Keçid linkləri

-

Ermənistanda seçkinin gedişində namizədə güllə atdılar. Başqa ölkə olsaydı adam bəlkə buna təəccüblənərdi, amma bura qeyri bir ölkə yox, məhz Ermənistandır – hər şeyə azacıq da olsa zor qatmaq, hər şeyi silahla həll etməyə çalışmaq artıq bu ölkədə qaydaya çevrilir. Etiraf edim ki, seçkidən elə bir ciddi siyasi gözləntimiz yox idi. Hətta Ermənistana çox yaxın olan Rusiyanın KİV-ləri belə bu seçkini indiyə qədər keçirilmiş bütün seçkilərin ən maraqsızı adlandırmışdı. Onda bəs bizi bu mövzuya müraciət etməyə təhrik edən nədir?

GƏLƏCƏYƏ TUŞLANAN GÜLLƏLƏR

Təxminən eyni vaxtda qonşu ölkədə «Ermənistan üzünü Avropaya tutmalıdır, Rusiya imperiyadır» deyən, siyasət adamına qəsd edildi, Azərbaycanda isə bir qalmaqallı romanın müzakirəsi bütün siyasi və ictimai gündəmi zəbt etdi. Təbii ki, bu hadisələrin bir-birilə birbaşa əlaqəsi, səbəb-nəticə bağlılığı yoxdur, amma onlar təxminən eyni suallar üzərində düşünməyə vadar edir. Ermənistanla Azərbaycan arasında artıq 25 ildir davam edən münaqişəyə nə vaxtsa son qoyulacaqmı? Ermənilərlə azərbaycanlıların bundan sonra birgə yaşaması mümkün olacaqmı?... Bəri başdan deyim ki, azərbaycanlı yazıçının yaşadığı narahatlıq dolu sualları, onun iki qonşu millətin gələcəyi ilə bağlı keçirdiyi hisslərini, prinsipcə başa düşmək mümkündür, hətta yazıçı təxəyyülü soyuq analitik təfəkkürdən xeyli fərqlənsə də. Adam çox istəyir ki, ona heç olmasa azacıq da olsa bəraət qazandırsın, amma bacarmır, çünki ermənilər azərbaycanlılarla birgə yaşamaq məsələsinə sonuncu dəfə təəssüf ki, 1988-ci ildə münasibətlərini bildirdilər – Ermənistanda yaşayan bütün azərbaycanlıları ordan qovmaqla… İndi bu məsələ, azərbaycanlılarla birgə yaşamaq məsələsi, Ermənistanda yalnız Dağlıq Qarabağ kontekstindən anlaşılır. Amma onların heç olmasa bu problemə baxışda xoş məramı olsaydı, birgə yaşamaq ovqatı üstünlük təşkil etsəydi münaqişə çoxdan həllini tapardı – etiraf etmək lazımdır ki, ermənilər azərbaycanlılarla bir yaşamaq istəmir. Sözsüz ki, orada da ayrı-ayrı adamlar var ki, rəsmi siyasətlə ixtilafdadırlar, elə bu bir neçə gündə biz onların səsini eşitdik. Onlardan biri də P. Hayrikyan idi. Rusiyanın forpost adlandırdığı ölkədə Rusiyanın özünə imperiya demək və «Üzümüzü Avropaya tutmalıyıq» söyləmək böyük fədakarlıq tələb edir. Bu vaxta qədər iki ölkə arasında anlaşmanın baş tutmamasının əsas səbəblərindən biri də budur ki, ölkələr iki müxtəlif geosiyasi müstəvidə yerləşib. Ermənistanın rəsmi dairələri fikirləşir ki, nə qədər ki, iki fərqli müstəvi var, onlara və onların ölkəsinə siyasi tələbat olacaq. Nə demək olar? Rusiyanın siyasətini indi Suriyada baş verənlərin kontekstindən görmək mümkündür – son ana qədər tərəfləri vuruşdurmaq, bundan maksimum gəlir götürmək və sonda da onları, necə deyərlər, «bazar»a çıxarmaq, siyasi əmtəə kimi yaxşı bir qiymətə təklif etmək. Zərrə qədər şübhə yoxdur ki, böyük siyasətin əqrəbi Cənubi Qafqaza tərəf dönəndə Rusiya Ermənistanla da belə davranacaq. Amma buna hələ çox qalıb, ona görə də Ermənistan siyasətçiləri belə arxayınlıqla davranırlar, ona görə də onlar özlərinin labüd gələcəklərini indi gülləbaran edirlər.

Bir ermənistanlı analitik P. Hayrikyan-dan başqa bütün digər siyasətçiləri «Rusiyanın adamı» adlandırdı. Bu, doğrudan da belədir, Moskva hələ də Ermənistan üçün «Mərkəzi komitə» rolunu oynayır, məhz orada – Moskvada kimin Ermənistana «vali» olacağı müəyyənləşdirilir. P. Hayrikyan kimi adamlar isə çox az qalıb, onlar çoxdan Ermənistanı tərk ediblər. Ölkə demək olar ki, tamamilə «kriminal Qarabağ erməni klanı»nın əsirinə çevrilib…

YAXŞILIQLARI YADA SALANDA…

Təbii ki, xoş məram iki millət arasında yalnız yaxşılıqları qabartmağı diktə edir, birləşdirici məqamlara üstünlük verməyi tələb edir. Ədəbiyyat da xoş məramın bir növüdür. Amma yaxşılıqları qabartmaq heç də olmayan günahları belə öz üzərinə götürmək deyil. Münaqişə varsa, deməli günahsız tərəf yoxdur, hamının az və ya çox dərəcədə günahı, təqsiri var. Bu günah da təkcə hüquqi mexanizmlərlə çözülmür, mənəvi aktlar da olmalıdır. Amma bu qarşılıqlı şəkildə baş verməlidir, çünki siyasiləşmiş dünyada hətta ən ülvi etiraf belə siyasi instrumentə, bəzən isə siyasi bumeranqa çevrilə bilir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG