Keçid linkləri

-

Bəzən cari məsələlər adamı böyük hadisələrdən uzaqlaşdırır. Bu günlərdə yadıma düşdü ki, bu il həm də başqa bir aspektdən maraqlıdır – 2013-cü ildə məşhur Gülüstan müqaviləsinin imzalanmasının nə az, nə də çox, düz 200 ili tamam olur. Bəli, 200 il bundan əvvəl Azərbaycan ilk dəfə olaraq bölündü və böyük imperiyanın əsarəti altına düşdü. Amma həmin hadisəyə ətraflı və tarixi şərh vermək fikrim yoxdur. Bu iki yüz ildə yaxşı şeylər də çox oldu, pis şeylər də – şər şey göz önündədir, o tərəfə də baxmaq olar, bu tərəfə də. Di gəl ki, əsarət əsarətdir, imperiya imperiyadır, hətta ən yaxşı imperiya belə adamın öz dövlətinin, öz milli müstəqilliyinin yerini verə bilməz. Burada başqa bir məsələ daha çox maraq kəsb edir: İndi nədən beləyik? Niyə uğursuzluq və acizlik zolağından çıxa bilmirik? Niyə bir işi başlaya bilmirik, başlayanda da bitirməyə çətinlik çəkirik?
Burada başımızın üstünə Xudayar, Qurbanəli kimi bəyləri qoydular. Onlar bizdən də savadsız, bizdən də aciz idilər, başlarını pristavın itinə «molodes sobak» deməklə girələyirdilər.

200 il bundan əvvəl bizim üçün bir fərd və bir millət kimi inkişaf çevrəsi cızıldı, azı 170 il həmin çevrəni adlamaq yasaq olundu. Özümüzü idarə etmək vərdişlərini tamam unutduq, «yuxarı»lara, əvvəl Peterburqa, sonra da Moskvaya ərizə göndərən millətə çevrildik. Burada başımızın üstünə Xudayar, Qurbanəli kimi bəyləri qoydular. Onlar bizdən də savadsız, bizdən də aciz idilər, başlarını pristavın itinə «molodes sobak» deməklə girələyirdilər. Uşaqlarımızı Avropa kimi yerlərə oxumağa göndərmək əvəzinə bir dərvişə bir-iki manat verib Parisi partlatdıq, özümüz də ziyarətə getmək arzusu ilə qovrulduq, amma gedə bilmədik, çünki Xudayar bəy yeganə ulağımızı aparıb Tbilisidə satdı, bizi tamam piyada qoydu. Uşaqlarımız «şkol»da oxumaq, deyib-gülmək, atılıb-düşmək əvəzinə Məmmədhəsən kişinin oğlu kimi ulağın xiffətindən çərləyib öldü. Bu illər ərzində özümüzü müdafiə etməkdən yadırğadıq. Ona görə də bu gün təəccüblü deyil ki, torpaqlarımızın düz 20 faizi əsarət altındadır.

İ. Şıxlının Cahandar ağası kazaklarla atışıb qoruq uğrunda öldü, çünki o, fikirləşirdi ki, bu qoruq onunkudur. Amma bu hissi sonradan millətin şüurundan sildilər, artıq o, torpağa da özününkü kimi baxmırdı. Düşünürdü ki, torpağı da onun üçün Peterburqda və yaxud da Moskvada oturan «böyük qardaşlar» qorumalıdır. Savadı da çarın və ya baş katibin əmrlərini oxumaq üçün öyrəndik, yaratmaq üçün savadlanmadıq. Beləcə, 200 il sovuşdu.

Amma bir hiss bir qədər yüngüllük gətirir ki, tək deyildik, bizim günümüzdə olan neçə millət vardı. İndi onların da böyük qismi azaddır. Amma onlarınkı da heç gətirmir, heç bir işi axıra çatdıra bilmirlər, lap bir rus mahnısında deyildiyi kimi: «Sanki anaları onları bazar ertəsi doğub…». Fəqət, keçmiş də keçmişdir, onun da əsirinə çevrilmək olmaz, sadəcə əsir millət olduğumuzu gərək unutmayaq. İstinad nöqtəsi də bu olmalıdır. 200 ildən cəmi 24 il öz əlimiz, öz başımız olub. 176 il isə əlimiz bağlı olub. Ona görə də kimlərsə tələsəndə, millətin inkişaf sürətindən gileylənəndə demək istəyirsən ki, bir dayan, səbr et, gör, bu millət haradan gəlib hara çıxıb?! Tədricən hər şey öz yerini tutacaq, Məmmədhəsənlər də, lap elə Xudayarlar da çəkilib gedəcək. Nə etmək olar ki, bu millət idarə etməyin, qulluğun yalnız Xudayar bəy, Qurbanəli bəy formasını görüb?
200 ilin 176-sı tamam əsarət dövrünə təsadüf edir. Bunun 105 ili Romanovların vaxtına, qalan 71 ili isə kommunistlərin dövrünə təsadüf edir. Qalır 24 il...

VARLILAR DA AĞLAYIR?

Qəribədir ki, ruslar özləri də gileylənirlər, özləri də axtarırlar ki, görsünlər, başqa cür olmağın yolları varmı? O gün oxudum, bir rus yazarı yazırdı ki, indi nə edək, axı, biz 300 il imperiya kimi mövcud olmuşuq? Bir detala fikir vermisinizmi? Hətta «Azərbaycan millətçisi» ifadəsi «rus millətçisi» ifadəsindən daha məzmunlu, daha anlaşıqlı görünür! 300 ildə Rusiya metrik – coğrafi baxımdan böyüdü, amma milləti kiçildi. Əvvəldə bir ifadə yazdım: «başqa cür olmaq»… Onlar istəyirlər, amma bacarmırlar, çünki coğrafiyanın əsirinə çevriliblər. Biz də başqa cür olmaq istəyirik, olacağıq da – mənim buna zərrə qədər şübhəm yoxdur. Amma ruslar üçün çətin olacaq-böyük ölkə, böyük mədəniyyət və passionarlığını itirmiş etnos…

KİÇİK SÖZARDI

Əvvəldə yazdım ki, 200 ilin 176-sı tamam əsarət dövrünə təsadüf edir. Bunun 105 ili Romanovların vaxtına, qalan 71 ili isə kommunistlərin dövrünə təsadüf edir. Qalır 24 il…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG