Keçid linkləri

-

Dünyanın əbədi qanunları var: kasıb həmişə varlının pulunu sayar, varlı isə həmişə varını-dövlətini gizlədər. Ona görə də «Forbes»ın açıqlamaları hərəyə bir cür təsir edir. Varlılar düşünür ki, nə yaxşı ki, mənim adımı bu siyahılarda çəkməyiblər! Kasıblar qeyzlənir ki, niyə bizim adımız belə siyahılara düşmür?! Mən isə həmişə bu siyahılarda əsl varlıların adını axtarıram, amma heç vaxt onları tapa bilmirəm. Jurnala inansaq dünyada cəmi üç azərbaycanlı milyarder var. İnandırıcı görünürmü? Şəxsən mənim buna elə də inamım yoxdur, çünki hesabla bundan qat-qat çox olmalıdır. Ona görə ki, özəlləşdirmə adlı kampaniyadan bu dövlətdə hərəyə biri şey düşdü, kimi bir-iki çek aldı, kimi də ölkə sahibi oldu. Məşhur jurnala da məhz bu səbəbə görə acığım tutur - ölkələri özəlləşdirən adamların siyahısı bu dərgidə öz əksini tapmır.

SİYASƏTÇİLƏR DAHA VARLIDIR, YOXSA İŞ ADAMLARI?

Sual sizə qəribə gəlməsin. O elə də predmetsiz deyil, çünki elə ölkələr var ki, orada bu iki status birləşdirilib, siyasətçilər həm də iş adamlarına çevrilib. Mən bu haqda çox yazmışam. Bəzi ölkələrin belə perspektivi hələ bir neçə il bundan əvvəl çox sanballı əcnəbi iqtisadçılar tərəfindən proqnozlaşdırılmışdı. Nə deyilmişdisə o da baş verdi. Siyasi hakimiyyət özü bəzən kapitala çevrilir. Özü də düşünməyin ki, bu, yalnız keçmiş sovet ölkələrində belə olur. Hətta bəzi ərəb ölkələrində ölkənin idarəçilik «paket»ini əlində cəmləşdirənlər elə iqtisadi bölgüdə də (bölgü olubmu?) ən böyük pay sahibi olublar. Amma bizim predmet daha çox keçmiş sovet ölkələri ilə bağlıdır. Bu qədər korrupsiyadan danışılır, məmurların özbaşınalığı diskussiya mövzusu olur, amma iqtisadiyyatın təməl modelindən heç kim söz açmır. Təməl modeli isə olduqca sadədir: siyasi hakimiyyət iqtisadiyyatı da uzurpasiya edib. Bəlkə də dünyada elə analitik dərgilər var ki, onlar siyasət mənsublarının sərvətini araşdırır. Amma nədənsə belə açıqlamalarla yalnız haradasa despotik rejimlər devriləndə tanış oluruq. Adi hallarda isə bu haqda yalnız ayrı-ayrı jurnalistlər danışır. İndi bəlkə də B. Ivanishvili (B. İvanişvili) yeganə siyasətçilərdəndir ki, onun sərvəti haqda müəyyən qədər təsəvvür var. Bəs digərləri? Üstəlik, Gürcüstanın baş naziri bu sərvəti hələ hakimiyyətə gəlməmişdən qazanıb. Bəs hakimiyyətə gələndən sonra qazananlar? Onlar azdırmı?

HƏTTA QAZAXISTANDA İQTİSADİYYAT DAHA ŞƏFFAFDIR…

Dinara Kulibaeva

Dinara Kulibaeva

Siyahıda Qazaxıstan prezidentinin qızının da adı var. Amma başqa prezident övladları var ki, şəxsi biznesə malik olduqlarını etiraf etsələr də, onların sərvəti haqda heç bir təsəvvür yoxdur. Başqa maraqlı detal da var. Qazaxıstan prezidentinin qızının ölkədə dördüncü varlı adam olduğu yazılır. İlk üçlüyün kimdən ibarət olması az maraq kəsb etməsə də bunu da göstərici kimi qəbul etmək olar. Azərbaycanda iqtisadi yüksəlişdən çox danışılır. Amma elə burada qeyd edim ki, qazaxlar bir neçə ilə yeni və böyük şəhər saldılar. Bunu elə-belə, söz gəlişi qeyd etdim. Qayıdaq mətləbə. Özəl sektorun inkişafı da mühüm iqtisadi göstərici hesab edilir. Bəs ölkədə özəl sektoru kim təmsil edir? Bu haqda əhəmiyyətli və real söz demək çətindir. Rusiyada milyarderlər siyahısı yüzdən çox adamı əhatə edir. Amma belə çıxır ki, Azərbaycanda heç milyonçu da yoxdur! Bunun səbəbini bir dəfə bir millət vəkilindən soruşdum.

O, bunu mentalitetlə əlaqələndirdi! Heç dəxli varmı? Axır vaxtlar mentalitet az qala «kanalizasiya borusu»na çevrilib, hər şey bura «axıdılır». Bəs bizim deputat necə, haqlı idimi? Təbii ki, yox. Reallıq odur ki, bu hakimiyyət elə amerikalı yazıçı O. Henry-nin (O. Henri) qəhrəmanı kimi başqasının cibində olan hər bir dolları özü üçün dərd, problem sayır. Reallıq budur. Əgər ölkədə mövcud olan milyarderlərin, ümumiyyətlə, böyük sərvətə malik insanların siyahısını tutmaq qərarına gəlsəydik, gərək bütün yüksək çinli məmurların adını bu siyahıda birinci yazaydıq – Azərbaycanın özəl sektorunun ən böyük özəlliyi də elə budur. Böyük sahibkarlıq bəzən böyük iqtisadi polyarlaşma göstəricisi kimi təqdim olunur. Amma belə deyil. Hər yerdə və həmişə orta biznesdən kənara çıxmalar olur. Amma burada başqa maraqlı sual yaranır. Bəs orta təbəqə və orta biznes necə? Özünü bu ölkədə rahat hiss edə bilirmi?

Nəzərə alsaq, ölkə iqtisadiyyatının əsas problemlərindən biri inhisarçılıq hesab edilir və bu, ən azı formal olaraq ən yüksək səviyyədə etiraf olunur, onda orta biznesin aqibəti bizə aydın olar – inhisarçılıq həm də kapitalın bir növ təmərküzləşməsi, oliqarxların əlində cəmləşməsi deməkdir. Bunun haqqında isə çox təəssüf ki, «Forbes» kimi dərgilər hələ yazmır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG