Keçid linkləri

-

DAVAMI OLACAQMI?

Düşünmək olardı ki, Avropa Şurasında siyasi məhbuslarla bağlı qərar qəbul etmək cəhdi uğursuzluğa düçar olandan və yerli hakimiyyət bu dəfə prosesdən qalib çıxandan sonra onların məsələyə marağı bir qədər azalacaq. Amma Azərbaycanı Şurada təmsil edən deputat S. Seyidov özü də etiraf etdi ki, bu, hələ son demək deyil, ola bilsin, bir müddətdən sonra məsələyə yenidən qayıdılacaq və o, bir daha müzakirə predmeti olacaq. S. Seyidov haqlı idi. Amma onun bu marağı izah etmək üçün gətirdiyi arqument çox mübahisəlidir: deputat əvvəllər olduğu kimi yenə də siyasi məhbus problemini qondarma məsələ hesab edir və bunu Azərbaycanı istəməyən dövlətlərin məkrli münasibətinin təzahürü kimi təqdim edir. Burada S. Seyidovla mübahisə açmaq olar, çünki Avropa Şurasındakı son müzakirələr ölkə telekanallarında hələ də batalist çalarlarla təsvir edilməkdədir. Ölkəni Şurada təmsil edən və «xalq düşməni» C. Strasser-in (K. Ştrasser) məkrli planlarının qarşısını alan deputatlar isə əsl cəngavərlər kimi təqdim edilməkdə davam edir.

Amma bu, hamısı deyil. İş o yerə çatıb ki, bəzi yerli hüquq müdafiəçiləri Avropanın ən demokratik ölkələrində insan haqlarının vəziyyətini araşdırmağa başlayıblar. Maraq insana çox şey diktə edə bilər. Amma Avropa ölkələrində demokratiyanın və insan haqlarının vəziyyətini araşdırmaq istəyi təkcə adi marağın təzahürüdürmü?

Bəri başdan deyək ki, dünyada demokratiyanın vəziyyəti və onun gələcəyi çox adamı narahat edir. Belə olmasaydı «Azadlığın gələcəyi» kimi bestsellerlər meydana çıxa bilərdimi? Amma nədən bu maraq ilk növbədə Almaniya istiqamətinə yönəlir? Səbəb sadədir. Rəsmi Bakının Almaniya ilə problemləri var və bir müddətdir ki, hakimiyyət dairələri bu ölkənin müxtəlif dərgilərində kəskin tənqid olunur. Həm də ona görə ki, siyasi məhbus problemi üzrə məruzəçi Almaniya deputatı idi. O ki qaldı Avropanın qürubuna, hələ ötən əsrin əvvəlində eyni adlı kitab da çıxmışdı. Amma ötən əsrdə Avropa çox mürəkkəb bir dövr, hətta müharibələr yaşasa da sonda sınaqdan qalib kimi çıxa bildi. İndi də əminliklə demək olar ki, dünyanın bu kəsimi onun qapısını kəsdirmiş qlobal iqtisadi böhranı da dəf edə biləcək. Avropa ilə üçüncü ölkələr, o cümlədən də Azərbaycan arasındakı fərq nədədir? Bir dəfə oxumuşdum ki, BMT-nin üçüncü ölkələrdən olan müşahidəçiləri hətta müharibənin viran qoyduğu keçmiş Yuqoslaviyaya bərəlmiş gözlərlə baxırlar. Bax, fərq bundadır. İnsan heç vaxt sağlam düşüncə tərzini və reallıq hissini itirməməlidir. Heç nəyi ehkam kimi qəbul etmək lazım deyil, amma hər şeyə şübhə etmək də yaxşı əlamət deyil.

PROBLEMLƏRİN DƏ QOCASI VƏ CAVANI OLURMU?

Belə çıxır ki, olur. Azərbaycanda siyasi məhbus problemi özünün on ilini çoxdan adlayıb. Hər dəfə bu problem meydana çıxanda yazırıq ki, onun kökünə baxın. Bəli, bu gün səksən və yaxud da yüz nəfəri azad etmək olar və lazımdır da. Amma sabah yenidən səksən nəfər siyasi məhbus meydana çıxmayacaqmı?

Təcrübə göstərdi ki, Avropa Şurasının öhdəliklərə nəzarət mexanizmləri bir qədər zəif icra olunur, çünki on ildən artıq müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyəti reallıqda demokratik siyasi sistem deyil, psevdo-demokratiya qazanıb. Bu sistem üzərinə demokratik «pərdə» çəkib, əslində isə hər şey tərsinədir. Bunu sübut etməyə çalışanlara da bir qədər şübhə ilə yanaşırlar, guya ki, onlar hansısa özəl siyasi maraqlardan çıxış edirlər. Bu müddət ərzində nə etmək olardı? Ən azı on il ərzində məruzəçilərin tərtib etdiyi siyasi məhbus siyahılarını toplayaraq, onları birlikdə nəzərdən keçirmək mümkün idi. Dərhal aydın olardı ki, bütün səylərə, yerli və əcnəbi institutların çalışmasına baxmayaraq, ölkədə siyasi məhbus «istehsalı» davam edir. Bu, isə o deməkdir ki, ölkənin siyasi institutları, məhkəmə sistemi Avropa standartlarına cavab vermir. Burada bir detalı da qeyd etmək lazımdır. Bəli, Azərbaycanda passiv siyasi mənsubiyyətinə görə adamı təqib etmirlər. Amma elə ki, kimsə siyasi iradə nümayiş etdirmək, siyasi addım atmaq istəyir, dərhal bütün təzyiq mexanizmləri işə düşür. Həm də qəbul etmək lazımdır ki, siyasi fəaliyyət və mübarizə təkcə standart partiya sxemi çərçivəsində baş vermir. Məsələn, öz hüquqları uğrunda mübarizə aparan dindarlar, cinayət – prosessual qaydaların onlara tətbiqən pozulduğu çoxlu insanlar var və onlara qarşı baş vermiş prosessual pozuntuları təkcə korrupsiya faktı kimi yozmaq çətindir. Bəs onda necə olsun? Onlar siyasi məhbus hesab edilməsinmi? Onda bəs onlara qarşı niyə selektiv yanaşılır, nədən onlarla davranış zəruri cəza sərhədlərini aşır? Avropada həm də o insanları siyasi məhbus kimi xarakterizə edirlər ki, onlara tətbiqən hüquq sistemi obyektiv sərhədləri aşır. Təsadüfi deyil ki, bir çox adamlara qarşı tətbiq edilən belə kənara çıxmaları Avropa institutları hüquqi deyil, məhz siyasi qərar kimi səciyyələndirir.

KİÇİK SÖZARDI

Bu sətirləri yazarkən qəzetdə sonuncu aksiya zamanı cərimələnən və həbs edilən etirazçıların siyahısı gözümə sataşdı. Görən, bu ölkədə nədən bütün aksiyalar icazəsiz olur? İnsanlar üçün əsas nədir? Mövcud hüquqi reqlamenti pozmaq, yoxsa öz etirazlarını çatdırmaq? Düşünürəm ki, əsas etirazları çatdırmaqdır. Onda aksiyaların təşkili qaydalarına bir daha baxmaq yerinə düşməzdimi? Axı indiki vəziyyət potensial siyasi məhbus mənbəyidir. Yoxsa bu tutulanlar da siyasi məhbus deyil? Bəlkə artıq 15 sutkalıq həbs cəza yox, sanatoriyaya göndəriş kimi yozulur?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG