Keçid linkləri

-
Sosial məzmunumuz və mahiyyətimiz lap əyinlərimizdəki iş paltarları kimidir, çölə çıxanda geyinir, evə gələndə isə soyunub bir tərəfə atırıq. Buna bəzən «ictimai maska» da deyirlər. Mənası da budur ki, bəli, çöldə bir cür, evdə isə tamam başqa cür oluruq.
Aydın məsələdir ki, insanlar hələ xeyli müddət С.Ruminin «Olduğun kimi görün və göründüyün kimi ol!» düsturundan uzaq olacaqlar, çünki insan sosial varlıq olduğu qədər də anti-sosialdır.
Mən insanları kənardan seyr etməyi sevirəm, avtobusda, metroda lap rəssam kimi insanlara göz qoyuram, özüm üçün onların hansı hissləri keçirdiyini, hətta sifət cizgilərini dərk etməyə çalışıram. Hər dəfə də hiss edirəm ki, insanlarda bir gərginlik var. Bəzən deyirlər, guya aqressiyanın mənbəyini mədəniyyətdə, müxtəlif filmlərdə, verilişlərdə axtarmaq lazımdır.
Amma belə deyil. Aqressiya insanın təbiətindədir, çünki o, sosial varlıq olduğu kimi həm də bioloji subyektdir. Cəmiyyət, siyasi sistem isə buna yalnız təsir edir, onu artırır və ya azaldır. Bədbəxtlikdən cəmiyyət də, siyasi durum da elə vəziyyətdədir ki, yalnız aqressiyanın artımına təkan verir. Daim işi itirmək qorxusu, bahalıq, ehtiyac, düşündüyünü deyə bilməmək, yaxşı istirahət etməmək–bunların hamısı insanların neqativ enerjisini artırır.
Bütün bunların sayını, miqdarını bəlkə bir söhbətlə də azaltmaq olardı. Başqa ölkələrdə dövlət başçıları həftədə, ayda və yaxud da ildə bir neçə dəfə insanlara müraciət edir. Düşünmürük ki, bu, sadəcə siyasi kampaniyadır. İnsanlar biləndə ki, hökumət onların narahatlığın hiss edir və bunu azaltmaq üçün nəsə edir, bir qədər sakitləşirlər, rahat olurlar. Təəssüf ki, bu ölkə də hətta buna da cəhd edilmir. Cəhd olanda da səmimi olmur. Bir neçə şablon cümlədən, çeynənmiş ifadələrdən ibarət olur. Prinsipcə, İ.Əliyevin hər ilin yekununda, yeni il ərəfəsində cəmiyyətə müraciəti olur. Amma heç olmasa, bir nəfər tapmaq mümkündürmü ki, bu müraciətlərdən bircə cümlə belə xatırlamış olsun?
F.ROOSEVELT- İN İCTİMAİ SÖHBƏTLƏRİ…
Roosevelt

Roosevelt

Səhv etmirəmsə, ilk dəfə belə ictimai söhbətlərə ABŞ prezidenti F.Roosevelt (F.Ruzvelt) başlamışdı. Onun söhbətləri elə beləcə sadə adlanırdı- soba başında söhbət… İndi isə bu, geniş yayılmış bir siyasi jestdir. Amma bunun üçün problemin mahiyyətinə varmaq, əsas problemləri, insanları düşündürən ən vacib məsələləri seçib ayırmaq və onları publisistik bir üslubda ifadə etmək bacarığı lazımdır. Burada bayağı və çeynənmiş ifadələrə, insanları yoran bəyanatlara yer olmamalıdır. Yazının əvvəlində qeyd etdim ki, sosial məzmun və mahiyyətimiz əynimizdəki iş paltarı kimidir, lazım gələndə soyunur, lazım gələndə geyinirik. Cəmiyyətə müraciət etmək üçün səmimiyyət lazımdı.
Azərbaycanda isə bütün həqiqətlər iki yerə bölünür, hamının bildiyi, dilə gətirilən həqiqətlər, eləcə də hamının bildiyi, amma dilə gətirilməyən və üstündün sükutla keçilən həqiqətlər. Ona görə də danışmaq çətindir. Bəlkə də elə yaxşısı budur ki, İ.Əliyev buna cəhd etmir. Cəhd etsəydi gülməli bir şey alınardı. Amma bunun ağır sosial və siyasi nəticələri də olur. İnsanlar özlərinə qapanırlar, hamı yaxınlığındakı adamın timsalında həmsöhbət deyil, potensial düşmən, xəbərçi və xəfiyyə görür. Adama bu lap keçmişdəki Fransanı xatırladır. O vaxt Fransa krallığının bir naziri demişdi ki, üç nəfər bir yerə toplaşanda onlardan biri mütləq mənim xəfiyyəm olur. Amma bunun sonu nə oldu? Bir neçə il sonra Fransada amansız, bəli, bunu da etiraf etmək lazımdır, amansız bir inqilab oldu. Çox qurbanlar oldu, inqilab əvvəl başqalarının, sonra da özününkülərin «başını yedi»…
KİÇİK SÖZARDI
Amma bütün hallarda aqressiyanı özündən uzaqlaşdırmağı bacarmaq lazımdı. Sevinin, hətta bunun üçün ciddi səbəb olmayanda belə. Sadəcə, bir məsələni unutmaq lazım deyil. Təəssüf ki, insan ömrü qısadır. Bütün arzuları, istəkləri, xüsusən də ictimai planları bir ömrə sığışdırmaq olmur. Həyat heç də həmişə eyni qanunlarla yaşanmır. Bir nəfərin maraqlı fikri var. O, deyirdi ki, cavanlıqda məni qəhrəmanlıq motivləri düşündürürdü, indi isə elə yaşamağa çalışıram ki, sadəcə utanmayım… Ona görə də əgər utanmaq üçün səbəb görmürsünüzsə yaşayın, özü də sevinclə yaşayın…

Şərhləri göstər

XS
SM
MD
LG