Keçid linkləri

Martın 12-si Kiber Senzura ilə mübarizə günündə Sərhədsiz Reportyorlar təşkilatı ənənəvi İnternetin düşmənləri siyahısını və İnternetdə nəzarət hesabatını açıqlayıb.
İnternetin düşmənləri siyahısında bu ilk 5 ölkə yer alıb: Suriya, Çin, İran, Bəhreyn və Vyetnam.

Bu ölkələrdə qurumlar sadəcə internetdəki məlumatlara nəzarət etmir, senzura filtrləri tətbiq edir, əlaqə vasitələrini məhdudlaşdırır, internet fəallarına qarşı virus və başqa vasitələrlə mübarizə aparır, həm də onları virtual fəaliyyətinə görə real həyatda təqib edir.

Böyük Elektronik Çin Səddi adı verilən sistemlə Çində az qala internetdəki hər şey nəzarət altında saxlanılır, senzuranın icazə vermədiyi heç nə istifadəçilərinin kompüterlərində peyda olmur. İranda da bənzəri sistem üzərində iş gedir – bu dəfə onu Halal internet adıyla hazırlayırlar.

Ancaq bu ölkələrin sözügedən nəzarəti və məhdudlaşdırmanı gerçəkləşdirmək üçün hökmən texnologiyalara ehtiyacı var ki, əksər hallarda bu texnologiyaları özləri hazırlamır, hazır şəkildə Qərb şirkətlərindən alırlar.

İNTERNETİN DÜŞMƏNLƏRİ - QƏRB ŞİRKƏTLƏRİ

Sərhədsiz Reportyorlar Təşkilatı da məhz bu üzdən İnternetin Korporativ Düşmənləri adlı siyahı da hazırlayır. Həmin siyahıda avtoritar rejimlərə internetə nəzarət etmək üçün texnologiyalar satan şirkətlər yer alır.

Bu siyahıda aşağıdakı şirkətlər yer alır:

- “Hacking team” İtaliyada qeydiyyatdan keçib, ABŞ və Sinqapurun maliyyələşdirdiyi şirkətdir. İnternetə nəzarət imkanı verən Da Vinci uzaqdan nəzarət sistemlərini 30 ölkəyə satır;

- “Blue coat” ABŞ şirkətidir. İnternet traffikə nəzarət və müdaxilə imkanı verən Deep Packet Inspection sistemlərinin Suriya, Rusiya, Myanmardan tutmuş Ərəb ölkələri və Türkiyənin də olduğu onlarla ölkədə müştərisi var;

- "Trovicor” Almaniya şirkətidir - Nokia Siemens Netüork və Siemensin bir şöbəsinin əsasında yaradılıb. 100-dən çox dövlət tərəfindən internetdə məlumatların ötürülməsi və səs danışıqların dinlənməsində istifadə edilən müşahidə sistemləri satır;

- Fransız şirkəti olan “Amesys” hələ Qaddafi zamanında Liviyaya insan haqları fəalları və jurnalistlərin virtual aləmdə fəaliyyətini izləməyə imkan verən EAGLE nəzarət sistemlərini satmasıyla məşhurlaşmışdı. Fransada bu şirkətə qarşı məhkəmə iddiaları da var, amma hələ baxılır.

- “Gamma İnternational” Britaniya / Almaniya mənşəli şirkətdir. Xüsusi FinFisher Suite texnologiyaları vasitəsi ilə internetdəki kodlaşdırılmış emaillərin açılması, məlumatların oxunması, casus proqramlarının göndərilməsi və traffikə nəzarət üçün istifadə edilir. Bəhreyn, Misir və Ərəb Əmirliklərində hüquq müdafiəçilərinə qarşı istifadəylə məşhurlaşan sistemlərdən Avstraliya, Çexiya, Estoniya və ABŞ-da da istifadə edilir.

Sərhədsiz Reportyorlar bildirir ki, bu sistemlərdən istifadə nəticəsində hazırda dünyada 180-dən çox netizen – yəni internet fəalı həbsdədir və minlərlə fəal da təqib edilir. Bu ölkələrin arasında Azərbaycanın da adı hallanır.


İNTERNETDƏ ÖZÜNÜ İFADƏ AZADLIĞI

Hesabatda bildirilir ki, 2012-ci ilin 5 iyulunda BMT İnsan Haqları Şurasının qərarı ilə internetdə özünüifadə də özünü ifadə azadlığının tərkib hissəsi kimi tanınıb.

Ancaq 2012-ci ilin sonunda Dubayda keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti forumunda ittifaq üzvlərindən bəziləri internetə nəzarət üçün müəyyən sazişlər təklif ediblər.

Həmin razılaşmalar 55 ölkə - ABŞ və Avropa Birliyi ölkələri tərəfindən imzalanmasa da, 89 ölkə bu yolla internetə nəzarət etmə istəyini imzası ilə bəyan edib.

Avropa İnsan Haqları Məhkəməsi isə 2012-ci il Dekabrın 18-da Türkiyəyə qarşı presedent qərar verib. Və İnternetin filtrlənməsinin insan haqları pozuntusu olaraq tanıyıb.

Şərhləri göstər

XS
SM
MD
LG