Keçid linkləri

-

Son günlərinin ən maraqlı, bir qədər də gözlənilməz xəbəri sözsüz ki, İsrailin Türkiyədən üzr istəməsi oldu. Bunu təntənəli qürur tonunda deyil, ciddi bir geosiyasi işarə, simvol kimi vurğulayardıq. ABŞ prezidentinin regiona səfəri, orada keçirilən görüşlər əvvəldən böyük maraq doğurmuşdu. Amma bu kontekstdən yanaşanda belə Türkiyədən üzr istənilməsi, özü də belə tez və asanlıqla üzr istənilməsi bu tezliklə gözlənilmirdi. Lap əvvəldən belə təəssürat yarandı ki, B. Obama regiona xüsusi məqsəd üçün səfər edib. Bəs bu məqsəd nə ola bilərdi? Bu, amerikalı siyasətçilərin Yaxın Şərqə ənənəvi marağının təzahürü idi, yoxsa burada başqa bir məsələ vardı?

SURİYA MƏSƏLƏSİNƏ NÖQTƏ QOYULURMU?

Elə əvvəldən düşünürdük ki, görüşlərdə Suriya məsələsi müzakirə olunacaq. Düzdür, B. Obama-nın İsrailə, Fələstinə və bir də Livana səfər etməsi bunu bir qədər mübahisəli edirdi, çünki ərəb dünyasının əsas mərkəzlərilə də bu məsələ müzakirə mövzusu olmalı idi. Amma İsrailin Türkiyədən tələsik üzr istəməsi, hətta Qəzzanın blokadasını götürməyə hazır olduğunu bildirməsi belə təsəvvür yaratdı ki, hansısa mühüm məsələ ərəfəsində Türkiyənin razılığını almaq istəyirlər. Həmin regionda isə indi ən mühüm məsələ yalnız və yalnız Suriyadır. Başqa bir səbəblə İsrailin belə tələsik formada Türkiyədən üzr istəməsini izah etmək çətindir. Suriya məsələsi artıq İsraili də əndişələndirməyə başlayıb. İsrail ehtiyat edir ki, Suriyanın silah-sursatı terrorçu qüvvələrin əlinə keçə bilər. Bu yaxınlarda Avropa Birliyinin toplantısında İsrailin prezidenti Suriyaya təcili müdaxilənin zəruriliyini əsaslandırmağa çalışmışdı.

Yaxın Şərqdə isə heç bir məsələ Türkiyənin razılığı olmadan çözülmür. Vacib deyil ki, razılıq onun həmin prosesdə iştirakını nəzərdə tutsun, yox, bunsuz da keçinirlər. Amma əsas məsələ bu dövlətin - Türkiyənin, necə deyərlər, ən azı neytrallığını təmin etməkdir.

İndi Türkiyənin xarici siyasət kursu elə formalaşıb ki, o, ölkənin nüfuzunu bütün keçmiş Osmanlı ərazisinə yaymağa cəhd edir. Buna nail olmaq üçün bəzi ənənəvi xarici siyasət hədəflərinə yenidən baxmaq lazım gəlir. Doğrusu, Türkiyənin İsraillə münasibətlərinin pisləşməsini lap əvvəldən təqdir etməmişdik. Amma itkilər olmasa qazanc da olmur. Ə. Davudoğlu siyasəti ərəb dünyasına tərəf yönəltməyə cəhd edir. Sözsüz ki, bu regionda çox böyük resurslar var və onlar təkcə geosiyasi məzmun kəsb etmir, ərəb dünyasının maliyyə və iqtisadi resursları da kifayət qədərdir. Türkiyənin sonuncudan nə qədər yararlana bildiyini deməyə çətinlik çəkirik. Amma həmin resursların heç olmasa bir hissəsini Türkiyəyə yönəltmək mümkün olsa, ölkənin iqtisadiyyatı güclü təkan alar. Güman ki, Türkiyədə bunu düşünürlər və ərəb dünyasına maraq təkcə dini həmrəyliyin nəticəsi kimi təzahür etmir, burada ciddi geoiqtisadi və geosiyasi gözləntilər də var. Çox güman ki, Türkiyənin ərəb dünyasına dönüşü bu ölkələr arasında da müsbət reaksiya doğurur. Əks-təqdirdə İsrailin üzr istəməyə məcbur olmasını izah etmək çətin olardı. Hər halda, İsraillə Türkiyənin münasibətlərinin yoluna qoyulmasının özü çox müsbət haldır. Bir daha deyirik ki, bu, Türkiyənin regiondakı rolunun etirafıdır. Bu, həm də o deməkdir ki, ABŞ da Türkiyəyə böyük önəm verir.

Aydın oldu ki, bəzi mülahizələrə rəğmən Türkiyənin ABŞ üçün önəmi heç də azalmayıb. Burada taleyin bir ironiyasını da qeyd etmək yerinə düşər. Avropanın öncül dövlətlərindən biri – Fransa vaxtilə qeyd etmişdi ki, Avropanın Türkiyəyə, Türkiyənin də Avropaya ehtiyacı yoxdur. Güman edirik ki, bu tezisə yenidən baxmağa dəyər, baxmayaraq ki, Avropa ölkələrindəki son proseslər onu bir qədər maraqsız duruma gətirir. Amma dünya siyasətində ciddi rol oynamağa cəhd edən Avropa Birliyi Türkiyənin gücünü özü üçün bir daha qiymətləndirsə, hər halda bu, heç də pis olmaz. Bu günün daha düzgün siyasi məntiqi budur ki, əslində hamının bir-birinə ehtiyacı var və bu gün tək nəsə etməyə cəhd etmək ən azı riskli məşğuliyyətdir, xüsusən də riskli regionlarda…

MİFOLOJİ TƏSƏVVÜRLƏR VƏ XARİCİ SİYASƏT

Yaxın Şərq neçə illərdir ki, operativ siyasi düşüncənin və intuisiyanın sınağa çəkildiyi siyasi meydana çevrilib. Böyük siyasətin təmsilçiləri öz diplomatik bacarıqlarını məhz bu regionda yoxlamağa cəhd edirlər. ABŞ prezidentinin regiona səfərini prinsipcə, bir neçə aspektdən yozmaq olardı. Amma əsas nəticə gözlənildiyindən də uğurlu oldu. ABŞ özünün iki yaxın müttəfiqini bir araya gətirə və barışdıra bildi. Düzdür, bununla ərəb-İsrail münaqişəsinin çözüldüyünü demək bir qədər sadəlövhlük olsa da, Suriyanın ətrafındakı həlqənin bir az da daraldığını demək mümkündür. Ərəb dünyasına gəldikdə isə İsrail ABŞ-a siyasi baxımdan yaxın olduğu qədər, ərəb dünyasına da coğrafi baxımdan bir o qədər yaxındır. İsrail bunun fərqindədir. ABŞ da bunu nəzərə alır. Təəssüf ki, ərəb dünyası regionun geosiyasi arxitekturasını yanlış bir doktrina üzərində, hətta deyərdik ki, abstrakt dini-mifoloji təsəvvürlər üzərində qurur. Düşünürlər ki, elə bir vaxt gələcək ki, ABŞ da çökəcək, İsrail heç olacaq, dünyanın hamısı dönüb müsəlman olacaq və onda ərəb dünyası sözünü deyəcək. Amma bu vaxt nə vaxtsa gələcəkmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG