Keçid linkləri

Təcili xəbərlər

Rusiyasız ilk il


Vladimir Putinin şəkli əks olunmuş Rusiya bayrağı
Vladimir Putinin şəkli əks olunmuş Rusiya bayrağı
-

2013-cü ili əlamətdar edən detallar çoxdur. Bunlardan biri də budur ki, ölkə bu il ilk dəfə olaraq tamamilə Rusiyanın təsiri olmadan yaşayacaq. Adam doğrusu buna çətinliklə inanır, çünki Rusiyanın ölkədən çəkilib getməsi üçün düz 21 il lazım gəldi. Ona görə inana bilmirsən ki, bu gediş həmişəlik olacaq. Düşünürsən ki, Rusiya mütləq nəsə edəcək, özünün sonuncu hərbi bazasının bağlanması haqda qərarına bir daha baxacaq, çünki bu ölkədən çox ziddiyyətli xəbərlər gəlir - şimal ölkəsinin hərbi isteblişmenti gah Qəbələ RLS-in bağlanmasını ölkə üçün itki hesab edir, gah da buna artıq ehtiyac olmadığını bildirir. Qərəz, baş açmaq çətindir. Azərbaycan siyasi elitası isə qəhrəman statusunda görünmək istəmir, çünki onlar üçün hakimiyyətdə qalmaq da az əhəmiyyət kəsb etmir. Ona görə də bütün çıxış və bəyanatlarında Rusiyaya böyük sevgi və ehtiram izhar edirlər. Amma siyasətdə ritorika birinci şəxslər üçün deyil, çünki onlar bütün məsələlərin əsl mahiyyətini bilirlər. Mahiyyət isə sadədir. Azərbaycan bütün mümkün işləri gördü ki, Rusiya bu ölkədəki öz sonuncu hərbi nöqtəsinin fəaliyyətinə yekun vursun. Amma bir məsələ var ki, Rusiyasız ilk il ölkədə prezident seçkisi, özü də elə-belə yox, müddətsiz prezident seçkisi ili olacaq. Bu seçki şimaldan gələn soyuq siyasət küləkləri ilə müşayiət olunmayacaqmı? Burada Gürcüstanda baş verən olaylara oxşar hadisə baş verməyəcəkmi?

ADAMIN ADAMI

Əvvəl belə gümanlar vardı. Gürcüstanda olduğu kimi burada da bir kaset olayı meydana çıxdı. Bu olay bu gün də davam etməkdə, ölkə hakimiyyətini silkələməkdədir. Amma ilkin gümanlar özünü doğrultmadı. Məlum oldu ki, tək bircə kaset azlıq edir, onun hansısa siyasi rezonans doğurması üçün Gürcüstanda olan cəmiyyət burada da olmalıdır, amma təəssüf ki, burada belə bir cəmiyyət yoxdur. İkincisi, Moskvada başlanğıc götürən məşhur «milyarderlər ittifaqı» da «Azərbaycan arzusu» olmağa tələsmədi. Bu təşkilatın başında çox böyük ehtimalla hakimiyyətin yaxın adamı A. Abbasov dayanacaq. O, təxminən iki ay prezident İ. Əliyevin qəbuluna düşməyə cəhd etdi və axırda da buna nail oldu. Qəbuldan sonra prezidentin ünvanına elə təriflər yağdırdı ki, hamı Moskvada ən azı milyarderlərin ifasında ciddi bir hadisənin baş verəcəyinə ümidini tamamilə itirdi. Burada məşhur bir məsəl yada düşür: «gərək adamın adamı olsun!» Bunun elə siyasətə də dəxli az deyil: hakimiyyət çalışır ki, bütün potensial etiraz nöqtələrinə öz yaxınlarını yerləşdirsin və etiraf etmək lazımdır ki, buna nail də olurlar. Bunun səbəbləri haqda çox düşünmüşük. İnsanlar həmişə az müqavimət tələb edən «trayektoriyalar»ı seçirlər. Cəmiyyət zəif olduğundan, hadisələrə nəinki aktiv münasibət, hətta maraq göstərmədiyindən heç kim risk etmək, öz siyasi perspektivini təhlükə altına qoymaq istəmir və elə bu səbəbdən də indiki hakimiyyətə bağlanır. İndiki hakimiyyət isə Qərbdən-Şərqdən nə qədər sıxılsa da, ölkə daxilində güclüdür, proseslərə nəzarət edə bilir. Yalnız demokratik seçkilər, insanlardan izafi səy və əziyyət tələb etməyən demokratik proseduralar ölkədəki vəziyyəti dəyişə bilər. Amma bunun da çarəsi çoxdan tapılıb. Son 19 il hədər getməyib, hakimiyyət səsləri özü bildiyi kimi saymağı və ən başlıcası isə, onları qəbul etdirməyi öyrənib.

Bu hakimiyyət qədər siyasəti ifşa olunan ikinci bir siyasi qüvvəni təsəvvür etmək çətindir. Ölkədə cərəyan edən hadisələr, qalmaqallar başqa bir ölkədə baş versəydi, bunlar böyük istefalar ilə müşayiət olunardı. Amma bu ölkə özünün adət etdiyi ritmdən kənara çıxmaq istəmir: sanki insanlar belə hesab edir ki, böyük siyasət elə belə də olmalıdır…

MAJOR BAŞLANĞIC, MİNOR SONLUQ

Protest elektoratına gəldikdə isə, bu siyasi vektor son illərdə hiss olunacaq dərəcədə böyüməsə də o, hər halda var. Amma alternativ siyasət strukturları onları tamam səfərbər edə bilmir, çünki özünün bir qüsuru var: onlar siyasi əməkdaşlığa bir qayda olaraq major notlarla başlayıb, onu minor notlarla bitirirlər. İndi alternativ siyasəti daha çox İctimai Palatada birləşən siyasi qüvvələr təcəssüm etdirir. Amma bu təşkilatın özünün perspektivi bir qədər mübahisəlidir, çünki Palata daxilində əsas siyasi vektorlardan biri artıq prezident seçkilərinə özünün namizədini irəli sürməklə digərlərini sual qarşısında qoydu. Bu mənzərəyə baxanda adamın yadına çox məşhur bir qısametrajlı film düşür. Onun adı «Rəqiblər» idi…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG