Keçid linkləri

-
Şimali Koreyanın timsalında bu gün biz bəlkə də tarix üçün çox nadir təsvirləri müşahidə edirik – hamısı bir-birinə bənzəyən, hətta sifət cizgiləri eyni olan, eyni forma geyinmiş, xorla çığıran, düyünlənmiş yumruqları ilə kimlərisə hədələyən insanlar. Onların sifəti uçuş ərəfəsində olan yapon kamikadzelərinin sifətini xatırladır…
Kamikadzelərə ancaq bir istiqamətə uçmaq üçün benzin verirdilər. Onlar bilirdi ki, ölümə gedirlər… Bu insanlar da ona görə qorxuludur ki, onlar üçün ölmək bəlkə də qurtuluşdur, bəlkə də xilasdır. Burada məşhur bir sovet lətifəsi yada düşür. İvandan soruşurlar ki, Vanya, həyatını kommunizm uğrunda qurban verərsənmi? İvan deyir:«Əlbəttə verərəm, belə həyat mənim nəyimə lazımdır ki?!»…
Çox güman ki, orta statistik koreyalı Kim də belə düşünür. Onun onsuz da itirməyə heç nəyi yoxdur. İtirməyə heç nəyi olmayan insanlar isə həmişə qorxuludur. 150 il bundan əvvəl K.Marx (K.Marks) itirməyə heç nəyi olmayan insanlarla-proletarlarla dünyanı qorxudanda və bunu kabus adlandıranda çoxu onu proletariatın böyük müjdəçisi, rəhbəri hesab edirdi. Amma bəlkə Marx dünyanı qarşıdan gələn fəlakətdən çəkindirmək istəyirdi? Nədən o, proletariatı kabus adlandırmışdı? Axı kabus bir o qədər də sevilən obraz deyil….
Koreyalıların təsvirlərinin dünyanı nə qədər qorxutmaq iqtidarında olması sözsüz ki, mübahisəlidir. Bəlkə də bu təsvirlər yalnız totalitarizm haqqında film çəkən rejissorlar üçün unikaldır. Amma bütün hallarda, bu insanlar, bu sifətlər özü-özlüyündə qorxuludur, çünki onlar həm də Ç.Aytmatovun təsvir etdiyi manqurt ordusunu xatırladır.
Adama bir anlığa elə gəlir ki, bu insanlar hər şeyə qadirdir, istədikləri qədər öldürə və ölə bilərlər. Burada totalitarizm sanki bir rəssam qiyafəsində təzahür edir, o yaratdığı «tablo»nu dünyaya nümayiş etdirir, onu da bu aqibətlə hədələməyə, qorxutmağa çalışır...
Bir anlığa unudursan ki, bunların hamısı, bu kütləvi psixoz da , bu kütləvi dəlilik də , sadəcə daxildəki-ölkənin içindəki total qorxunun da təzahürü ola bilər. Yaddan çıxarırsan ki, insanları bu hala gətirən total qorxu və vahimə hissləri də ola bilər. Axı bir neçə ay bundan əvvəl elə həmin Şimali Koreyada nazirlərdən birini «rəhbərin ölümünə ürəkdən kədərlənmədiyi üçün» asdılar. Rəhbər ölərkən kütləvi ağlaşmanın təsvirləri yadınızdadırmı?..
Şimali Koreyada ölkə prezidentinə ağlayan sakinlər

Şimali Koreyada ölkə prezidentinə ağlayan sakinlər

Bütün ölkə böyük yas yerini xatırladırdı. İnsanlar açıq şəkildə ağlayır, öz kədərlərini nümayişkəranə şəkildə göstərirdilər. Bu, belə də olmalı idi, çünki onlardan məhz bu, tələb olunurdu. Amma insanlar rola girməklərinin nə qədər fərqində idilər? Bu, təkcə adi bir rol, oyun və siyasi teatr idimi?
KÜTLƏ HƏMİŞƏ PASSİV İCRAÇI OLURMU?
Bu yerdə yadıma sosial psixologiyanın banisi G.Le Bon (Q.Lebon) düşür. İyirminci əsrin üçüncü on illiyinə qədər yaşayan, sosialist inqilabının şahidi olan, faşizmin dirçəlməsi ərəfəsində ölən psixoloq 20-ci əsri kütlə erası adlandırmışdı. Kütlə psixologiyasının mahir bilicisinin fikrincə, mədəniyyət enməli və bu fonda kütlə fenomeni qalxmalı idi. Onun dediklərini bir o qədər də gözləmək lazım gəlmədi, bu fikirlər tezliklə dünya tarixində öz «parlaq» ifadəsini tapdı–Almaniyada Hitler erası, SSRİ-də Stalin dövrü, Çində Mao, Kubada Kastro...
Bu fikirlərdən bir nəticə çıxarmaq olardı ki, kütlə heç də həmişə passiv ifaçı olmur, onun öz şüuru və təhtəlşüuru meydana çıxır, öz energetikası və gücü yaranır. Bircə anın içində o, böyük bir dağıdıcı qüvvəyə çevrilir, öz bətnində fərdə yer qoymur, hər şeyi guruha çevirir.
İndi çoxu Koreyadan olan təsvirlərə elə baxır ki, sanki yad planetlərdən və yaxud da uzaq qalaktikalardan reportaja baxır. Amma bu yaxın keçmişdə bir çox ölkələrin tarixində olub. Rus şairi R.Rojdestvenski stalinizmə nifrətinin yarandığı anı dahi rəhbərin dəfni zamanı kütlənin coşduğu məqamı və onun ayaqları altında qalmamaq üçün etdiyi qeyri-adi mübarizəni hesab edir… Budur, on illər keçib, hamımıza elə gəlir ki, bu sindromdan qurtulmuşuq. Amma hara baxırsan həmin keçmişin tanış səsini eşidirsən, obrazlarını görürsən. «Ulu öndər» ifadəsi məgər həmin keçmişdən gələn səs deyilmi?
KİÇİK SÖZARDI
Kütlənin bir xüsusiyyəti də var. Onun energetikası konkret müddəti olan həb kimidir. Bir müddət keçir və «həb» öz təsirini itirir. O vaxt kütlənin enerjisi də itir–nizamlanmış zorakılıq bircə anın içində nizamsız xaosa çevrilir.
İndi Koreya ilə bağlı təsvirlərə baxanda fikirləşirəm ki, bu adamların hər biri həm də potensial soyğunçudur, onlar hər an mağazaları talamağa, adamların əyin-başını soyundurmağa hazırdı. Və məndə belə təsəvvür yarandı ki, həmin bu kütlə əgər özündə bir təhlükə ehtiva edirsə bu, məhz Koreyanın özü üçün təhlükədir, nə vaxtsa onun öz başında çatlayacaq bəladır….

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG