Keçid linkləri

-
Bu sual gec-tez meydana çıxmalı idi. Rəsmilər ölkənin dünyaya analoqu olmayan iqtisadi yüksəliş modelini təqdim etdiyini iddia etsələr də, əslində belə deyil. Əksinə, ölkə indi çox az yerdə təsadüf olunan iqtisadi model qoyub ortaya – buna məmur kapitalizmi və bəzən də nomenklatura kapitalizmi deyirlər.

Bəri başdan deyək ki, mütəxəssislər iki şeyi ayırmağa tövsiyə edirlər. Biri var, məmurların mülkiyyətə sahib olması, biri də var, onların fəal biznes fəaliyyəti ilə məşğul olması. Dünyada birinci hala təsadüf edilsə də, ikinci hal ən müxtəlif şərtlərlə məhdudlaşdırılır. Amma Azərbaycanda real mənzərə təsəvvür və təsadüf olunandan bir qədər mürəkkəbdir. Məmurlar çox hiyləgər fənddən istifadə edirlər: onlar özlərinin biznes strukturlarını yaxınlarının adına rəsmiləşdirir və belə görüntü yaradırlar ki, sanki özləri heç bir iqtisadi struktura malik deyillər. Buna görə də onların biznes strukturlarına malik olduqlarını bir çox hallarda sübut etmək çətin olur. Bunun təzahürlərini yalnız köməkçi iqtisadi faktorlarla və nəticələrlə müəyyən etmək olur: ölkədə inhisarçılıq yaranır, azad rəqabət mühiti pozulur, azad biznes fəaliyyəti məhdudlaşır, korrupsiya artır.

Bəs qanunvericilik belə hallara necə münasibət bəsləyir? Ölkənin ali qanununda, digər qanunvericilik aktlarında deputat və məmurların biznes fəaliyyəti ilə məşğul olması yasaqdır. Ona görə də bir qədər əvvəl qeyd etdiyimiz mənzərə meydana çıxır: məmurlar və deputatlar qanundan yan keçməyə cəhd edir və buna çox asanlıqla nail olurlar. Bir çox hallarda isə hətta qanunların tələblərini nəzərə almırlar. Məsələn, bir neçə ildir ki, gəlir deklarasiyaları təqdim etməklə bağlı qanun qəbul edilib, amma bu vaxta qədər bu mexanizm işə düşməyib, hətta bu günə qədər onun forması da müəyyən edilməyib. Elə bu səbəbdən indi ölkədə iki tendensiya hiss olunur. Bəziləri deputat və məmurların biznes fəaliyyətinin leqallaşdırılmasına çağırır, digərləri isə, əksinə, qanunla biznes fəaliyyətinə görə onlara qarşı cəza tədbirlərinin sərtləşdirilməsini tələb edirlər. İlham Əliyev və Fərhad Əliyev, 2005

İlham Əliyev və Fərhad Əliyev, 2005

Son qərarın necə olacağını fəhm etmək o qədər də çətin deyil, çünki bu ölkədə məmurların marağı həmişə öndə olub, prioritet təşkil edib. Üstəlik, qərarları məmurlar özləri qəbul edir və onların özlərinin maraqlarının əleyhinə qərar qəbul edəcəklərini zənn etmək sadəlövhlük olardı.

PERMANENT MÜLKİYYƏT BÖLGÜSÜ

Məmur kapitalizminin ən böyük qüsuru odur ki, o, mülkiyyət institutuna siyasi məzmun verir: mülkiyyətin toxunulmazlığı bilavasitə məmurun tutduğu vəzifədən asılı olur - vəzifə varsa, mülkiyyət var və toxunulmazdır, yoxdursa mülkiyyətin sahibi yoxdur, onu hətta mənimsəmək olar. Bu vaxta qədər ölkədə «gözdən düşən» məmurlar çox olub və sonda onların malik olduğu biznes strukturları ya dağıdılıb, ya da mənimsənilib. Nəticədə mülkiyyət institutu özünün toxunulmazlığından məhrum olunub.

Burada bir detalı da qeyd etmək yerinə düşər. Bu məsələ ilə bağlı bu vaxta qədər hüquqi tendensiyalar da biri-birinə qarışıb. Ölkədə deputat və məmurların mülkiyyət hüququnu və biznes fəaliyyətini sərt qaydada tənzimləyən qanun və qərarlarla bahəm, onlara yaşıl işıq yandıran qərar və qanunlar da mövcuddur. Məsələn, bir neçə ay bundan əvvəl mülkiyyət məsələsi kommersiya sirrinə aid edildi. Bu qərar faktiki olaraq məmurların sərvətini gizlətmək üçün şərait yaratdı, çünki ölkə jurnalistləri bəzi məmurların sərvətinin miqyaslarını araşdırmağa başlamışdılar. Foto: Arxiv

Foto: Arxiv

Beləcə, bir tərəfdən, gəlir deklarasiyası haqda qərar qəbul edilir, o biri tərəfdən, müəssisə və şirkətlərin kimə məxsusluğu kommersiya sirri elan edilir. Bu da onun nəticəsidir ki, ölkədə məmur kapitalizmi modelindən kənarda qalan və ona opponentlik etmək iqtidarında olan dövlət subyekti yoxdur…

ÜÇ YOLDAN BİRİNİ SEÇ…

İndi bu məsələyə münasibətdə üç ssenaridən birini seçilməlidir. Birinci yol hər şeyin olduğu kimi qalmasıdır. İkinci yol deputat və məmurların biznes fəaliyyətinin leqallaşdırılmasıdır. Üçüncü yol isə, əksinə, bunun məhdudlaşdırılması üçün qanunların sərtləşdirilməsi və nomenklatura ilə biznesin birdəfəlik bir-birindən ayrılmasıdır. Sonuncu yol ən mütərəqqisi olsa da, ölkədəki mövcud iqtisadi reallıqlar baxımından bəlkə də ən qeyri-mümkün variant hesab edilə bilər. Çünki məmurlarda dövlət qulluğuna marağı məhz onun biznes fəaliyyəti üçün yaşıl işıq yandırması yaradıb, dövlət qulluğu indiyə qədər məmur üçün faktiki olaraq biznes mandatına çevrilib. Məsələnin qəliz tərəfi budur ki, ölkədə dünyada rast gəlinən siyasi sistemlərin bəlkə də ən neqativ modellərindən biri qurulub. Onun öz subyektləri tərəfindən transformasiyası çox müşkül məsələdir. Ona görə də bir siyasi perspektivi heç cür inkar etmək olur: ölkə böyük və əsas mülkiyyət bölgüsünü hələ bundan sonra yaşayacaq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG