Keçid linkləri

Təcili xəbərlər

Etirazların daha çox əyalətlərdə baş vermə səbəbləri...


İsmayıllıda etiraz
İsmayıllıda etiraz
-

Nə olmasa da artıq bir məsələ mübahisəsizdir: daha əvvəllər olduğu kimi siyasi olayların azlığından gileylənməyə vaxt yoxdur, hadisələr elə sürətlə baş verir ki, onları yetərincə araşdırmağa vaxt da olmur, bir hadisə əməlli-başlı düşünülməmiş, onun ardınca başqa birisi baş verir. Xüsusən də son vaxtlar əyalətlərin siyasi süstlüyü aradan qalxıb, bölgələrdə çox ciddi etiraz aksiyaları baş qaldırıb. Avtoritar ölkədə, bir o qədər də varlı olmayan yerdə əslində etirazların nədən baş qaldırması bir elə də böyük mübahisə və araşdırma predmeti deyil, insanlar ona görə etiraz edir ki, onlar ölkədə aparılan siyasətdən narazıdırlar. Bəs nədən etirazların «episentri» əyalətlərə düşüb? Bunun səbəbi çoxdur. Amma burada iki məqama diqqət yetirmək daha məntiqli olardı.

ƏYALƏTLƏR FEODAL ŞƏHƏRLƏRİ KİMİ

Təxminən on il bundan əvvəl Naxçıvandan Bakıya qayıdanda aeroportda məni çox qəribə hiss bürüdü: düşündüm ki, sanki cənnətə düşmüşəm. İki-üç günlük Naxçıvan həyatı məni o qədər bezdirmişdi, o qədər dilxor etmişdi ki, avtoritar ölkənin əyalətindən paytaxtına dönüş mənə qeyri-adi rahatlıq gətirmişdi. Bu hissi digər əyalət bölgələrinə səfərlər zamanı da keçirirsən, Bakıda siyasi - polis qaydaları nə qədər sərtdirsə, əyalətlərdə bu, bir neçə dəfə ağır və məşəqqətlidir: hər şey bölgənin yerli hakimiyyətinin total nəzarəti altındadır, kim gəlirsə dərhal xəbər tuturlar, bölgə mərkəzinə çıxmaq, adamlarla rahat görüşmək olmur. Bölgələr keçmiş feodal qəsrlərini xatırladır. Düzdür, son illər müəyyən işlər görülüb, bəzi infrastruktur layihələri həyata keçirilib, amma bu, dəryada damla kimidir. Hakimiyyət guya ki, regionların sosial-iqtisadi inkişafı haqda proqram qəbul edib. Amma ayrı-ayrı məmurların tamahı o qədərdir ki, hətta bölgələrin də iqtisadi resursları onların nəzarətindədir. İnsanlar hər şeydən narazılıq edir: yerli idarəçilikdən, torpaq sahələrinin, otlaqların məmurlar tərəfindən zəbt olunmasından… Bir sözlə, hər şeydən. Həm də bu vaxta qədər bölgələr siyasi vakuumda yaşayırdılar. Son vaxtlar bir neçə informasiya layihələrinin həyata keçirilməsi nəticəsində insanların ölkədəki vəziyyət haqda bilgiləri artıb, onlar problemləri haqda danışmağa başlayıblar.

Azərbaycan o qədər böyük ölkə deyil. Amma yerli hakimiyyətlərin fantaziyası və siyasi hərisliyi elə səviyyədədir ki, onlar bu vaxta qədər ölkədə lokal siyasi «qoruq»lar yarada, hər şeyi öz nəzarətlərində saxlaya bilirdilər. İndi buz əriməyə başlayıb. Əslində son bir neçə olay mərkəzi hakimiyyət üçün də siqnal olmalı idi. Amma mərkəzi hakimiyyət də əyalətlərin idarəçiliyi məsələsində yanlış yol tutub: onlar özlərinin Bakıda edə bilmədiklərini əyalətlərdə etdirirlər. Burada elə təsəvvür yarana bilər ki, Bakı azadlıq adasıdır. Qətiyyən belə deyil, elə Bakı da böyük əyalət şəhərinə çevrilib. Sadəcə, burada informasiya mərkəzlərinin, xarici səfirliklərin və beynəlxalq institutların təmsilçilərinin olması hakimiyyətin repressiv imkanlarını bir qədər məhdudlaşdırır. Həm də Bakının digər post-sovet paytaxtları kimi bir özəlliyi də var…

PAYTAXTDA YAŞAMAĞIN İQTİSADİ ÜSTÜNLÜYÜ

Bəli, bunu inkar etmək çətindir. Özü də artıq qeyd etdiyimiz kimi, bu, təkcə Bakı üçün xarakterik deyil. Bütün post-sovet ölkələrinin paytaxtları belə vəziyyətdədir. Sovetlərin süqutundan sonra əsas iqtisadi resurslar, işçi qüvvəsi paytaxtda təmərküzləşməyə başladı, paytaxtlar çox nəhəng bazarlara çevrildi: bura insanlar öz xidmətlərini təklif etmək üçün axışdılar. Kimi becərdiyi məhsulunu, kimi işçi qüvvəsini və fiziki imkanlarını təklif etmək üçün paytaxta üz tutdu. Bölgələr bir müddət ölü şəhərlərə və rayonlara çevrildilər. Daxili və xarici miqrasiya görünməmiş vüsət aldı. Çox böyük səy nəticəsində bölgə insanlarına keçid dövrünün çətinliklərini dəf etmək mümkün oldu. Amma fərqlər yenə də qaldı. Bu gün əyalətdə insanları hərəkətə gətirən də məhz həmin sosial-iqtisadi fərqlərdir. Nəzərə alınmır ki, heç də bütün bölgələrin turizm potensialı yoxdur, ölkə əhalisinin çox böyük hissəsi məhz turizm potensialı olmayan bölgələrdə cəmləşib.
İqtisadi resurslar da qeyri-bərabər paylanıb. Rayonlarda tikilən H. Əliyev mərkəzləri, hakim partiyanın mənzil-qərargahları bu fərqləri azaltmaq iqtidarında deyil. Nə qədər ki, keçid dövrü idi, insanlar ümidli idi və çətinliklərin baiskarı kimi məhz keçid dövrünü görürdülər. İndi artıq keçid də bitib və bu ən yüksək səviyyədə bəyan olunub. Bəs onda nə etməli? İndi günahı kimdə görməli?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG