Keçid linkləri

-

Nəticə çıxarmaq üçün qədim yunanların faydalandığı üsullar bir çox hallarda mübahisəli olsa da, min illərdir ki, bəşəriyyət mədəniyyətin özülü kimi məhz qədim yunan mədəniyyətini götürür. Məsələn, mənə katarsisin haradan və necə götürülməsi çox maraqlı görünür. Əvvəlcədən qeyd edim ki, katarsis kobud mənada, faciədən təmizlənərək çıxmaq mənasını, insanın mənəvi aləminin durulmasını və saflaşmasını nəzərdə tutur. Bir az əvvəldə dediyim kimi, əgər bu doğrudursa, nədən müharibələr insanları saflaşdırmır? Nədən müharibələrin yekunu maddi nemətlə, real fayda ilə ölçülür, heç mənəvi amillər yada belə düşmür?... Xocalı faciəsi günündə bunu elə-belə, təsadüfən xatırlamadım. Daim fikirləşirəm ki, Xocalı faciəsi bizlərdə hansı hissləri oyadır, qəlbimizin hansı tellərinə toxunur? Təkcə hüzn oyadırmı bu faciə bizdə, yoxsa zülmə və qəddarlığa nifrət, öz yaxınına, öz millətinə məhəbbət hissi aşılayır? Sadaladığım hisslərdən siyasət üçün ən anlaşıqlısı revanş hissidir, bunu başa düşmək siyasətçidən elə bir mənəvi səfərbərlik tələb etmir. Amma bu, az deyilmi? Biz Xocalını dünyaya erməni separatçılarının vəhşiliyinin təsdiqi kimi təqdim etmək istəyirik. Amma bunu həm də müharibəyə nifrət, ölümə nifrət, zorakılığa nifrət, qəddarlığa nifrət kimi aşılasaq daha yaxşı olmazmı? Mənə qalsa bu günü həm də siyasətçilərin məsuliyyət günü elan edərdim. Axı ola bilməz ki, sənə tapşırılan ən böyük vəzifəyə – insanların həyatını qorumağa elə-belə, dırnaqarası baxasan, buna görə məsuliyyət daşımayasan, sadəcə «mən bacarmadım, imkan vermədilər, xəyanət oldu» deyib, bir küncə çəkiləsən və öz həyatının davamını rahatca yaşayasan! Belə adamlara demək və başa salmaq lazımdır ki, səni vəzifəyə məhz ona görə qoymuşdular ki, bacarasan, imkan tapasan, xəyanətin qarşısını alasan! Siyasət və dövlət adamının məsuliyyət hissi olmalıdır, kimdə bu hiss yoxdursa, qoy, özündən küssün… Ona görə də Xocalı məsələsini bitmiş hesab etmirəm, nə qədər danışılsa da, deyilsə də bu məsələdə deyilməyən məqamlar yəqin ki, hələ də var. Vaxt gələcək, başqa mövqeləri də eşidəcəyik, bəlkə başqa yeni detallar da üzə çıxacaq…

SİYASİ, YOXSA TARİXİ QİYMƏT?

Bəzən deyirlər, gəlin məsələyə siyasi qiymət verək. Prinsipcə, başa düşmək olar bunu. Siyasi qiymətdən irəli gələn siyasi nəticələr olur. Amma bu nəticələrdən ən çox kim faydalanır? Daha çox siyasət adamları, çünki siyasi qiymət həm də dövrün, konkret bir zaman kəsiyinin reallıqlarını əks etdirir özündə. Bu daha çox bir siyasi qrupun məsələyə yanaşmasının təzahürü kimi meydana çıxır. Elə bu səbəbdən hüquqi və tarix qiymət daha önəmli görünür.

Çox təəssüf edirəm ki, ən əlverişli bir dövrdə, 1992-93-cü illərdə bu məsələni ciddi araşdırmaq imkanı olmadı. Biz daha bir siyasi qiymətlə, daha bir baxışla tanış ola bilərdik. Bəlkə onda da başqa siyasi qrupların ittiham edilməsi cəhdi ilə üzləşəcəkdik. Kim bilir? Amma düşünürəm ki, hətta belə yanaşma da maraqlı ola bilərdi və biz başqa siyasi detallarla tanış ola bilərdik. Əsl tarixi qiymətə gəldikdə isə, onun üçün bu siyasi epoxanın bitməsinə bir ehtiyac var, çünki «hamının hamıdan faydalandığı», «hamının bir-birinə işlədiyi» qarışıq zamanda əsl tarixi həqiqət çətin ki, üzə çıxsın. Onun üzə çıxması üçün şahidlərin şəhadətinə ehtiyac olmayan bir vaxt gəlib çatmalıdır. Elə bir vaxt ki, bu məsələyə öz siyasi simpatiyalarımızı və antipatiyalarımızı qata bilməyək…

İNSAN ÖLÇÜSÜ

Bu ifadə rus dilində daha yaxşı səslənir: «çeloveçeskoe izmerenie…». Amma fərq etmir, əsas odur ki, hər məsələyə münasibətdə insan ölçüsünü tapa bilək, insan ölçüsünü gözləyə bilək. Xocalı cəmiyyəti nə qədər humanistləşdirdi? İnsana verilən dəyər nə qədər artdı? Təəssüf ki, bu suallara cavab tapmıram.

Əgər biz insanları hələ də növbələrdə üzürüksə, onların malına-canına qəsd ediriksə, istədiyimiz məbləği ondan qoparmaq üçün aylarla get-gələ salırıqsa, məhkəmələrdə ədalətsiz qərarlar çıxarmaqda davam ediriksə, rüşvəti bir norma halına gətiririksə, hətta məktəblini rüşvətə öyrədiriksə, demək olarmı ki, Xocalıdan düz nəticə çıxarmışıq?...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG