Keçid linkləri

-

Yeri gəldi-gəlmədi o qədər «əcnəbi göydə balonlarla gəzir» dedik ki, axırda əcnəbinin bu əyləncəsinə əngəl yarandı.

Səbəb kifayət qədər sadədir. Balonları və dirijablları göyə qaldıran helium qazının bütün dünyada kəskin qıtlığı yaranıb.

Lakin bunu da bilmək lazımdır ki, heliumun «uşaq şarlarını» doldurmaqdan daha ciddi onlarca başqa funksiyası varmış.

«The İndependent» yazır ki, havadan yüngül olan bu qazın son vaxtlar yaranmış ciddi qıtlığı bir sıra mühüm elmi layihələrin gələcəyini təhlükə altında qoyur.

Qəzet yazır ki, 1996-cı ildə ABŞ özünün milli helium ehtiyatlarını çox ucuz qiymətə satmağa başlayanda, onun dünya bazarlarında izafəsi yaranıb.

Belə bir ehtimal var ki, iri neft şirkətlərinin əksəriyyəti qazçıxarma işləri zamanı yan məhsul kimi ayrılan heliumu toplamaqda o qədər maraqlı olmayıblar.

Bu da qeyd olunmalıdır ki, helium hər qaz yatağından yox, əsasən ABŞ-dakı yataqlardan çıxır.

TƏSİRSİZ QAZIN ELMƏ BÖYÜK TƏSİRİ

ABŞ-ın strateji helium ehtiyatları 2015-ci ilədək satılıb qurtaranda, təkcə Britaniyada milyonlarla dollar dəyəri olan elmi-texniki layihələr həyati materialdan məhrum ola bilər.
Təsirsiz qaz olan və bütün Mendeleyev cədvəlində ən aşağı “qaynama” temperaturuna malik heliumun təchizatında elə fasilələr yaranıb ki, alimlər bu qazdan çox qənaətlə istifadə edilməsinə və onun «ad günü ziyafətlərində rəngarəng şarlar» kimi mənasız istifadəsinə son qoyulmasına çağırıblar.

Cambridge Universitetindən Peter Wothers deyir ki, helium qıtlığı doğrudan da ciddi məsələdir: «Mən inana bilmirəm ki, belə bir qiymətli material şarların doldurulması üçün istifadə edilir».

Alimin fikrincə, əgər heliumdan bundan sonra da mənasız əyləncələr üçün istifadə olunarsa, 30-50 ildən sonra çox ciddi problemlər yarana bilər.

Heliumun qıtlığı daha çox insan beynini maqnit ensefaloqrafiyası (magneto-encephalography - MEG) skannerləri vasitəsilə araşdıran elmi mərkəzləri təsirləndirib.
Bu skannerlərin vaxtaşırı maye heliumla doldurulması lazım gəlir.

Maye helium mənfi 269 dərəcə deməkdir və bu ən mümkün aşağı temperaturdan - «mütləq 0 dərəcə»dən, cəmi dörd dərəcə yuxarıdır.

Ötən il Glasgow, London, Oxford və Cambridge universitetlərində aparılan təhqiqatlar bu qazın qıtlığına görə xeyli əngəllənib.

Oxforddakı İnsan Beyninin Fəaliyyəti Mərkəzinin (Oxford’s Centre for Human Brain Activity) alimlərindən Mark Stokes deyir ki, helium qıtlığı milyonlarla funt sterlinq dəyəri olan avadanlığın aylarla fəaliyyətsiz qalmasına səbəb olur.

Alim deyir ki, bir tərəfdən neft şirkətləri helium qazını toplamırlar, digər tərəfdənsə, ABŞ bütün helium ehtiyatını bazara çıxarıb.

Doktor Stokes inana bilmir ki, belə qiymətli qazın dünya üzrə təchizatının 8 faizi ziyafət və şənliklər üçün şarların doldurulmasına sərf olunur.

Helium planetimizdə həcmlərinə görə ikinci kimyəvi element olsa da, onun çox məhdud hissəsi praktik məqsədlər üçün əldə oluna bilir və bu ehtiyat havaya uçub getdikdən sonra bərpa olunmur.

Bəzi ekspertlər bu qənaətdədirlər ki, heliumdan indiki israfçılıqla istifadə davam edərsə, bu əsrin ortalarınadək onun ehtiyatları iki dəfə azala bilər.

Maye helium infraqırmızı detektorların, nüvə reaktorlarının və aerodinamik boruların soyudulması üçün əvəzsiz vasitədir.

Təkcə onu demək kifayətdir ki, aerodinamik borularda – avtomobillərdən tutmuş, raketlərə, körpülərə və binalara qədər, nə varsa hamısının aşınması prosesi araşdırılır.
NASA heliumdan istifadə etməklə partlayıcı qazları öz kosmik raketlərindən xaric edir.
London Universitetində Neyrotəsvirləmə Mərkəzinin professoru Ray Dolan deyir ki, o, özünün MEG skannerləri üçün pasient sifarişlərini helium kasadlığına görə artıq ötən il dayandırıb.

Professor deyir ki, belə getsə, çox bahalı helium istehsalına investisyalar yatırmaq lazım gələcək.

GÖYDƏ DƏ, DƏNİZİN DİBİNDƏ DƏ, MOBİL TELEFONDA DA LAZIMLI QAZ

Sonda heliumdan istifadənin mühüm olduğu bir neçə sahədən söz açaq.

Bu qazdan dirijabl, aerostat və həmin o «əcnəbi»nin gəzdiyi balonları doldurmaq üçün istifadə edilir.

Helium, xassələri etibarilə hidrogenə çox bənzəyir, lakin təsirsiz qaz olduğu üçün hidrogendən fərqli olaraq partlamır və deməli daha təhlükəsizdir.

Dənizlərin dibinə dalmaq üçün də helium çox mühümdür.

Dalğıcların hava balonlarına helium, oksigen və azotun qarışığı doldurulur.

Bu balonlara adi hava doldurulmur, çünki dalğıc sualtı təzyiq şəraitində adi hava ilə nəfəs alsa, hərəkət edə bilməz, oriyentasiyasını itirərdi.

Əslində helium elə hamımıza, xüsusən də iPhone sahiblərinə vacibdir.

Helium belə mobil telefonlarda istifadə olunan maqnitlərin yarımkeçiricilərinin sərinləşdirilməsi üçün zəruridir.
XS
SM
MD
LG