Keçid linkləri

-
AzadlıqRadiosunun müxbiri Richard Solash-ın məqaləsi belə adlanır.

O yazır ki, Laura və Alan Shatto Texas ştatının Qardendeyl şəhərinin 1600 nəfərlik sakinlərindəndirlər. Bu ailənin telefonundakı avto-cavab cihazı belə bir mesaj səsləndirir:

«Siz Shattolara zəng edirsiz. Əgər bu, müxbir və ya xəbər agentliyidirsə, bizim heç bir şərhimiz yoxdur».

Richard Solash yazır ki, yanvar ayının axırlarında onların Rusiyadan övladlığa götürdükləri 2 uşaqdan biri – 3 yaşlı Max (Maks) vəfat edib və artıq dəfn olunub. Lakin bu ölüm balaca Qardendeyl şəhərini beynəlxalq dramın episentrinə çevirib.

Rusiya rəsmiləri Laura Shatto-nu qatil elan ediblər və bu məsələ mediada geniş müzakirələrə səbəb olub.

Müxbir yazır ki, rəsmi Moskva amerikalılara Rusiyada uşaq övladlığa götürməyi qadağan edən siyasi motivli qanunu məhz bu ölümlə əsaslandırır.

ABŞ Dövlət Departamenti isə təhqiqat başa çatmadan nəticə çıxarılmamasına çağırıb.

TƏFƏRRÜATLAR DAXİL OLMAQDADIR

Müstəntiq Shirley Standefer AzadlıqRadiosuna bildirib ki, uşağın meyitini Qardendeyl yaxınlığındakı Odessa Tibb Mərkəzi Hospitalında autopsiyadan əvvəl görüb və onun bədənində qançırlar olduğunu müşahidə edib.

Müstəntiq Shirley Standefer

Müstəntiq Shirley Standefer

Müstəntiq bildirib ki, o, həkim deyil və qançırların təbiətini izah edə bilməz.

Meyitin artıq yarıldığı, lakin autopsiya məlumatının gizli saxlandığı xəbər verilir.

Müstəntiq Standefer bildirir ki, tibb eksperti doktor Nathan Galloway artıq toksikologiyaya dair məlumatlara malikdir. O, uşağın qətl, bədbəxt hadisə, təbii və ya qeyri-müəyyən başqa səbəblər üzündən öldüyünü gələn həftə elan edə biləcək.

Standefer-in dediyinə görə, uşaqların analığı onları son dəfə həyətdə oynayan görüb, sonra isə vanna otağına gedib və qayıdanda Max-ın yerdə uzandığının şahidi olub.

ŞERİF: «TEXAS UŞAĞI TEXASIN İŞİDİR»

Ektor dairəsinin şerifi Mark Donaldson bildirib ki, yanvarın 21-də həmin evə təcili yardım çağırılıb. O, bu ölümlə əlaqədar heç bir cinayət işinin qaldırılmadığını da söyləyib.

Şerif bildirib ki, Rusiyanın Vaşinqtondakı baş konsulu Sergei Chumaryov bu günlərdə onun ofisinə baş çəkib.

Şerif Mark Donaldson

Şerif Mark Donaldson

Rusiyada uşaqlar üçün məsul olan şəxs - Pavel Astakhov tələb edib ki, rus rəsmilərinə bu işin sənədlərinə baxmaq imkanı yaradılsın.

Şerif Donaldson AzadlıqRadiosuna müsahibəsində belə imkanın yaradılmayacağını söyləyib. O deyib ki, söhbət Texas uşağından gedir və bu iş Texasda araşdırılır, lazım gələrsə, həbslər də ola bilər.

DEZİNFORMASİYA

AzadlıqRadiosu xəbər verir ki, bu işlə həmçinin Texas Uşaqları Müdafiə Xidməti də məşğuldur. Təşkilat bildirib ki, Shatto ailəsi bundan əvvəl buna bənzər hadisə ilə əlaqədar problemə malik olmayıb.

Təşkilatın sözçüsü Paul Zimmerman deyib ki, «uşaqlara qarşı zorakılıq və səhlənkarlıq barədə» məlumatlar daxil olub. Lakin o, məlumatı kimin verdiyini açıqlamayıb.

Müstəntiq Standefer Moskvanın Max-ın daxili qanaxmadan öldüyü barədə məlumatları haradan aldığını bilmədiyini söyləyib.

LAURA SHATTO ÇOX XOŞBƏXT İMİŞ

Midlend Ali Məktəbi

Midlend Ali Məktəbi

Bu arada Laura Shatto-nun Max (Maksim Kuzmin) və onun anabir qardaşı Kristopher-i (Kirill) Rusiyanın Pskov şəhərindəki uşaq evindən necə övladlığa götürdüyü barədə təfərrüatlar daxil olur.

Laura Shatto-nun dərs dediyi Midlend Ali Məktəbinin tələbələri onun haqqında yalnız xoş sözlər deyirlər. Onlar bildirirlər ki, Laura Rusiyadan uşaq götürməyə hazırlaşdığını və özünü son dərəcə xoşbəxt hiss etdiyini deyirmiş.

KRISTOPHER ÜÇÜN NARAHATLIQ

Bu arada rəsmi Moskva Max-ın qardaşı Kristopher Shatto-nun Rusiyaya qaytarılmasını tələb edir.

Onun bioloji anası Yulia Kuzmina oğlunun ona qaytarılması üçün televiziya vasitəsilə Prezident Putinə müraciət edib.

AzadlıqRadiosu bildirir ki, bu çıxışdan bir-neçə saat sonra Yulia-nı sərxoş vəziyyətdə özünü pis apardığına görə getdiyi qatardan düşürüblər.

Yerli mətbuat xəbər verir ki, Kuzmina öz övladlarından vaxtilə bədrəftar və əyyaş olduğuna görə məhrum edilmişdi.
XS
SM
MD
LG