Keçid linkləri

-

Siyasətin aysberq kimi görünməyən tərəfləri çoxdur. Bəli, bəzən adama elə gəlir ki, bütün siyasi prosesləri ənənəvi siyasətin çərçivələri hüduduna salmaq mümkündür. Amma dərindən fikirləşəndə görürsən ki, ən böyük siyasət elm və mədəniyyətdir. Siyasətçilər onların haqqında bir qayda olaraq yalnız seçkilər vaxtı düşünürlər, başqa vaxt bu sferaların varlığı heç yadlarına da düşmür.

Amma bəzən spontan şəkildə elmi və mədəniyyəti himayə edən elə mexanizmlər yaranır ki, siyasətçilərin yardımına, seçki platformalarında elmlə bağlı tezisləri axtarmağa heç ehtiyac da qalmır. Təxminən bir əsr bundan əvvəl iş adamı A. Nobel belə bir mexanizm yaratdı və bununla həm elmi şərəfləndirdi, həm də öz adını.

İndi adını çəkəcəyim yeni təşəbbüs də bu qəbildəndir. Amma həmin təşəbbüsün Nobel mükafatına çatması üçün hələ illər keçməlidir, elm aləmi onu mötəbər mükafat kimi qəbul etməlidir.

Sözün qısası, rusiyalı iş adamı Y. Milner fizika sahəsində yeni mükafat təsis edib. Onun Nobel mükafatından fərqli olaraq həm məbləği böyükdür, həm də o, bir adama bir neçə dəfə təqdim edilə bilər. Üstəlik, mükafata öz nəzəriyyələrinin hələ təcrübədə təsdiqini tapmamış fiziklər də layiq görülə bilər.

Maraqlısı isə budur ki, mükafatın təsisçisi özü də fizik olub, bir vaxt P. Lebedev adına Fizika İnstitutunda çalışıb. Mükafata ilk olaraq ən böyük «kalibrli fiziklər» - məşhur S. Xokinq (S. Hawking) və Avropa Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları layiq görülüblər. Ən böyük məbləğ isə rusiyalı A. Polyakova çatıb. Bu adam bir vaxt Moskvada L. Landau adına Nəzəri Fizika İnstitutunda çalışırdı. İndi isə ABŞ-da Prinston Fundamental Tədqiqatlar İnstitutunda çalışır və çox abstrakt bir sahə ilə - fiziki sahələrin vahid nəzəriyyəsi ilə məşğuldur. Onun elmə töhfəsi haqda kiçik də olsa təsəvvür yaratmaq üçün qeyd edək ki, bu adamın təxminən qırx il bundan əvvəl nəzəri olaraq kəşf etdiyi ekzotik hissəciklər – monopollar müasir kosmologiyanı tamam dəyişdi, kosmoloqlar ənənəvi kosmoloji modellərə yenidən baxmalı oldular və nəticədə Kainatın yaranmasının yeni ssenarisi – inflyasiya nəzəriyyəsi yarandı. Bunları sadəcə tanışlıq və giriş üçün qeyd etdik. Əsas odur ki, fizik A. Polyakov da artıq rəsmi şəkildə multimilyoner hesab edilə bilər. Üstəlik, bir neçə il bundan əvvəl bir milyon dollarlıq mükafata təqdim olunan peterburqlu riyaziyyatçı Q. Perelman-dan fərqli olaraq, A. Polyakov mükafatdan imtina etməyib və yəqin ki, düz də edib. Bəs belə xəbəri oxuculara təqdim etməkdə məqsədimiz nədir?

GƏNCLƏR, XÜSUSƏN DƏ OĞLANLAR NİYƏ ELMƏ GƏLMİR?

Açığını desək, bu gün gənclərə başa salmaq lazımdır ki, hətta elmdə də pul var və onunla məşğul olmağa dəyər. İndi təəssüf ki, gənclərin və xüsusən də oğlanların elmə marağı azalıb. Bir qədər cinsi ayrı-seçkilik kimi qəbul edilsə də, qeyd edək ki, elmi-tədqiqat institutlarının personalı yalnız gənc qızlardan ibarətdir. Oğlanları təxminən min manatlıq maaş üçün on illərlə əziyyət çəkmək, elmlə məşğul olmaq perspektivi cəlb etmir. Nəticədə orta məktəblər kimi elmi tədqiqat institutları da «zərif məxluqlar»ın ümidinə qalır. Qızlar bu məsələdə daha səbirlidirlər, onları bir neçə yüz manatlıq iş və elmi-tədqiqat institutlarının rahat mühiti qane edir. Amma qadınlar, elə o cümlədən də gənc qızlar özlərinin elm üçün faydalı olmalarını hələ sübut etməlidirlər. Heç kim üçün sirr deyil ki, bu sahədə kişilər özlərini daha çox təsdiq ediblər. Bəlkə də dünyada yüz məşhur kişi alimə bir məşhur qadın alim düşür və qadınların elmə axını hələ ki bu nisbəti ciddi şəkildə dəyişə bilməyib. Bəs vəziyyətdən necə çıxmaq olar?

ELMİ QRANTLAR VƏ İŞ ADAMLARI

Əvvəlcə elmi fondlar və elmi qrantlar haqqında maarifləndirmə işi aparmaq lazımdır. Dünyada elmi qrantlar çoxdur və onlar məbləğinə görə heç də digər sahələrdəki qonorarlardan geri qalmır. Lap erkən, hələ tələbəlik vaxtlarından gəncləri elmi fondlarla işləməyə alışdırmaq lazımdır. Başqa bir yol isə yerli iş adamlarının da üzünü elmə tərəf yönəltməyə cəhd etməkdir. Ölkənin xeyriyyəçilik ənənələri bərpa olunmalıdır. A. Nobel də iş adamı idi. Elə bir qədər əvvəldə adını çəkdiyimiz şəxs də iş adamıdır. Bu iki istiqamət elmin inkişafına təkan verə, gənclərin elmə dönüşünü təmin edə bilər. Burada bir klassik iş adamının fikrini necə xatırlamayasan? O, deyirdi ki, işlər heç getmirsə, elmə qoyulan sərmayələri artırmaq lazımdır… Bu adam haqlı idi. O səbəbdən ki, üç sahəyə – elmə, təhsilə və bir də ki, səhiyyəyə qoyulan pullar heç vaxt batmır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG