Keçid linkləri

-

(«Müsavat»çılara daş atan Lənkəran qadınlarına)

Azərbaycan tarixində daşın öz yeri, öz xüsusi çəkisi var.

«Daş-qalaq» etmək ifadəsini xatırlayaq.

Təsəvvür edin, keçənlərdə suç işləyən adamı meydana gətirib daş-qalaq edərmişlər.

Bu cəzadan can qurtarmaq olardımı?!

Və ya xoşlanmadıqları, hərəkətini bəyənmədikləri adamlara aşkarda-gizlində daş atarmışlar.

Klassiklərimiz - Həsən bəy Zərdabi, Sabir, Mirzə Cəlil belə daşlardan çox görüb…

Həsən bəy XIX əsrin 70-ci illərində ömür yoldaşı üzüaçıq (!) Hənifə xanımla İçərişəhərdə gəzməyə çıxanda daşlanarmış...

Min hoqqadan çıxan qaragüruh üzüaçıq qadının küçədə dolaşmasını namusuna sığdıra bilməzmiş.

Zərdabiyə bir dəfə də (bir dəfəmi?) elə gözəlim Qarabağdan daş atıblar.

Sözlə-həcvlə. Onda böyük Həsən bəy yazıb:

«Fikrim budur ki, Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub üstündə zikr olunan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm».

O daş Zərdab kəndində hələ də qoyulmayıb...

«SƏNİ SEVDİKLƏRİN DAŞ-QALAQ EYLƏR!»

Həsən bəy Zərdabi və Hənifə xanım

Həsən bəy Zərdabi və Hənifə xanım

Azərbaycan poeziyasında da daş mövzusu zaman-zaman aktuallaşıb.

Sabirin «Daş qəlbli insanları neylərdin, İlahi» misralarını kim bilmir?

Və ya Ramiz Rövşənin «Səni sevdiklərin daş-qalaq eylər!» şeiri dillər əzbəridir:

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?!


Qeyri-ixtiyari şeiri söyləməyə davam edirəm:

Silərsən gözündən axan yaşları
Öpüb-əzizlərsən sən o daşları.
Deyərsən: «Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!»


Bəs:

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan Tanrı sənə,
Bir ev tikib saray eylər»
- misrasını necə unutmaq olar?..

DAŞ HEYKƏL

Daş yenə gündəmdədir.

Bu dəfə «qəmbər» elə Qəmbərə dəyib.

Səbəb, bilirsiniz, nədir?

Zərdabiyə atılan daşa hələ heykəl qoyulmayıb!

Özü bunu gerçəkləşdirə bilmədi. Amma yazdı və bunu Həsən bəyin vəsiyyətlərindən biri kimi də qəbul etmək olar.

Bəlkə yığışıb öz pul-paramıza Zərdab kəndində bir «Daş heykəl» ucaldaq?

Sizcə, «qəflətdə yatan nadanları» daş heykəl ayıldarmı?

Bəs daşdan möhkəm nə var dünyada?

Şərhləri göstər

XS
SM
MD
LG