaşlıq üçün nəzərdə tutulan bloklar da yaratmaq olar və bu, bir qədər əvvəl dediklərimizlə ziddiyyət təşkil etmir. Amma əvvəldən əməkdaşlıq üçün nəzərdə tutulan bloku sonradan seçki blokuna çevirməyə cəhd edəndə, məhz indiki mənzərə alınır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG