Keçid linkləri

-

Bilirəm, indi hamı onlardan danışır – məmurlardan!

Ölkə prezidentinin dünənki çıxışı buna yol açıb.

Əslində biz jurnalistlər ilin 12 ayı məmurlardan yazırıq, danışırıq, onların qurbanlarını dinləyirik.

Mənim qəhrəmanım olan “Ülgüc Qurban” yadınızdadırmı?

“Qız qalası”nın düz yanındakı o tarixi binada böyük sahəyə sahib olan bu yaşlı kişini neçə ildir ki, məmurlar süründürürlər.

Kəsəsi, evini söküb pulunu vermirlər.

Qurban kişi daha kimlərə üz tutmayıb?

Xeyri yoxdur. “Heç olmayacaq!” – deməyə də dilim gəlmir. Kişi bu illər ərzində bir yığın xəstəlik tapıb...

Hərdən fikirləşirəm, görəsən, normal ölkədə məmur necə olmalıdır?

Onun ağzı-burnu, qulağı nə təhər olmalıdır?

İştahı hansı ölçüyə sığmalıdır?

Qucağı nə boyda açılmalıdır?

Yükgötürmə qabiliyyəti nə qədər olmalıdır?

Fikirləşirəm, amma standartları müəyyənləşdirə bilmirəm.

Yadıma yenə çox sevdiyim Əhməd bəy Ağaoğlunun “Sərbəst İnsanlar ölkəsində” əsəri düşür...

Bu əsərdə məmurun bütün ölçüləri təsvir olunub.

TAMAHINA YİYƏ DURURSANMI?

Əsərin kölə qəhrəmanı azad olmaq istəyir, zəncirlərini qırır, qala divarlarını deşib azadlığa çıxır. Qarşısında iki yol var: Azadlıq və Köləlik yolu.

O, birincini seçir və Sərbəst İnsanlar Ölkəsinə gəlib çıxır...

Onu qarşılayan keşikçilərə: “Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq istəyirəm” – deyir.

Keşikçilər baxıb görürlər bu adam düz deyir, boynunda zəncirin, qollarında buxovların izi var.

“Hə” – deyirlər, – görürük, əsarətin bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı?

“Anlamadım” – deyir əsirlikdən qaçan.

– Elə isə bu suallara cavab ver:

1. Tamahına yiyə durursanmı?
2. Doğrunu sevirsənmi?
3. Həqiqətə dözümün varmı?
4. Ləyaqət sahibisənmi?


ƏLİNDƏKİ SƏRVƏTİN HESABATINI VER!

Əsir qorxusundan hər şeyə “Hə” cavabını verir və Sərbəst İnsanlar Ölkəsinə daxil olur... Gözəl, abad bir ölkə, sakit şəhər!.. Adamların üz-gözündən xoşbəxtlik yağır (Can Bakı!) Necə dolandıqları üzlərindən bəlli... Ona ölkənin əsas yasasını – qanununu verirlər. Deyirlər, tanış ol! Orada nələr yoxdur?

--Azadlıq doğruya, cəsarətə söykənir;

--Yalan bu ölkədə yasaqdır;

--İkiüzlülük və yaltaqlıq ən ağır günahdır;

--Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır;

--Haqqı qorumaq vəzifədir;

--Çalışmaq vəzifədir;

--Ölkə işlərini görmək yalnız təcrübə və ixtisas sahiblərinin haqqıdır;

--Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər;

--Hər bir məmur və hər bir vətəndaş gördüyü işlər və əlindəki sərvət haqında hər an hesabat verməyə hazır olmalıdır. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar...

QAÇMAQ AĞLINDAN KEÇİR

Adam mat qalır! “İndiyədək bunun tam tərsini görmüşəm, tam tərsini eşidib, tam tərsinə alışmışam” – deyir.

Qaçmaq istəyir, amma sonra düşünür ki, bu, bir şərəf məsələsidir. Düzdür, dədə-babalardan, tarixdən gələn xasiyyətlərim var. Onlardan ayrılmaq çətindir. Ancaq hər necə olsa, çalışıb qeyrət göstərmək də mənim vəzifəmdir...

STOP, YƏNİ DUR!

– Çalışıb qeyrət göstəririkmi?

– Tamahımıza yiyə dura bilirikmi?

– Həqiqətə dözümümüz varmı?

– Ləyaqət sahibiyikmi?

– Haqqı qoruyuruqmu?

– Ölkə işlərini yalnız təcrübəli ixtisas sahiblərinə tapşırırıqmı?

– Məmurların işini yoxlaya bilirikmi?

– Hər hansı məmur indiyədək əlindəki sərvət barədə sənə--vətəndaşa hesabat veribmi?

– Hesabat vermədiyinə görə ona cəza verən olubmu?

YO-O-X?!

Bəs onda niyə “qudurğanlıq” bəlasından şikayətlənirik?

Bu ki qaçılmazdır!

Bunun ki, bir yolu var.

Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı olmaq istəyiriksə, onun qaydalarına əməl etməliyik. Hər şey bu qədər bəsitdir.

Ya da Əhməd bəyin qəhrəmanı kimi qaçmaq haqqında düşünməliyik.

Başqa yolumuz yox!

SON

Əhməd bəyin qəhrəmanı bu əzablı yollardan çətinliklə də olsa keçməyi bacarır. Sonunda Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı olur. “Azad olmaq nə qədər çətin imiş!” – deyir.

Azadlığa hər zaman sadiq qalacağına and içir.

Olduğu hər yerdə Azadlığı yayacağına və Qanunun maddələrini misal gətirəcəyinə and içir.

Azadlıq və ölkə Qanunlarını qorumaq üçün, lazım gələrsə, öz xeyrindən əl çəkəcəyinə and içir.

“Bu andlarımı pozsam, Azadlıq Mələyi mənim cəzamı versin!” – deyir.

Və etiraf edir: “Anladım ki, bütün varlığımla Azadlıq Mələyinə vurulmuşam!!!”...

P.S. Əsər 1930-cu ildə Ankarada mühacirətdə yazılıb...

BUNLAR MÜƏLLİFİN ŞƏXSİ MÜLAHİZƏLƏRİDİR. BU MÖVZUDA SƏNİN DƏ FİKİRLƏRİN VARSA, AŞAĞIDAKI FORUMA GÖNDƏR.

Şərhləri göstər

XS
SM
MD
LG