Keçid linkləri

Azərbaycan prezidenti İlham Əliyev Twitter sosial şəbəkəsində fəallığına görə 164 ölkə liderləri arasında 38-ci yerdədir.

“Digital Policy Council” adlı təşkilat dünya ölkələri liderlərinin öz ölkələrinin vətəndaşları ilə necə təmasda olmalarını araşdırmaq üçün hər il 164 ölkədə yerli liderlərin Twitterdəki fəallığını təhlil edir.

Hər bir sıravi istifadəçi kimi ölkə başçısı da öz Twitter səhifəsində tweet deyilən qısa xəbər, məlumat, şərh yaza bilər.

Ancaq yazırmı?

Buna maraq isə böyükdür.

Məsələn, keçən ilki prezident seçkilərində seçkinin gedişi vaxtı Barack Obamanın Twitter səhifəsinə bir qısa tweet qoyuldu: ““daha 4 il”. Bunun yanında isə prezidentin birinci ledi ilə şəkli qoyulmuşdu.

Bu xəbəri hamı bir-birinə ötürməyə başladı və bu qısa məlumat tarixdə yenidən ən çox retweet olunan tweet yazısı oldu.

123 LİDER

“Digital Policy Council” təşkilatının araşdırmasına görə, 164 ölkənin 123-də prezidentlərin və baş nazirlərin Twitterdə hesabı var.

2011-ci ildə 164 ölkədən yalnız 69-da liderləri Twitter hesabı vardı.
2010-cu ildə cəmi 33 ölkənin liderləri öz məlumatlarını Twitterdə bölüşürdü.

CHAVEZ, ABDULLA GÜL

Dünyada Twitterdə ən çox izləyicisi olan ölkə başçısı ABŞ prezidenti Barak Obamadır. Onun 24 milyon izləyicisi var.
O, bir ildə 15 milyon yeni izləyici qazanıb.

2012-ci il prezident seçkiləri ili olduğuna görə Obamanın Twitter səhifəsini onun seçki qərargahı idarə edirdi. Ancaq Obamanın özü də hərdən öz qısa “tweet”lərini - şərhlərini, xəbərlərini yazırdı və öz adının, soyadının baş hərfləri ilə imza qoyurdu.

Dünyada ən çox Twitter izləyicisi olan ikinci lider Venesuela prezidenti Hugo Chavezdir. Onun Twitter səhifəsini 2 milyondan çox adam izləyir.
Keçən il seçki vaxtı hətta 3,8 milyona çatdı.

Ən çətin vaxtlarda- seçkilərdə və yaxud Kubada xərçəng xəstəliyindən müalicə olunanda Chavezin ölkə vətəndaşları ilə əsas ünsiyyət vasitəsi məhz Twitterdir.

“Digital Policy Council”un siyahısında Türkiyə prezidenti Abdulla Gül 3-cü yerdədir. O, adətən tweetləri türk dilində yazır, ancaq ən vacib hadisələr haqda ingilis dilində də tweet qoyur.

2012-ci ildə o, Kaliforniyaya - texnoloji şirkətlərin yerləşdiyi yerə səfər edəndə öz Twitter səhifəsində yazmışdı: “İlk dəfədir ki, Türkiyə prezidenti bura gəlir. Burda bizim həyatımızı dəyişən texnologiya yaranıb”.

Sonrakı yerlərdə gələnlər:
4. İordaniya kraliçası Rania.
5. Rusiyanın baş naziri Dmitri Medvedev.
6. Braziliya prezidenti Dilma Rouseff.
7. Argentina prezidenti Cristina Kirchner.

38-ci yer

Azərbaycan prezidenti İlham Əliyev Twitterdə 2010-cu il iyulun 27-dən fəallığa başlayıb - twitter.com/azpresident.

İlham Əliyevin 2012-ci il dekabrın sonuna 70 min 729 izləyicisi var.

“Digital Policy Council”un araşdırmasında hər bir ölkə lideri ilə yanaşı onun ölkəsinin idarəçilik sistemi də qiymətləndirilir. Çünki araşdırmaya görə, ölkə demokratik olduqca liderin Twitterdəki fəallığı da yüksək olur.

Demokratik ölkədə Twitter siyasətçiyə öz seçicisi ilə danışmağa əlavə imkan verir. Britaniyanın baş naziri Cameron Twitterdə hesab açanda yazmışdı ki, müasir dünyanın verdiyi imkanlardan yararlanıb insanlarla ünsiyyət qurmaq və nə etmək istədiyini insanlara izah etmək istəyir.
Bu, Camerona lazımdır. Çünki son sozü seçici deyir. Totalitar, avtoritar ölkələrdə isə seçicinin fikri ilə hesablaşmaq liderə o qədər lazım deyil.

“Digital Policy Council”un araşdırmasında Azərbaycan “hakimiyyət növü” bölümündə avtoritar rejimlər sırasına salınıb.

Şərhləri göstər

XS
SM
MD
LG