Keçid linkləri

-

Müxalifət partiyalarından birinin funksionerlərinə qarşı törədilən hərəkət yadıma bir fikri saldı: cinayət haqqında yalnız danışılırsa, deməli o, icazəlidir…Əslində bu, birinci hadisə deyildi. Çoxdandır ki, müxalifət partiyalarının liderlərinin əyalətlərə baş çəkməsinə, orada öz görüşlərini keçirməsinə imkan verilmirdi. Güman etmək olardı ki, bu il seçki ilidir və əvvəlki illərə nisbətən siyasi mühit azca mülayimləşəcək.

Amma hakimiyyət seçki dövrünü yalnız dəqiq zaman sərhədləri hüdudunda təsəvvür etməyə cəhd edir və üstəlik, məlum deyil ki, qanuni seçki vaxtında müxalifətə yerlərdə öz təbliğatını aparmağa imkan veriləcək, ya yox? 2010-cu ildə parlament seçkisi zamanı çox maraqlı fənd işlətdilər. Müxalifət partiyalarını efirdən məhrum etdilər və hakim partiya da guya özü könüllü şəkildə efir hüququndan istifadə etmədi. Məsələ bundadır ki, hakim partiyanın efirə elə bir ehtiyacı yox idi, çünki onların təbliğatı hər gün gedir. Ona görə də seçki ilə bağlı bir sıra müxalifət partiyalarının optimizmini bölüşmək bir qədər çətindir. Onlar bir məsələdə haqlıdır ki, 2013-cü il siyasi baxımdan gərgin keçəcək. Amma bu gərginlik özünü necə təzahür etdirəcək və hansı siyasi nəticələrə gətirib çıxaracaq – məsələ bundadır…

Bir neçə gün bundan irəli Bakıda əsgər ölümlərinə etirazla bağlı keçirilmiş ictimai aksiyadan prinsip etibarilə uzağa gedən nəticələr də çıxarmaq olar. Burada hətta məşhur Quba hadisələrini də xatırlamaq mümkündür. Bu iki hadisə cəmiyyətin etiraz potensialının göstəricisi sayıla bilər. Amma onları həm də siyasi mentalitetin ifadəsi kimi qəbul etmək də mümkündür. Hər iki aksiya əsasən ictimai zəmində baş verdi - cəmiyyət etirazların motivini bu dəfə özü müəyyənləşdirməyə cəhd etdi. Hadisələrdə yenilik nədən ibarətdir? Bu vaxta qədər belə hesab edilirdi ki, ölkədə azsaylı protest elektoratı var və onlar daha çox siyasi müxalifətə bağlıdır. Hətta bir neçə dəfə hakimiyyət elitasının ayrı-ayrı nümayəndələri bildirmişdilər ki, onların cəmiyyətlə heç bir problemi yoxdur, problemi yalnız ənənəvi müxalifət və onu dəstəkləyən kiçik protest qrupu yaradır. Amma son olaylar göstərdi ki, cəmiyyətə bir qədər geniş aspektdən baxmaq lazımdır. Etiraz ruhu kiminsə inhisarında deyil, o, cəmiyyətin çox kəsimlərini əhatə edir və ölkədə demokratik seçki keçirilsəydi çox maraqlı nəticələrlə üzləşmək olardı. Sadəcə, bu prosesləri donduran odur ki, ictimai rəyin adekvat seçki ifadəsi yoxdur, insanların iradəsi öz ifadəsini azad seçkilərdə tapa bilmir. Bəlkə seçki mühiti dəyişsə «Kim kimdir?» və «Cəmiyyət kimi daha çox müdafiə edir?» suallarının da cavabı verilər. İndisə ortalıqda sübuta böyük ehtiyacı olan siyasi iddialar görürük və bu iddialar arasında bəzən seçim etmək o qədər çətinləşir ki, adam öz etirazını ümumi etinasızlıqla bildirmək istəyir.

BU ÖLKƏDƏ İCTİMAİ RƏYİ, ÜMUMİYYƏTLƏ, ÖYRƏNİRLƏRMİ?

Bu suala ölkənin hətta ən sanballı sosioloqları da cavab verməyə çətinlik çəkər. Prinsip etibarilə, əgər 20 il idarə ediblərsə, deməli hansısa formada ictimai rəydən xəbərdardırlar. Amma hansı formada? Güman etmək olardı ki, ölkədə xidməti sorğular keçirilir. Amma onlar keçirilsəydi bundan hansısa formada xəbər tutmaq olardı. Bir ara ölkədə ictimai sorğular keçirən mərkəz və qruplar vardı. İndi belələrini tapmaq çox çətindir. Bir çox təşəbbüs qrupları bu işə tələbat görmədiklərindən onunla məşğul olmağa son verdilər. Hətta adam bunları düşünəndə çaşıb qalır. Ölkədə sərt avtoritar üsul-idarə hökm sürür. Onun cəbr aparatları ildən-ilə gücləndirilir. Bütün bunlar hansı siyasi mülahizələrə əsaslanır? Hakimiyyət siyasətini necə korrektə edir? Bircə çıxış yolu qalır ki, birdəfəlik etiraf edəsən ki, siyasət yalnız müxtəlif güc strukturlarının əməliyyat məlumatları əsasında qurulur. Başqa bir fərziyyə düşünmək çətindir. Sovetlərin vaxtında hətta elmi işlərin, dissertasiyaların xidməti möhürü, qrifi olurdu, bəzi işlərlə yalnız buna girişi olan adamlar tanış ola bilirdilər. İndi xoşbəxtlikdən belə praktika yoxdur. Amma sual yenə də gücündə qalır: hakimiyyət ictimai ovqatdan necə xəbər tutur?

SUÇ VƏ CƏZA

Yox, narahat olmayın, sizi məşhur roman haqqında qəliz mülahizələrlə yormayacam. Sadəcə, məşhur bir fikri yada salacam. Deyirlər ki, dövlət iki halda tənəzzül edir: cəza var, cinayət yoxdur və cinayət var, cəza yoxdur! Bir az əvvəl, yazının başlığında da buna oxşar fikir qeyd etmişdim. İndi ölkədə cinayət var, amma cəza yoxdur və yaxud da azdır. Eləcə də cəza var, amma ortalıqda dəqiq sübuta yetirilmiş, əsaslandırılmış cinayət yoxdur. Bunları indi nəzərə almırlar və unudurlar ki, bir vaxt çox sevdikləri və əvvəlki hakimiyyətləri gözdən salmaq üçün tez-tez dedikləri əsl «bespredel» də elə budur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG