Keçid linkləri

-

Heç bir seçki cəmiyyət haqqında tam təsəvvür yaratmır, ideal reprezentativlik həmişə problem kimi qalır. Amma ortabab seçki belə müəyyən qənaətlərə gəlməyə imkan verir. Problem onda başlayır ki, ölkədə hətta belə bir seçki də keçirilmir, qutular əvvəlcədən hazırlanmış bülletenlərlə doldurulur. Siyasi təhlil adamı həmişə bu və ya başqa məsələ ilə bağlı hakimiyyətin davranışını müəyyənləşdirməyə cəhd edir, çünki bu yolla o, proqnozlar qurmağa cəhd edir. Bir çox hallarda yanaşma ya ifrat dərəcədə personifikasiya edilir, ya da hər şeyə sosial-siyasi institutların prizmasından baxılır. Bəli, prinsipcə, bu, «Avtoritar sistemdir. Ondan başqa bir şey gözləməyə dəyməz» deyib, hər şeyi siyasi sistemin üzərinə yükləmək olar. Amma dərhal sual yaranır. Bəs onda niyə bu cəmiyyət onlarla sistemin içindən məhz beləsini «seçib»? Nədən bu sistem daha oturaqlı oldu? Prinsipcə, proseslərin gedişində müəyyən tendensiyanın mövcudluğunu sezmək olar. Əvvəllər deyirdilər ki, narazılıq, ümumiyyətlə yoxdur, narazılıq edən beş-on nəfər «radikal müxalifətçi»dir. İndi isə deyirlər ki, narazılıq var, amma siyasi xarakter daşımır. Bu, proseslərə qarşı münasibətin dinamikasıdır. Amma hələ ki, hadisələrə reaksiya dəyişməz qalır: xarakterindən asılı olmayaraq bütün etirazlar zor vasitəsilə söndürülür, onların bir daha baş verməməsi üçün lazım olan bütün cəza tədbirləri həyata keçirilir. Üstəlik, hakimiyyət narazılıqları nəzərə alıb müəyyən sahələrdə təsir sferasını məhdudlaşdırmaq, cəmiyyətə və fərdlərə bir qədər artıq sərbəstlik vermək əvəzinə daha da güclənməyə, avtoritar idarəçiliyi total qaydalarla əvəz etməyə cəhd edir. Bu isə o deməkdir ki, dövlət də, hakimiyyət də siyasi tolerantlıqdan, liberallıqdan çox uzaqdır.

HAKİMİYYƏT NİYƏ ÖZÜNÜ MƏHDUDLAŞDIRMALIDIR?

Burada yadıma bir ispan filosofunun fikri düşür. O yazırdı ki, liberalizm elə hüquqi bazadır ki, onun məntiqinə uyğun olaraq hakimiyyət nə qədər güclü olsa da, özünü məhdudlaşdırmağa və hətta öz maraqlarına zidd olsa belə ona opponentlik edən narazı qrupun mövcudluğu üçün xüsusi boşluqlar yaratmağa çalışır. Primitiv şəkildə desək, hamının, hakimiyyətlə münasibətlərindən asılı olmayaraq hər bir fərdin və ya kiçik qrupun günəş altında yer almaq hüququ var. İndi bütün Avropa hüquq sistemi, siyasi institutları bu prinsip əsasında qurulub. Bir çox hallarda bunun fərqinə varmırıq, fikirləşirik ki, görən nədən avropalılar azlıqlara bu qədər həssasdırlar? Səbəb isə sadədir – bu ölkələrdə kimisə yox etmək haqqında yox, onunla birgə yaşamaq qaydalarını müəyyən etmək haqda düşünürlər. Amma Azərbaycanda nə deyirlər? «Ənənəvi müxalifətə bu ölkədə yer yoxdur!». Hamı üçün yer tapılır, amma müxalifət üçün tapılmır. Bu il seçki ilidir. Ağlıma gəldi ki, bir-iki cümlə ilə İranla paralellər aparım, axı bu il orada da seçki olacaq. İranda prezident seçkisi o qədər reqlamentləşdirilib, o qədər çərçivəyə salınıb ki, adam birmənalı olaraq fikirləşir ki, burada irəlicədən nəzərdə tutulmayan hər hansı bir nüans baş verə bilməz. Amma hətta belə bir vəziyyətdə İrandakı seçkilərin gözlənilməz nəticələrindən danışır və yazırlar. Azərbaycanda isə seçki saat əqrəbi kimidir, ancaq bir tərəfə işləyir. Adam hətta nəzəri cəhətdən təsəvvür edə bilmir ki, burada nəsə irəlicədən planlaşdırılmayan bir hadisə baş verə bilər…

LİBERALİZMİN DİNİ KÖKLƏRİ VARMI?

Təəssüf ki, bir çox hallarda olayların mental köklərini axtarmalı oluruq. Bütün tədqiqatçılar belə edir, çünki etnopsixologiya elə belə şey deyil və bir çox hallarda onu nəzərə almalı olursan. Mən «İncili» ilk dəfə oxuyan vaxt orada elə cümlələrə rast gəldim ki, mənə insan haqlarına aid sənədlərdəki fikirləri xatırlatdı. Sonradan başqa müəlliflərin yazdıqlarını oxudum və əmin oldum ki, bu, bəşəriyyətin yaratmağa cəhd etdiyi ilk liberal manifestdir. Məqsədim «İncili» tərifləmək, başqa dini kitabları gözdən salmaq deyil. Amma baxıb görürsən ki, tolerantlığın və hətta liberallığın kökü xristian dəyərlərindən gəlir. «Düşmənini sev, onun üçün dua et!». Bunu başqa cür necə qəbul etmək olar? Bəlkə də bu fikir iki min il bundan əvvəl yox, bir az yaxın dövrdə deyilsəydi bir qədər cilalanardı, bizə bu qədər qeyri-adi təsir bağışlamazdı. Amma məsələ deyiliş tərzində deyil, məzmundadır və bir də dünyanı ayıran müxtəlif kəsimlərdədir. Həm də bu kəsimlərin mövcudluq və özünütəşkil qaydalarındadır. Bu qaydaları bəzən bizə kənardan ötürə bilərlər, bunu inkar etmirik. Amma əksər hallarda onların müəllifi özümüz oluruq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG