Keçid linkləri

-

Maraqlı ölkələr və hadisələr çoxdur. Bir də görürsən ki, uzaq bir ölkədə baş verən hadisə səndə hansısa assosiasiyalar yaradır və özün də hiss etmədən səni hansısa fikirlərə yönəldir. Bu günlərdə diqqətimi bir detal çəkdi.

Sən demə, bu gün iqtisadi yüksəlişi ilə hamını heyrətləndirən, elə siyasi xarakterinə görə də bundan az təəccübə səbəb olmayan Çində çağırışlar səslənir ki, 1966-cı ildə elan edilən və düz 10 il davam edən «mədəni inqilab»ın müəllifləri cəzalandırılsın.

Bəlkə də bu, sizlərə olduqca maraqsız görünəcək. Amma tələsməyin. Mənim də Çinin siyasi dinamikasını təhlil etməyə nə vaxtım, nə də həvəsim var. Özüm də kinli adam deyiləm. Amma bir vaxtlar eşidəndə ki, çilililər A. Pinochet-in, polyaklar isə V. Jaruzelski-nin evi qarşısında etiraz aksiyaları keçirir, əvvəlcə buna təəccüblənirdim və hətta səbəbini soruşurdum. Amma sonradan fikirləşdim ki, onlar düz edir. Keçmişə qiymət verməyə çalışmaq lazımdır. Keçmişə düz qiymət verməyəndə dünənin diktatoru axşam avtoritar lider kimi yatıb səhər demokrat kimi oyana bilir, necə ki, bir neçə ölkədə məhz belə də oldu.

HEYDƏR ƏLİYEV NƏLƏRİ EŞİTMƏLİ İDİ?

Ölkələr var ki, orada heç olmasa keçmişə görə haqq-hesab çəkməyə cəhd edildi, amma elə ölkələr də oldu ki, bu haqda heç düşünmədilər də, «Bu, hamımızın ortaq tarixidir» deyib, keçmiş kommunistlərin hakimiyyətə ikinci yürüşünə yaşıl işıq yandırdılar. Nəticəsi nə oldu? Sovetlərin vaxtında partiya instruktoru olmuş adam indi demokratiya haqqında «palaz» boyda yazılar yazır. Təkcə yazı yazsaydı dərd yarıydı, baxmayaraq ki, biz onlardan yalnız tövbə və etiraf xarakterli yazılar gözləməliydik. Amma bu adamlar təkcə yazı yazmaqla məşğul olmadılar, ölkələrdə rəhbərliyi ələ keçirdilər, uğursuz kommunizm quruculuğundan sonra demokratiya qurmağa girişdilər. Heç kim onlara keçmiş yazılarını göstərmədi, buna görə onları qınamadı. Çox az sayda belə cəhd oldu. Məsələn, bir ziyalı H. Əliyevin sovet vaxtında dərc olunmuş nitqindən mətbuatda sitat gətirdiyi üçün bir neçə ay həbsdə yatmalı oldu. Halbuki o yazıq heç nə etməmişdi, ulu öndərin sovet vaxtında dərc olunmuş kitabından bir sitat gətirmişdi! İnsanlar adətən unutqan olur, azərbaycanlılar isə bu sahədə xüsusilə seçilirlər. İkinci qayıdışından sonra təəssüf ki, heç kim H. Əliyevə yağ və ət talonlarını, keçici qırmızı bayraqları, qul plantasiyalarını xatırladan pambıq tarlalarını, o vaxtların çox məşhur olan deyimini – «Şiroko şaqaet Azerbaydcan za maslom v Rostov!» deyimini xatırlatmadı, sanki bunlar heç olmayıbmış…

DEKOMMUNİZASİYA AKTI VƏ DTK ARXİVLƏRİ

Polşada bir vaxt məşhur bir aktı – dekommunizasiya aktını parlamentdən keçirməyə cəhd etdilər, amma alınmadı. Bu akt nəyi nəzərdə tuturdu? Əgər o qəbul olunsaydı keçmiş kommunistlər nəinki vəzifə tuta bilməyəcəkdilər, hətta onların siyasətə yolu bağlanacaqdı. Öz tariximizə gəldikdə isə mən 1992-93-cü illərə çox böyük ümidlə baxırdım. O vaxt çoxumuz güman edirdik ki, hakimiyyətə gəlmiş demokratlar keçmiş DTK-nın arxivlərini açacaqlar. Amma belə olmadı, nəinki arxivlər açılmadı, hətta sonda kommunistlərin əsl lideri (sonradan yaranan kommunist partiyaları hesaba alınmır) hakimiyyətə dəvət olundu. Niyə belə oldu? Mənə elə gəlir ki, bunun bir səbəbi vardı. Milli azadlıq hərəkatında çox yüksək postlarda H. Əliyevin «adamları» vardı. Başqa səbəblər gətirdilər, dedilər ki, arxivlərin açılması milli təhlükəsizliyə xələl gətirə bilər. Amma bunlar hamısı yalan və əfsanə idi, lap açığı bəhanə idi. Mən o vaxt bir detala fikir vermişdim. Milli azadlıq hərəkatının bəzi liderləri hələ hakimiyyətə gəlməmişdən öz müsahibələrində ilk fürsətdəcə H. Əliyevi tərifləyir, millətə onun necə böyük şəxsiyyət olmasını təlqin etməyə cəhd edirdilər. Son nəticə onların istədiyi kimi oldu, H. Əliyev özünün ikinci siyasi dirçəlişini yaşadı. Bəzən deyirlər ki, guya belə olmasaydı biz böyük fəlakətlərlə üzləşərdik. Amma mən belə düşünmürəm. Guya ki, biz çoxlarından qabağa düşdük. Amma proses onsuz da uzun çəkdi, müstəqil olandan düz 22 il sonra biz Rusiyanın hərbi çətirindən nəhayət ki, qurtulmaq üzrəyik. Bəli, 22 il keçəndən sonra! Nə milli azadlıq hərəkatının radikal qanadı, nə də H. Əliyev bizi irəli ata bilmədi, bu gün digər keçmiş on beş respublikanın nəyi varsa, bizim də ondan varımızdır, nə artıqdır, nə də ki, əskik, üstəlik torpaqlarımızın 20 faizi də işğal olundu…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG