Keçid linkləri

-
Rusiyada yeni siyasi texnologiya kampaniyası işə düşən kimi dərhal onun tətbiqini və təkrarını Azərbaycanda görürsən. Bir müddət idi ki, Rusiyada qeyri-hökumət təşkilatları (QHT) ilə hakimiyyət arasında problem yaranmışdı. İş o yerə çatmışdı ki, hökumət strukturları ayrı-ayrı beynəlxalq təşkilatların filiallarına reydlər təşkil edir, yoxlamalar aparırdı.
İndi bunun analoqunu Azərbaycanda görürük –hökumət strukturları beynəlxalq təşkilatların filiallarından maliyyə məsələlərilə bağlı izahat tələb edir, televiziyalar hər gün yerli və əcnəbi qeyri-hökumət təşkilatları haqda tənqidi reportajlar verirlər. Az qala keçmiş satirik tele-süjetləri xatırladan və özündə sovet jurnalistikasının «şanlı ənənə»lərini yaşadan bu verilişlərə baxanda düşünürsən ki, beynəlxalq təşkilatların işi yalnız yerli-təşkilatları hakimiyyət əleyhinə işə təhrik etməkdir. İş o yerə çatıb ki, özündə demokratik və dinc mübarizənin üsullarını ehtiva edən və artıq dünyanın bütün əsas dillərinə tərcümə olunan kitabın nəşrini də məhz hökumət əleyhinə fəaliyyətin dəlili, sübutu kimi təqdim edirlər.
Prinsipcə, qeyri-hökumət təşkilatlarına qısqanc münasibət Azərbaycanda əvvəllər də olub. Məsələ bundadır ki, hökumət bütün maliyyə kanallarını öz nəzarətində saxlamağa cəhd edir, daim bu maliyyə axınının bir hissəsinin müstəqil ictimai strukturlara, insanlara yönələ bilməsindən ehtiyat edirdi. Bəlkə də Rusiyadakı proseslərə oxşar hadisələrin burada baş verməsinin də əsas səbəbi adi təqlidçilik deyil, sadəcə siyasi sistemlərin bir-birinə çox bənzəməsidir.
Bununla bahəm, hiss edirsən ki, məsələlərə konseptual yanaşmanın özü də qüsurludur, QHT-lərin, xüsusən də hüquq-müdafiə təşkilatlarının missiyası ya başa düşülmür, ya da bilərəkdən təhrif edilir. Hər halda, inanmaq olmur ki, 22 illik dövlət müstəqilliyi ərzində hökumət hələ də QHT-lərin ictimai institutlar şəbəkəsində yeri ilə bağlı bir yəqinlik hasil edə bilməyib.
QHT-LƏR HÖKUMƏTİN DOSTUDURMU?
Açığını etiraf etsək, heç bir yerdə məmurlar QHT fəallarını sevmir. Səbəb də aydındır. Kim özünə nəzarət edənləri sevir? Amma oralarda siyasi mühit o qədər tolerantdır ki, hətta rəqiblər də bir-birinə dözümlə yanaşır.
Bu şəbəkəni bir ölkə üçün xarakterik hesab etmək olmaz, çünki indi QHT-lər vətəndaş cəmiyyəti mövcud olan bütün ölkələrdə var. Onların missiyası həm də hökumət strukturlarının işinə nəzarət etmək və həmin işlərin monitorinqini aparmaqdır.
Bir daha qeyd edirik ki, dövlət və hökumət məmurları onları sevməyə bilər, amma onların işi üçün şərait yaratmağa, bu işə dözümlü yanaşmağa, ən başlıcası isə, hökumətin fəaliyyəti ilə bağlı onları məlumatlandırmağa, onların sorğularına cavab verməyə borcludurlar.
Ona görə də «QHT-lər hökumətin dostudurmu?» sualının cavabı fəlsəfi məna kəsb etməyə yaxındır: o yerdə ki, məmurlar görülən işlərin uğurlu olmasının fərqindədir, orada onlar bu şəbəkəni özünə köməkçi hesab edir.
Fəlsəfəyə gəldikdə isə QHT-lər özəl strukturlara yaxındır. Fərq ondadır ki, bu şəbəkə bizneslə və istehsalatla məşğul deyil.
Amma dünya ölkələrində özəl strukturlarla QHT-lər arasında da müəyyən anlaşılmazlıqlar və problemlər yaşanır, çünki QHT şəbəkəsi özəl təşkilat və strukturların da fəaliyyətinə nəzarət edir. Təsadüfi deyil ki, ictimai fəallar trans-milli şirkətləri dövlətlərlə bir səviyyəyə qoyur. Əgər dünyada hər şey dövlətlərin və hökumətlərin ümidinə qalsaydı, trans-milli şirkətlər üçün daha asan olardı. Amma təkcə ekoloji monitorinqlə məşğul olan təşkilatlar həmin trans-milli strukturlar üçün nə qədər əngəl yaradır, onları ekoloji normalara əməl etməyə məcbur edir?
İCTİMAİ RƏY SİZİN ÜÇÜN MARAQLIDIRMI?
Dövlət adamları da deyir ki, Azərbaycanda analoqu olmayan işlər görülür, biz də deyirik. Amma məzmun və məna fərqlidir, hər bir tərəfin timsalında bunun fərqli mənaları var.
Əgər hökumət 20 mərtəbəli bina tikməyi və yaxud da asfalt salmağı böyük bir iş, analoqu olmayan fəaliyyət kimi yozursa, biz bunu tamam fərqli bir mənada deyirik. Azərbaycandakı işlərin niyə analoqu yoxdur?
Adi bir detala diqqət edin. İndi ölkə parlamentinin müzakirəsinə «İctimai iştirakçılıq haqqında» qanun layihəsinin çıxarılması planlaşdırılır. Məqsəd ictimai rəyi hökumətin və dövlətin işinə fokuslaşdırmaqdır. Bunun daha yığcam ifadəsi budur ki, hökumət ictimai rəyə və nəzarətə guya ehtiyac duyur. Amma necə? Bütün müstəqil ictimai nəzarət və rəy mənbələrini özünün əlində cəmləşdirməklə.
Bəli, sovetlərin də vaxtında «Xalq nəzarəti» deyilən strukturlar vardı. Onlar məhz ictimai nəzarəti yerinə yetirməli idilər. Amma reallıqda onların işi nədən ibarət olurdu? Cavabı çox sadədir. Rüşvətin bir hissəsi də elə həmin o strukturlara yönəlirdi…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG