Keçid linkləri

Ölkədə daha yeni partiyalar yaranmayacaqmı?


-
«EL» siyasi hərəkatının özünü elan etməsilə ofisindən çıxarılması arasındakı vaxt bir aydan çox çəkmədi. Ölkə və onun siyasi reallıqları üçün əslində xarakterik olan bu hadisə bəzi qənaətlərə gəlməyə əsas verir.
Düzdür, prinsip etibarilə yeni bir hadisə baş verməyib. Yada salsaq ki, digər müxalifət partiyası AXCP artıq bir neçə ildir ki, qərargah olmadan fəaliyyət göstərir və onun özü üçün mənzil-qərargah təmin etməsi cəhdləri hakimiyyətin təzyiqləri ucbatından uğursuzluğa uğrayır, hadisə bir o qədər də təəccüblü görünmür.
Amma təəccüblənməməyin də bir qüsurlu cəhəti var-adi insanlar qeyri-ixtiyari olaraq belə hadisələrə alışır. Düşünür ki, birinci təşkilat deyil ki… Elə məsələ bundadır ki, birinci təşkilat deyil. Neqativ halların bir xüsusiyyəti də var ki, onların sayı artdıqca siyasi sistem daha dözümsüz bir hala gəlir. Bir haldan söhbət gedəndə düşünürsən ki, yəqin bu, istisnadır. Amma əgər bu, birinci və sonuncu hal deyilsə, onda nə etməli? Sualları cavablandırmaq bizim missiyamız deyil, baxmayaraq ki, belə cəhdləri adi bir vətəndaş mövqeyinin təzahürü kimi də yozmaq olar.
PARTİYALARA NİYƏ YER TAPILMIR?
Hakimiyyət dairələrinin dediyi budur ki, onlar siyasi partiyaları və hərəkatları qərargahla təmin etməli deyillər, bunu hər bir təşkilat özü həll etməlidir. Partiyalar bu reallığı qəbul edirlər, amma iş qərargah tapmağa gələndə problemlər başlayır. Məsələ bundadır ki, partiyalar özləri üçün mənzil-qərargahları kimdənsə icarəyə götürməlidirlər. Amma məsələnin qəlizliyi də bundadır –hakimiyyət öz mülklərini, mənzillərini, ofislərini siyasi partiyalara, daha doğrusu, kəskin müxalifət mövqeyində dayanan siyasi təşkilatlara icarəyə verən insanları şantaj etməyə başlayır. Son nəticədə insanlar partiyalarla icarə haqqındakı müqaviləni vaxtından qabaq pozmağa məcbur olurlar.
Belə bir anormal, qanqaraldıcı halla bir-iki il bundan əvvəl «Azadlıq» qəzetinin yubileyində rastlaşmışdıq –nəzərə alın ki, söhbət ölkənin əsas qəzetlərindən birinin bir neçə saatlıq tədbirindən gedir. Düşünmək olardı ki, burada nə problem ola bilər ki? Amma heç on beş dəqiqə keçmədi ki, zalın işıqlarını keçirdilər. Əvvəl dedilər ki, işıqlar sönüb. Amma etiraz edəndə ki, bəs sarayın ehtiyat işıq generatoru olmalıdır, əsl həqiqət üzə çıxdı- məlum oldu ki, sadəcə tədbiri bağlayıb dağılışmaq lazımdır, bu, sarayın rəhbərliyinin yeganə tələbi və xahişidir.
O vaxt baş tutmamış tədbirdən qayıdanda nə axşam şəhərinin işıqları, nə yeni tikililər adamın ürəyini açmırdı, sanki adam özünü bu ölkədə, bu şəhərdə ən kimsəsiz, ən yalqız bir şəxs hesab edirdi. Çox maraqlıdır ki, hakimiyyətin belə fokuslarına bəzən beynəlxalq təşkilatlar inanmırlar, çünki onlar bilmir ki, bu ölkədə hətta iş adamları, mülk sahibləri də azad deyillər, insanların öz mülkiyyətinə azad şəkildə sərəncam vermək hüququ yoxdur.
Bütün bunların fonunda hakim partiyanın hətta rayon şöbələrinin çox təmtəraqlı və böyük ofislərinin olması adi haldır. Bəzən onları hətta respublika miqyaslı tikililərdən, yerli hakimiyyətlərin ofislərindən ayırmaq, fərqləndirmək çətin olur.
YENİ PARTİYA TƏSİS ETMƏYİN BAŞQA YOLU QALIBMI?
Bir vaxt Azərbaycanda siyasi hərəkat və partiya təsis etmək nə qədər asan idisə indi bunu etmək azı yüz dəfə çətindir. Bəzən deyirlər ki, Azərbaycan Türkmənistan və yaxud da Özbəkistan deyil. Amma bu, hansı mənəvi fədakarlıq və hətta deyərdik ki, qurbanlar hesabına başa gəlir? Təəssüf ki, bir çox halda bu haqda heç kim danışmır və bəzən də bu göstəricini götürüb hakimiyyətin aktivinə yazırlar ki, bəs Azərbaycandakı hakimiyyət Özbəkistanda və yaxud Türkmənistanda olduğu kimi deyil. Əgər bu gün bəlli insanların fədakarlığını bir tərəfə qoysaq, ölkədə çox üzücü bir siyasi atmosferin mövcudluğu ilə hesablaşmalı olarıq. Ən əsası odur ki, bundan çıxış yolu da görünmür. Belə atmosferdən ən çox üzülən isə gənclərdir. Onlar özlərini reallaşdırmaq, ifadə etmək, siyasi və ictimai fəaliyyətlə məşğul olmaq istəyirlər. Amma bu mümkündürmü? Mümkündür, yalnız bircə şərtlə–onlar da bu hakimiyyəti, onun misilsiz, analoqu olmayan siyasətini tərifləyən və mədh edən təşkilatların cərgəsində yer tutmalıdırlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG