Keçid linkləri

-

Təkcə vətənpərvərliklə deyil, istənilən digər problemlərlə bağlı meyarlar əslində on illər ərzində davam edən ictimai müzakirələrdə müəyyən edilməlidir. Bunun yolu isə suallardan keçir. Müxalifət partiyalarının liderləri digər dövlətin nazirinə Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyəti ilə bağlı söylədiyi tənqidi fikirlərə görə minnətdarlıq edə bilərmi? Başqa bir dövlətin tribunasından öz ölkəndəki neqativ hallarla bağlı fikir söyləmək olarmı?... Bu suallar sizə adi görünməsin. Onlar zahirən belə görünür. Amma onlar haqqında düşünəndə yadıma rus yazıçılarından birinin fikri düşdü. Həmin yazıçı deyirdi ki, bir çoxu iki müxtəlif anlayışı qarışdırır - bunlardan biri vətən, digəri isə əlahəzrət hökmdardır…

Bizim günlərdə siyasət adamlarını, hüquq müdafiəçilərini, ictimai fəalları «vətənə xəyanət»də suçlamaq adi haldır. Səbəb isə sadədir. Hakimiyyət bir qədər əvvəldə qeyd etdiyim kimi, özünü dövlətlə eyniləşdirir, öz ünvanına yönələn tənqidləri ölkənin əleyhinə yönəlmiş fikirlər, bəyanatlar kimi təqdim edir. Bəzən belə cəhdlərdə ritorika və pafos elə bir həddə çatır ki, o, hətta nabələd adamı çaşdırmaq iqtidarında olur. Bu da təsadüfi deyil, çünki psevdo-vətənpərvərlik həmişə insan şüurunun ən özəl və zərif nöqtələrini qıcıqlandırmaq gücündə olan örtükdə təqdim edilir. Buna yeni dövlətlərin vətəndaşlarının dövlətçiliklə bağlı hələ tam formalaşmamış mental təsəvvürləri də, necə deyərlər, yardımçı olur. «Evin sirrini çölə çıxarmaq düz deyil!» fikri bəzən özünü az qala xarici siyasətin direktivi kimi təqdim edir. Ümumiyyətlə, avtoritar və totalitar dövlətlərdə rəsmi təbliğatın ibtidai təsəvvürlər əsasında qurulması adi haldır, buna hətta təəccüblənmək də mənasız məşğuliyyətdir, çünki insanların dövlət və idarəçiliklə bağlı təsəvvürləri yetkinləşəndə artıq onlar yeni idarəçilik psixologiyası və qaydaları tələb edir və əksər hallarda da buna nail olurlar.

AVTORİTAR SİSTEMLƏRDƏ HAKİMİYYƏT ƏN ÇOX NƏYİ QISQANIR?

Avtoritar ölkələrdə bir qayda olaraq xarici əlaqələr hakimiyyətin inhisarında olur. Hakim siyasi elita cəmiyyətin digər kəsimlərinə xarici əlaqələri, hətta dünya ilə ünsiyyəti qısqanır. Dəfələrlə olub ki, müxalifətin Qarabağ problemi və digər problemlərlə bağlı kiçik təşəbbüsü hakimiyyət tərəfindən böyük suç kimi dəyərləndirilib. İş o yerə çatıb ki, indi bunun davamı kimi sosial şəbəkələr gündəmə gəlib. Cəmiyyətin bəzən ünsiyyət üçün ölkənin milli sərhədlərini aşması az qala dövlətçiliyə «böyük təhlükə» kimi yozulur. Belə vəziyyət insanları, xüsusən də gəncləri çaşdırır, bəzən onlar heç bir günahları olmadığı halda özlərini günahkar bilirlər. Bəs burada doğru yol nədir? Təbii ki, siyasət haqqında ibtidai təsəvvürlərdən qurtulmaq lazımdır. Yadıma gəlir ki, bir vaxt insanların Avropa Məhkəməsində çəkişməsini də beləcə milli xəyanət kimi təqdim edirdilər. Hətta məhkəmə predmetinin adını –«Filankəs Azərbaycana qarşı» deyimini böyük bir milli dönüklük kimi gündəmə gətirirdilər. Başqa ölkələrdə belə məsələlər çox sadə tənzimlənir. Məsələ bundadır ki, o ölkələrdə müxalifətçi qüvvələr heç vaxt siyasətdən tam kənarda qalmır, ondan tam təcrid olunmurlar, onlar hökumətdə, ya da ən azı parlamentdə və ya yerli idarəçilikdə təmsil olunurlar. ABŞ-da müxalifətdə olan konqresmenlər xarici ölkələrə səfərlər edir və xarici siyasətin formalaşmasında iştirak edirlər. Lap bu yaxınlarda, ABŞ-ın yeni dövlət katibi təyin olunarkən, onun haqqında çox maraqlı fikir səsləndi: «O, xaricə ən çox səfər edən siyasətçidir». Əslində bu milli təhlükəsizlik anlayışının bütövlüyünə, tamlığına dəlalət edən fakt hesab olunmalıdır. Prezidentlərin də öz siyasi fəaliyyətlərinin hakimiyyətə qədərki kəsimində xarici ölkələrə səfərlər etməsi və siyasi resurslarını bu yolla artırması adi haldır. Burada adi bir məntiq işləyir. Bu günün müxalifəti sabahın hakimiyyəti deməkdir. Ona görə də heç kim istəməz ki, sabahın idarə edənləri siyasətdə naşı adam olsunlar, dünya və xarici siyasət haqqında təsəvvürlərə malik olmasınlar.

KİÇİK SÖZARDI

Əslində siyasətçilər, müxalifət və ictimaiyyət adamları belə ittihamlara qarşı özlərində immunitet formalaşdırmalıdırlar. Rəsmi təbliğat yalanı öz məzmununun əsas hissəsinə çevirəndə özünün ictimai kəsərini və təsirini itirir, bir növ isterik söz yığınına və siyasi isterikaya çevrilir. İsterika isə həmişə normal məntiqdən kənarda olur. Normal məntiq isə meyarı sağlam təsəvvürlər əsasında müəyyən etməyi diktə edir. Hansısa siyasi qüvvə hakimiyyəti müəyyən müddətə zəbt edə bilər, amma o, insanların ürəklərinə hakim ola bilməz. Ona görə də ürəyin diktəsinə qulaq asmaq lazımdır, xüsusən də bu ürək vətənə sevgi ilə çırpınırsa…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG