Keçid linkləri

Təcili xəbərlər

Savaş nəfəsli ay


Arxiv foto
Arxiv foto
-

Ermənistanın Azərbaycanın işğal olunmuş Xocalı rayonunda tikdirdiyi aeroport mövzusu bir müddətdir ki, siyasi gündəmin başlıca məsələlərindən birinə çevrilib. Problemin bu yaxınlarda xarici işlər nazirlərinin görüşündə çözüləcəyi deyilsə də, narahatlıq çəkilmir, çünki Ermənistan tərəfi uçuşlara başlayacağını, Azərbaycan isə təyyarələrin vurulacağını deyir. Həm də işğal olunmuş ərazidə aeroportun tikilməsi onsuz da gərgin olan münasibətləri bir az gərginləşdirmək üçün atılmış addım hesab edilir. Ortalıqda tək aeroport məsələsi olsaydı bəlkə də buna bir çarə tapmaq olardı, amma Ermənistan işğal olunmuş əraziləri həm də sürətlə məskunlaşdırmaqla məşğuldur. Bu ölkənin hətta prezident seçkisi ərəfəsində olması belə, onu bir anlığa da Qarabağ məsələsindən uzaqlaşdırmır. 2012-ci ildə problemlə bağlı cəmi bir yüksək görüş keçirildi. Bundan sonra siyasi təmaslara fasilə verildi. Ehtimal olunurdu ki, yeni Rusiya hakimiyyəti əvvəlki illərdəki təşəbbüsü davam etdirəcək. Amma bu, baş vermədi. Əvəzində isə bölgənin hərbi-siyasi teatrını dəyişmək üçün addımlar atılmağa başlandı. Hətta belə təəssürat yaranır ki, Ermənistan özünün siyasi təxribatları üçün zamanı bir o qədər də təsadüfən seçməyib…

RUSİYA GEDİR, YOXSA QAYIDIR?

Bəli, məqam həqiqətən də təsadüfən seçilməyib. 22 ildən sonra Azərbaycan Rusiya ilə hərbi əməkdaşlığına, nəhayət ki, nöqtə qoyub. Bu addım isə alqışlanmaqla bahəm, həm də potensial təhlükə mənbəyi kimi qeyd edildi. Güman etmirik ki, onun təhlükəli məqamları hakimiyyət dairələrində tam şəkildə təsəvvür olunmur. Yox, hakimiyyət nəyin baş verdiyinin fərqindədir. Elə ona görə də qəhrəman qismində görünməyə tələsmir və öz məmurlarının çıxış və bəyanatlarında Rusiya ilə əməkdaşlığın hələ bundan sonra «möhtəşəm səhifə»sinin açılacağına işarə vurur. Amma bu belədirmi? Əsla. Rusiya Azərbaycanın bütün qazını almaq iddiasında idi. Artıq bu, real görünmür və bu səhifəni çevrilmiş hesab etmək olar. Üstəlik, Rusiyanın ölkədə hərbi iştirakına da son qoyuldu.

Ermənistan indi bu məqamdan maksimum yararlanmağa cəhd edir, sanki Rusiyanı ilk dəfə kəşf edib. Bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda hərbi akademiyasının açılması haqda da qərar qəbul edildi. Rusiya tərəfi mütəmadi olaraq Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə neytral mövqe tutmayacağına işarə edir. Həm də bölgədə iştirakla bağlı Rusiya Gürcüstana da bir ümidlə baxır. Davosda iki ölkənin baş nazirləri arasında ilk ayaqüstü söhbət oldu. Amma güman ki, gələcəkdə Cənubi Qafqazın geosiyasi arxitekturası məhz indiki şəkildə qurulacaq və Ermənistan böyük bir ehtimalla Rusiyanın Cənubi Qafqazda əsas və yeganə forpostu kimi qalacaq. Beləliklə, 150 il bundan əvvəl başlanmış Qafqaz uğrunda müharibə hələlik diplomatik dəhlizlərdə davam edir. Bəlkə də Ermənistan onu bu dəhlizlərdən kənara çıxarmaq istərdi, amma xoşbəxtlikdən heç də hər şey ondan və onun əsas geosiyasi müttəfiqindən – Rusiyadan asılı deyil…

BOŞALMIŞ GEOSİYASİ YERİ KİM TUTACAQ?

Azərbaycanın və eləcə də Gürcüstanın Qərbin qapılarını döyməsi üçün ciddi əsasları var, çünki Cənubi Qafqazda kimin kim olması indi daha aydın görünür. Zənnimizcə, bu vəziyyətdən ilk növbədə ABŞ müəyyən nəticələr çıxarmalıdır. Ermənistan hər iki dövlətin – həm ABŞ-ın, həm də Rusiyanın dəstəyindən yararlanır. Amma elə bir vaxt yetişib ki, ABŞ siyasətçiləri öz erməni əsilli seçicilərinə Ermənistanın geosiyasi seçimi haqda iradlarını bildirməlidirlər. Azərbaycana gəldikdə isə o, indiki vəziyyətdə Ermənistanın Rusiya ilə yaxınlaşmasını Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsi, NATO ilə təmasların sıxlaşdırılması hesabına kompensasiya edə bilərdi. Amma edəcəkmi? Təəssüf ki, Qərb Azərbaycanın hakimiyyət dairələrini ehtiyatlandırmaqda davam edir.

Əsas maneə də həmişə olduğu kimi dəyərlər məsələsidir. Azərbaycan hakimiyyəti siyasətdə özünün arxaik, hətta feodal dəyərlərini qoruyub saxlamağa cəhd edir. Həm də artıq bir qədər əvvəldə qeyd etdiyimiz kimi, hakimiyyət dairələri qəhrəman qismində görünmək istəmir, öz hakimiyyətləri üçün riskləri artırmağa bir o qədər can atmırlar. Amma Davosda maraqlı bir siyasi ştrix oldu. İ. Əliyevdən müsahibə götürən jurnalist sonda ona bir vərəq uzatdı. Vərəqdə Qərb və ABŞ qeyd olunmuşdu və jurnalistin xahişi ilə İ. Əliyev bu ölkələrin iqtisadiyyatları arasında seçim etməli idi. O, seçimini etdi və ABŞ iqtisadiyyatını göstərdi. Amma əsas bu deyil. Odur ki, vərəqdə Rusiya, ümumiyyətlə, yox idi. Düzdür, söhbət iqtisadiyyatdan gedirdi, amma bəzən iqtisadiyyat elə dövlətin siyasi çəkisini də müəyyən edir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG