Keçid linkləri

-

Bir vaxtlar Rusiyanın maraqlı siyasi şakəri vardı. Bu ölkə ərazisində keçmiş ittifaq respublikalarının rəsmi siyasətinə müxalifətçilik edən siyasi qüvvələr yaradırdı. Bir çox hallarda bunlar öz ölkələrindən müxtəlif səbəblərdən uzaq düşən və qonşu Rusiyada siyasi sığınacaq tapan adamlar, keçmiş ittifaq respublikalarının yüksək çinli məmurları olurdu. Çoxdan idi ki, Rusiyadan Azərbaycana belə siyasi opponentlik edən yox idi. Görünür, «AzərRoss»un sabiq prezidenti Söyün Sadıqov bu boşluğu doldurmaq fikrinə düşüb. Bu günlərdə Rusiya saytlarından birinə müsahibə verən S. Sadıqov prezident V. Putinin Avrasiya İttifaqı ideyasını dəstəklədiyini və keçmiş sovet respublikalarını da bu ideyanın vacibliyinə inandırmağa hazır olduğunu bildirib. Maraqlıdır, S. Sadıqov əvvəllər yaratmaq iddiasında olduğu partiyanın Azərbaycanın siyasi həyatına heç bir aidiyyəti olmadığını deyir və bu partiyanın sırf Rusiya partiyası olduğunu iddia edirdi. Amma bu, ona vaxtaşırı Azərbaycan məzmunlu çıxışlar etməyə mane olmur. Bir çox hallarda isə bu çıxışlar ciddi siyasi ismarış xarakteri daşıyır, hətta bəzən açıq siyasi çağırış təəssüratı yaradır. Azərbaycan rəsmiləri bu çıxışları cavabsız qoymurlar və artıq qonşu ölkədəki opponentə öz ismarışlarını göndəriblər. Onlar S. Sadıqova «AzərRoss»dan qovulmuş bir adam kimi baxır və onun dediklərini qeyri-ciddi siyasi bəyanatlar kimi qiymətləndirirlər. Amma doğrudanmı vəziyyət onların iddia etdiyi qədər sadə və birmənalıdır? Hər halda, bunu iddia etməzdik…

BU SEÇKİNİN ÖZƏLLİYİ NƏDƏDİR?

Qarşıdan gələn prezident seçkisi çox adamı biganə qoymayıb, hamı bununla bağlı fikirlərini bölüşməyə, hətta bəzən siyasi proqnozlar verməyə cəhd edir. Bu seçkinin iki özəlliyini qeyd etmək olar ki, bunlar onu əvvəlkilərdən bir qədər fərqləndirir. Birincisi iki dəfəlik məhdudiyyətin götürülməsi və müddətsiz prezidentlik üsuluna keçiddir. İkincisi isə gələcək seçkinin çox mürəkkəb bir geosiyasi əhatədə keçməsidir: İranla münasibətlər həmişəki kimi mürəkkəb olaraq qalır, hətta Gürcüstan arabir münasibətlərdə gərginlik yaratmağa cəhd edir, ən başlıcası isə Rusiya ilə təmaslar əvvəlki səviyyədə deyil. Elə S. Sadıqovun bu vaxta qədər verdiyi müsahibələrdə də diqqəti çəkən bir detal var. O, bir dəfə demişdi ki, 2003-cü və 2008-ci ildə İ. Əliyevin namizədliyini məhz V. Putin müdafiə etmişdi. Bunu da seçki ərəfəsində bir siyasi xatırlatma kimi qeyd etmək olar. Təbii ki, indi 90-cı illər deyil və Rusiya öz hərəkətlərində bir o qədər də böyük gücə malik deyil. Amma təəssüf ki, indi 22-ci əsr də deyil, böhrandan çıxmış Rusiya dünyada olmasa da bölgədə əsas geosiyasi vektorlardan biri kimi qalır. Düşünürük ki, qarşıdakı prezident seçkisində ABŞ-ın münasibəti heç də az əhəmiyyət kəsb etməyəcək. Burada bir detalı qeyd etmək yerinə düşər. Azərbaycan Avrasiya İttifaqına hələ ki «yox» deyir, üstəlik Rusiyanın qazla bağlı planlarına böyük əngəl yardır və Rusiya ilə özünün hərbi əməkdaşlığını minimuma endirir. Amma burada bir nüans var. Avrasiya İttifaqı ilə bağlı əvvəlki dövlət katibi dövründə ABŞ-ın konkret mövqeyi vardı, bu ölkə Avrasiya İttifaqını SSRİ yaratmaq cəhdi kimi qiymətləndirmişdi. İndi ABŞ-da yeni dövlət katibi fəaliyyətə başlayıb.

Prinsipcə, əsas hakimiyyət dəyişməyib və çox güman ki, yeni dövlət katibi keçmiş siyasətin konturlarını davam etdirəcək. Amma hər siyasətçi qismən də olsa siyasətə öz baxışlarını və mövqeyini gətirir və düşündürücü məqamlardan biri də budur ki, yeni dövlət katibi Rusiyaya qarşı özünün mülayim münasibəti ilə seçilir. Üstəlik, ABŞ-ın «uzunömürlü» hakimiyyətlərə münasibəti də bir o qədər birmənalı deyil. Bu gün bunları nəzərə alanda görürsən ki, İ. Əliyevi heç də mülayim seçki payızı gözləmir.
Düzdür, ölkədə siyasi mühiti dəyişmək, onu mülayimləşdirmək səmtində heç bir addım atılmır, əksinə siyasət adamlarının yeni dalğası həbslərə və təzyiqlərə məruz qalır. Amma siyasi qüvvələrə güzəşt etməsələr də cəmiyyətlə ehtiyatlı davranmağa cəhd olunur. Bunun təzahürü kimi İ. Əliyevin bəzi məmurlar və onların övladları haqda dedikləri diqqət çəkməyə bilməz. Çox güman ki, hakimiyyət müxalifəti özünə barışmaz rəqib hesab edir və buna görə də onların rəğbətini qazanmağa, münasibətləri azacıq da olsa dəyişməyə cəhd göstərmir. Bu tendensiya siyasi partiyaların maliyyələşməsində də özünü göstərdi, siyasi müxalifətin əsas cinahını təşkil edən partiyaların heç biri maliyyə ala bilmədi…

KİÇİK SÖZARDI

Beləcə, ölkə növbəti seçkiyə doğru gedir. Hakimiyyət özünü həmişə olduğu kimi güclü və yenilməz hesab edir. Amma siyasətdə qiymətləndirmələr kənar baxışlara əsaslanmayanda və kənardan edilməyəndə bir çox hallarda özünü doğrultmur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG