Keçid linkləri

-

Bu gün olduqca maraqlı bir tarixdir. Düz 60 il bundan əvvəl İ. V. Stalin vəfat edib. İndi çox şey dəyişib, çox sular axıb durulaşıb. Əgər bir vaxt onu tanımamaq böyük heyrət doğururdusa indi, əksinə onu tanımaq əsl təəccübə səbəb olur. Bir vaxt bu adın çəkilməsi kifayət idi ki, adamın bütün içi çalxalansın, bu gün isə bu ad elə bir reaksiya doğurmur, hissləri hərəkətə gətirmir.

Onu tanıyanlar ya bu adamı sevirlər, ya da ona nifrət edirlər, ortalıq, aralıq bir hal yoxdur.

NASİONAL – STALİNİZM

Əslində unudulmaq diktatorların cəzası olmalıdır, çünki onlar düşünürdü ki, dünyanı tutub qalacaqlar, hamını kölgədə qoyacaqlar. Amma o da var ki, bəzən unutmaq, bilməmək böyük, bəlkə də növbəti bir cəzaya gətirib çıxarır. Mən bu adamın təqdimatı ilə məşğul olmayacam. Elə diktatorlar haqqında da çox yazmayacam. Çox yazılıb, çox deyilib. Amma onların kökü kəsilmir ki, kəsilmir. Tək buna görə istəyərdim ki, bu adamları unutmayaq, onların nəfəsini duyaq, hiss edək və belə adamların növbəti zühuruna imkan verməyək.

Stalin vəfat edib, 5 mart 1953-cü il

Stalin vəfat edib, 5 mart 1953-cü il

Stalinin tanınmamasından qürurlanmaq hələ tezdir. İndi atalarını, babalarını bu adama pərəstiş etdiyinə görə qınayanlar özləri ondan qat-qat kiçik öndərlərə tapınırlar, onlara pərəstiş edirlər. Ona görə də mən hələ özüm üçün yəqinləşdirməmişəm: Stalini tanımaq yaxşıdır, yoxsa tanımamaq? Burada mənim yadıma yazıçı M. Sholokhov-un (M. Şoloxov) bir etirafı düşür. Bəli, o demişdi ki, Stalinin vaxtında şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı!...

Hər dəfə rusların «staliniada» serialının növbəti epizoduna baxanda özümdən asılı olmadan qəribə hisslər keçirirəm və hayqırmaq, səs salmaq, insanları oyatmaq istəyirəm ki, bu adama gülməyin, o, əsla gülməli deyil, gülməklə, məsxərəyə qoymaqla onun tilsimini qıra bilməyəcəksiniz. Ən əsası isə, sizə heç kim inanmayacaq, çünki siz ondan qat-qat kiçik adamları bütə çevirmisiniz, ondan qat-qat balaca adamlara tapınmısınız, o adamlara ki, onlar tarixdə hətta neqativ baxımdan belə anılmayacaqlar, onların səhifəsi bircə anın içində çevriləcək, örtüləcək və bir də heç vaxt açılmayacaq…

Bu adamda sözün əsl mənasında təəccübləndirmək iqtidarında olan bir çox keyfiyyətlər cəmlənmişdi. Ən əsası isə onun ideyası, modeli vardı. İndi biz onun tarixə gömüldüyünü zənn edirik, amma bir daha onun modelinin çox eybəcər formasını yaşayırıq.

Azərbaycanlılar deyə bilərmi ki, şəxsiyyətə pərəstiş artıq keçmişdir, keçmişdə qalıb? Türkmənlər, qazaxlar, özbəklər, taciklər, belaruslar, hətta rusların özləri deyə bilərmi ki, artıq Stalin keçmişdə qalıb, onun səhifəsi çevrilib? Deyə bilməzlər! Ona görə ki, hələ də həmin dövrü yaşayırlar, həmin dövrün ruhu ilə nəfəs alırlar. Mən buna bir qədər başqa ad verərdim, ona «nasional- stalinizm» deyərdim. İndi biz hamımız öz «milli stalinlərimiz»i yaratmaqla, onların bir qara qəpiyə dəyməyən məzmunlarına pərəstiş etməklə məşğuluq.

ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ HARADAN BAŞLANĞIC GÖTÜRÜR?

Gənc pionerlər Stalini salamlayır

Gənc pionerlər Stalini salamlayır

Stalini ifşa etdiyini düşünən, onun şəxsiyyətə pərəstiş modelinə son verdiyini zənn edən N. Khrushov-lar (N. Xruşşov), L. Brezhnev-lər (L. Brejnev) sonradan şəxsiyyətə pərəstişin elə eybəcər formasını yaratdılar ki, adam bunları görəndə Stalinə «rəhmət» oxuyur. Onlardan sonra milli respublikalarda cırtdan Stalinlər yetişməyə başladı. Ruslar isə hələ də bu fenomenə bir şəxsin təcəssümü kimi baxır, amma stalinizm model idi – millət modeli, cəmiyyət modeli, lider modeli… Deməli, Stalini demontaj etmək üçün modeli sökmək, dağıtmaq, başqası ilə əvəz etmək lazımdır. Bütün totalitar və avtoritar modellərdə şəxsiyyətə pərəstiş var, stalinizm elementləri var. Əgər bu modelləri dəyişməmisinizsə, hesab edin ki, siz hələ stalinizm prinsipləri ilə yaşayırsınız, onunla nəfəs alırsınız… Stalinizmdə totalitar sistem özünün pik nöqtəsinə çatdı. İndi onun təzədən doğuşu bir az ehtimallı görünmür. Amma bu, zahiri təəssüratdır. Stalin hətta uşaqlar üçün dərc olunan «Murzilka» jurnalını oxuyurdu və onu da nəzarətdə saxlayırdı. İndi milli stalinlərin belə enerjisi yoxdur ki, özləri hər şeyə nəzarət etsinlər, amma onların sistemi var. Bir baxın, görün uşaqlar üçün dərsliklərdə nələr yazırlar?! Tanış dəsti-xətt deyilmi? Ona görə də 60 ilin keçməsinə inana bilmirəm, elə bilirəm ki, o hadisələr bu gün, indi baş verir və biz hələ də «milli ucqarlarda» - milli respublikalarda yaşayırıq, «millətlər atası»nın dedikləri ilə oturub-durur, onunla nəfəs alırıq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG