Keçid linkləri

-

Bunu da gördük. Aksiyalar zamanı cərimələnənlərin evlərini gəzir, əşyalarını müsadirə edirlər. İnsanların hansı hissləri yaşadıqlarını başa düşmək elə də çətin deyil. Başqa vaxt məhkəmə qərarlarının icrasını aylarla, bəzən də illərlə gözləmək lazım gəlir, fəqət, indi çox «operativ» işlədilər. Amma mən bu vaxt heç özüm də bilmirəm ki, nədən C. Dickens-in (Ç. Dikkens) uşaqlığını xatırladım? O vaxt İngiltərədə borclular üçün həbsxanalar varmış. Böyük yazıçı uşaqlığını ailəsi ilə birlikdə belə həbsxanaların birində keçirir. Ümid edək ki, bizə 21-ci əsrdə belə mənzərə ilə rastlaşmaq qismət olmayacaq, cərimələnən etirazçılar üçün həbsxanalar tikməyəcəklər. Amma mən bu prosesdən özüm üçün bir neçə nəticə çıxardım. Təbii ki, indi ən böyük nəticə cərimələnən adamlara kiçik də olsa yardım göstərmək olardı. Deyim ki, artıq belə təşəbbüslər var və hətta ilk addımlar da olub. Azadlıq uğrunda mübarizə həmişə böyük fədakarlıq tələb edib. Amma 21-ci əsrdə gərək belə eybəcər hallar olmaya!...

MÜXALİFƏTİN DƏBDƏBƏLİ HƏYATI HAQDA MİF

İnsanlar bəzən nələr danışmır, nələr quraşdırmır? Siyasi mövzuların arasında ən çox dəbdə olanı müxalifət liderlərinin dolanışığıdır. Bəzən elə aludə olurlar ki, öz fantaziyalarına, hətta kiminsə şəxsi təyyarəsinin olmasına inanmağa başlayırsan. «Gəldilər, dağıtdılar, yığdılar, getdilər!». 1988-ci ildən bu tərəfə nə qədər bu haqda eşitmişik? Az qala hər seçki ilini müxalifət üçün «məhsul yığımı» ili elan edirlər. Nə qədər qəribə olsa da, belə danışan insanların dediklərinin onların ürəklərinin dərinliyindən gəldiyinə inanıram. Niyə? Ona görə ki, onların bu cür imkanı olsaydı özləri belə edərdi! Həyatdır, hamımız nə vaxtsa indiki böyük və kiçik məmurların bəzisini tanımışıq. Onlar o vaxt hakimiyyətdə olanlar haqqında məhz belə danışırdılar. Qınamıram. Ona görə ki, onlar vəzifəni məhz belə təsəvvür edirdilər və inana bilmirdilər ki, necə ola bilər ki, vəzifədə olasan və bu ölkəni bir ucdan da sən talamayasan?! Amma budur, belə olmayan insanlar var - onlar talançılıqla məşğul olmayıblar və indi də olmurlar! Bu yaxınlarda siyasi partiyalara maliyyə ayırdılar. Sizə deyim ki, bu, vergi ödəyicilərinə qarşı böyük haqsızlıq idi. Nədən insanlar heç adlarını belə eşitmədikləri partiyaları saxlamalıdırlar? Amma əsl mübarizə aparan, etiraz edən insanların əşyaları müsadirə olunur! Qoy, bundan sonra müxalifətçilərin təyyarələri, qatarları haqda nə qədər istəyirlər, nağıllar düzüb-qoşsunlar. Bu hakimiyyətin sayəsində insanlar müxalifət liderlərinin evlərinin içini də gördülər – nə təyyarə var, nə helikopter, nə də ki, sürətli qatar! Amma bəziləri hətta bunu da teatral jest adlandıracaq. Yenə də deyəcəklər ki, onların sərvəti İsveçrə banklarında saxlanılır. İnşallah, vaxt gələr, buna da aydınlıq gələr, nəhayət, bilinər ki, kimin harada nəyi var?! Əslində böyük siyasət böyük vəsait tələb edir. Bəzən böyük vəsait əvəzinə insanlar böyük fədakarlıq göstərməli olurlar. 20 ildir ki, belə davam edir. Yox, demirəm ki, bu prosesdən sui-istifadə edənlər olmadı, oldu, amma belələrini tanımaq o qədər də çətin məsələ deyil, çünki onlar müxalifətçilik etmir, «müxalifətçi» işləyirlər. Sizə qəribə gəlməsin, bu, proqramçı və yaxud da həkim kimi gəlirli «peşə»dir, özü də tək Azərbaycanda yox, onlar Mərkəzi Asiyada da var, Belarusda da. Hətta Rusiyanın özündə bu, çox gəlirli «peşə» hesab edilir...

BUNDAN SONRA ETİRAZLAR OLACAQMI?

Cərimələri ona görə artırdılar ki, etirazlar olmasın. Amma bundan az sonra İsmayıllı hadisələri baş verdi. Deməli, etirazların mənbəyi tək müxalifət deyil, etiraz etmək istəyən çoxdur, ən başlıcası isə bunun üçün motivlər və əsaslar var. Açığını etiraf edək ki, son vaxtlar əyalətlərdə baş qaldıran bəzi etirazlar miqyasına görə müxalifətin etirazlarından qat-qat güclü olub.

Cərimələrə gəldikdə isə, gördülər ki, həbslər insanları çəkindirmir, onlar etirazlarını ifadə etməkdə davam edirlər. Ona görə də cərimələrin məbləğini artırdılar. Amma faydasızdır, etiraz edən yenə də tapılacaq və hətta deyərdik ki, bu gün repressiv addımlar insanların daha ciddi təşkilatlanmasına, onların təşəbbüskarlığının artmasına təkan verəcək, çünki dərd kimi insanları bir yerə yığmaq və birləşdirmək iqtidarında olan ikinci bir qüvvə yoxdur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG