Keçid linkləri

-

Tədqiqat və tədris institutlarının üzücü bir yeknəsəqliyi, hətta deyərdim ki, etinasızlığı vardı. Üstündən illər keçsə də o üzüntünü unutmamışam. Uzun və siqaret tüstüsündən boğucu dəhlizlər. Adamlar bir-bir, iki-iki o tərəf-bu tərəfə gedir, öz aralarında nəsə danışırlar. Mövzu ya dünən axşam baxdıqları siyasi veriliş, ya da hansısa qəzet məqaləsidir. İndini bilmirəm, o vaxt elmi institutlarda elmdən danışmaq dəbdə deyildi. Elmlə məşğul olmaq, daha doğrusu dissertasiya üzərində işləmək üçün uzun müddətə Rusiyanın şəhərlərinə ezamiyyətə gedirdilər. Bir də görürdün ki, biri elmlər namizədi və yaxud da doktor oldu. Titullar artırdı, amma məzmun dəyişmirdi. «Alimlər» əsrdə bir dəfə keçirilən seminarlarda hətta öz işlərini əməlli-başlı, dürüst şərh edə bilmirdilər. O vaxt fikirləşirdim ki, görən, dünyanın elm cəmiyyətləri bu adamların işləyib-işləməməsinin fərqində idimi? Bu gün də əminəm ki, əgər bir gün o adamların hamısı elmlə məşğul olmağı atsaydı dünya elmi bundan heç nə itirməzdi. Tədris institutları da həmin vəziyyətdə idi. Amma tədris institutunda işləmək bir qədər yüksək status hesab edilirdi. Səbəbini yəqin bilirsiniz. «Filankəs institut müəllimidir» deyirdilər, bir qədər ucqar rayonlarda belələrini hətta professor çağırırdılar, çox adam elə bilirdi ki, institut müəllimlərinin hamısı professor olur…

O vaxtdan indiyə qədər nə dəyişib? Bilmirəm. Bildiyim odur ki, eyni ölkədir, eyni adamlardır. Nəsə dəyişə bilərmi? Bəlkə də bilərdi, amma bizim insanlar dəyişikliyi o qədər də sevmirlər.

HAMI YAZIR, ONA GÖRƏ Kİ, HEÇ KİM OXUMUR…

Bizim stolların üstü kitablarla dolu olur. Bir nəfərin kitabı çıxan kimi düz jurnalistlərin üstünə cumur, ədəb-ərkanla kitabın üstünə avtoqraf yazır və öz jurnalist dostlarına - yəni bizlərə hədiyyə edir. Axırda da qayıdır ki, gör bunu bir yaxşıca işıqlandıra bilməzsən?!. Mənim poliqrafiyaya, kitabşünaslıq elminə elə bir bələdçiliyim yoxdur, bilmirəm, əvvəllər necə olub? İndi kitab dərc etmək üçün əsas odur ki, azacıq pulun olsun, içində bir şey olmasa da olar, amma üz qabığını möhtəşəm etmək və mütləq kitabın üstündə öz portretini dərc etmək lazımdır, yoxsa kitab urvatsız olar. Kitabın adına baxan kimi bilirsən ki, içində nə var. Amma bütün bunlara baxmayaraq ölkədə «elmi-ədəbi proses» davam edir.

BİZ İDEOLOJİ DÖVLƏTDƏ YAŞAYIRIQMI?

Formal olaraq yox. Ölkədə yaradıcılıq azadlığı hökm sürür. Amma yaradıcı insanlar dəhşətli şəkildə ürəklərindəki senzordan, ictimai rəydən asılıdırlar. Hər şey bəsit və sxematikdir. Bu yaxınlarda qalmaqal yaradan romanı mən yalnız və yalnız ona görə oxudum ki, orada sxemlərdən kənara çıxmaq cəhdi vardı. Düz idi, düz deyildi, xeyirli idi, ya xeyirsiz - bu, başqa bir söhbətin mövzusudur və o vaxt biz də bu haqda bir-iki kəlmə yazdıq.

Amma sxemlərdən kənara çıxmaq cəhdi vardı. Yazıçının, yazarın hər bir əsəri əslində yenilik olmalıdır. Bu ölkə isə yeniliyi sevmir. Əslində ölkə ədəbi qalmaqallar yaşamalıdı. Amma indicə qeyd etdiyimiz qalmaqallı roman ətrafında yaranan səs-küyün də ədəbiyyata az dəxli vardı, bu daha çox siyasi məsələ idi. Bəlkə elə yazıçı da onu siyasi qalmaqal yaratmaq üçün yazmışdı. Kim bilir? Son 20 ildə elə bir əsər yadıma gəlmir ki, adamın azacıq da olsa içini tərpətsin. Amma əvvəllər epizodik də olsa belə ədəbi hadisələr baş verirdi. Mənə elə gəlir ki, problem ondadır ki, ədəbi proses yaşam tərzinə çevrilmir. Bir vaxt hər ay ədəbi jurnallar alırdıq. İndi hətta xəbərimiz belə yoxdur ki, bu cür jurnallar dərc olunur, ya yox?

ƏGƏR SƏN OLMASAN…

Dünya dağılacaqmı? Yer öz məhvərindən çıxacaqmı? Bu ölkədə hər addımda adamın hiss etdiyi budur. Sonra da deyirlər ki, hər bir adam əvəzolunmaz və hətta «nadir nüsxədir». Adamda azacıq müstəsnalıq hissinin olması yaxşı şeydir. Yəni heç olmasa bir-iki adam duymalıdır ki, sən olmasan filan qədər yer boş qalar. Sovet rejimi insanlarda müstəsnalıq hissini öldürürdü, çünki hamı böyük bir mexanizmin kiçik bir vinti idi. İndi də adama elə gəlir ki, biz böyük bir yola çıxmışıq, nə arxamıza baxırıq, nə də ayaqlarımızın altına. Doğrudan da bu ilkin «kapital yığımı» dövrü nə pis şey imiş! Adam hətta özünü bazara, satışa çıxarılmış hiss edir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG