Keçid linkləri

-

Rəşid Hacılı, Media Hüququ İnstitutunun direktoru


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) toplaşdığı Avropa Sarayının ikinci mərtəbəsindəki kafedə oturmuşuq. Çoxsaylı gərgin söhbətlərə ara verib nəfəsimizi dərməyə, düşüncələrə varmağa macal tapmışıq. Günortadan sonra Azərbaycanla bağlı iki hesabat və qətnamə müzakirə olunacaq: 1. Azərbaycanın insan haqları ilə bağlı öhdəliklərini yerinə yetirməsinin durumu; 2. Azərbaycanda siyasi məhbuslarla bağlı durum.

Daha sonra səsvermə keçiriləcək. İndi burda səsvermələrin necə sonuclanacağı barədə güman və arzularımızı bölüşürük. Azərbaycandan olan deputatların da, onların köməkçilərinin də, hüquq müdafiəçilərinin də çoxu ətrafdakı masalarda qızğın söhbətdədirlər. Hamı öz istəkləri üçün çalışmaqdadır. Hökumətin «desantı» qat-qat çoxsaylı və güclü kimi görünür.

Eyni ölkədən, eyni şəhərdən gəlsək də, bir-birimizlə mehriban salamlaşıb görüşsək də, arzu və gözləntilərimizin çox fərqli olması, əslində bir-birimizə qarşı çalışmağımız üzücü hisslər doğurur. Həm Monitorinq Qrupunun, həm də Strasser-in hesabatı keçərsə, hökumət bunu məğlubiyyət, hüquq müdafiəçiləri hətta qələbə kimi bayram etməyə hazırlaşır. Və ya əksinə.

Çoxsaylı görüşlər, məlumatlandırmalar, hökumətimizin lobbiləriylə debatlarımız arxada qalıb.

Həmişə olduğu kimi, Azərbaycanla bağlı problemləri ifadə edən qətnamələrə Ermənistan deputatları həvəslə dəstək verməyə çalışırlar. Hətta adam istəyir desin ki, «gedin, öz dərdinizə qalın».

Hökumətdən olan bəzi dostlarım bunu əsas gətirib deyirlər: Baxın, Strasser-in hesabatını ermənilər necə dəstəkləyəcək.

Belə çıxır ki, bizim dəstəklədiyimizi erməni nümayəndələri dəstəkləyirsə, biz geri çəkilməli, bu hesabatın əleyhinə çıxmalı, hökumətin mövqeyini dəstəkləməliyik.

Sual edirsən ki, yaxşı, tutaq ki, Avropa Şurası bizi sevmir, ermənilər heç sevmir, Strasser bizim hakimiyyətimizə qarşı qərəzlidir. Yaxşı, bir anlığa biz də olduq sizin tərəfdə. Bəs siyasi motivlərlə həbsdə yatan vətəndaşlarımız necə olacaq?

Əvəz Zeynallını bir şübhəli diktofon yazısına görə həbsə atıb, Gülər Əhmədovanı qosqoca videoda görünən milyonlarla rüşvətə baxmayaraq azadlıqda saxlayan, bəyəm, Strasser-dir? Bəyəm, Quba jurnalistlərini icra başçısının təhqirləri olan lenti yaymaqda ittiham edib, 10 aydır həbsxanada çürüdən erməni nümayəndələridir? Yoxsa, uzun müddət həbsdə saxlansalar da, siyasi opponentləri (məsələn, Fərhad Əliyevlə Əli İnsanovu) cəzadan şərti azadetmə əsasında da azadlığa buraxmaq istəməyən hökumət deyil, Avropa Şurasındakı hökuməti sevməyənlərdir?

Kimdir, sadəcə, etiraz cəsarətinə görə neçə-neçə qubalını, Binə bazarında işləyənləri, başqalarını tutub həbsxanalara dolduran, tənqidi rəylərinə görə adamları döyən, təhqir edən, həbsə atan? Avropadan gələnlərmi, QHT-lərmi, Azərbaycana düşmən olanlarmı?...

Bir anlığa düşündüm ki, yaxşı, geri çəkilək və bunları deməyək.

Bəs sonra nə olsun?

Biz bu dərdləri ölkəmizin içində, özümüz müzakirə etməyə qadirikmi? Bir-birimizi anlamağa, birgə yol axtarıb evimizin içində ədalətsiz və qanunsuz saydığımız bu məsələlərə özümüz son qoya biləcəyikmi?

...Yoxsa, susmağımızı rica etməyin, dostlar!

Şərhləri göstər

XS
SM
MD
LG