Keçid linkləri

Fevralın 22-də Türkiyədə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan «Petkim» şirkəti ilə Niderlandın «APM Terminals» şirkəti arasında regionun ən böyük konteyner limanı – «Petkim» Konteyner Limanının tikintisi barədə müqavilə imzalanıb.

«SOCAR Turkey Enerji A.Ş.» (STEAŞ) şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Türkiyənin Əliağa bölgəsində, «Petkim» şirkətinin layihələri üçün ayrılmış ərazidə tikiləcək liman ilkin dövrdə ildə 1,5 mln., tam gücü ilə işləyəndə isə ildə 4 mln. konteyner qəbul edə biləcək.

Müqaviləni «Petkim» tərəfindən «SOCAR-Turkey»in rəhbəri və «Petkim»in İdarə Heyətinin sədri Kənan Yavuz və «SOCAR-Turkey»in vitse-prezidenti Samir Kərimli, «APM Terminals» tərəfindən isə şirkətin satış direktoru Teo Dersiqni imzalayıb.

ARDNŞ-in və «Petkim»in Türkiyədə reallaşdırdığı ən böyük logistika layihəsi sayılan konteyner limanının tikintisi 300 mln. ABŞ dollarına başa gələcək və onun ilk mərhələsinin 2015-ci ildə, ikinci mərhələsinin isə 2016-cı ildə başa çatacağı gözlənilir.

Terminal 28 il müddətində «APM Terminals» tərəfindən idarə olunacaq. Limanda 700 metr uzunluğunda yanalma körpüsünün olması nəticəsində liman Mərmərə, Egey və Ağdəniz bölgələrində tutumu 11 min konteyner olan gəmiləri qəbul edə bilən, eləcə də gəmilərin rahatlıqla yanaşa biləcəyi və Türkiyədə dəmiryolu və avtomobil yolları ilə inteqrasiya edilmiş ən böyük liman olacaq.

«SOCAR-Turkey»in Petkim Yarımadasında həyata keçirdiyi «Rafineri-Petrokimya-Lojistik-Enerji Entegrasyonu» layihəsinin əsas hissələrindən biri olan konteyner limanının gücü hazırda Türkiyədə ən böyük liman sayılan Alsancak limanından 50% artıq olacaq və o, Ege bölgəsinin ən böyük inteqrasiya edilmiş limanı olacaq.

Limanın ehtiyacları üçün 48 hektar sahə ayrılıb. Bunun 42 hektarı konteynerlərin saxlanması, 6 hektarı isə xidmət sahəsi kimi nəzərdə tutulub.
XS
SM
MD
LG