Keçid linkləri

-

ABŞ-ın NASA kosmos agentliyinə məxsus «Kepler» süni peyki aşkar edilmiş bəzi yeni planetlərin öz ulduzlarına nisbətən həyatın mövcudluğuna imkan verən orbitdə olduğunu müəyyən edib.

Başlıca funksiyası Günəş sistemindən kənardakı planetləri tapmaq olan «Kepler» peyki ümumilikdə, qalaktikamızda 461 yeni planet barədə məlumat verib.

«Kepler»in göndərdiyi məlumatın təhlili göstərir ki, kainatın «Süd Yolu» və ya «Saman Yolu» kimi tanınan hissəsində Yer ölçüsündə olan 17 milyardadək planet öz ulduzları ətrafında fırlanır.

Media alimlərə istinadən yazır ki, bu planetlərin bəzisində maye suyun və bəlkə də həyatın mövcud ola biləcəyi ehtimal edilir.

Amerika Astronomiya Cəmiyyətinin (American Astronomical Society) bu həftə Kaliforniyada keçirilmiş iclasında bəyan edilib ki, «Kepler»in son kəşfləri Günəş sistemi xaricindəki potensial planetlərin sayını 2740-a çatdırır.

«Kepler» müntəzəm olaraq 150 min ulduzu müşahidə edir. Ara-sıra süni peyklə həmin ulduzlar arasına «nəsə» daxil olur və Kepler ulduzu bir müddət itirir. Astronomlar həmin o «nəsənin» uzaq planetlər olduğunu söyləyirlər.

YER ORBİTİNİ XATIRLADAN PLANETLƏR VAR

Uzaq günəşlərin «tutulması» müddətləri üzərində qurulmuş araşdırmalar görünməyən planetlərin ölçüsü və çəkisini hesablamaq imkanı verir.

Kepler

Kepler

Son məlumatları «Kepler» 2009-cu ilin mayından 2010-cu ilin martınadək Yerə ötürüb.
İndi 2013-cü ildir və bu faktın özü göstərir ki, astronomlar kosmik məlumatları necə uzun müddətdə və necə diqqətlə təhlil edirlər.

«Kepler» missiyasındakı alimlərdən biri, Steve Howell bildirir ki, aşkar olunmuş bəzi kiçik planetlərin orbiti Yerin orbitini xatırladır.

«Bizim Yerin analoqunu tapa bilib-bilməyəcəyimiz artıq sual deyil. Sual onu nə vaxt tapa biləcəyimizdir», astronom deyir.

Alimlərə görə, «Kepler»in tapdığı səma cisimlərinin doğrudan da planet olmasının son təsdiqi üçün teleskopları olan başqa süni peyklərin də məlumatları tutuşdurularaq öyrənilməlidir.

Harvard-Smit Astrofizika Mərkəzindən (Harvard-Smithsonian Centre for Astrophysics) Francois Fressin deyir ki, «qalaktikamızda 100 milyard ulduz var və onların təxminən 17 faizinin ətrafında yer ölçülü planetlər dövrə vurur».

Alimin fikrincə, bu o deməkdir ki, qalaktikada bizim Günəşə bənzəyən ulduzların demək olar ki, hamısının planetləri vardır.

Fressin bildirir ki, Yerə bənzəyən planetlərin tam orbital müddəti müxtəlifdir. Yəni elə planetlər var ki, orada 1 il cəmi 85 gün çəkir, elə planetlər də var ki, bir ili 150 gündür.

Şərhləri göstər

XS
SM
MD
LG