Keçid linkləri

-
20 il keçəndən sonra Qarabağın bu vaxta qədər qaytarılmamasının səbəbini izah etmək üçün hakimiyyət dairələri, prinsipcə başqa arqumentlər də gətirə bilərdi. Amma onlar Qarabağın qaytarılmamasının «səbəb»ini Ziyalılar Forumunda, xüsusən də yazıçı və ssenarist R.İbrahimbəyovda gördülər –özləri bilavasitə bunu etməsələr də, onlara yaxın telekanallar bu tapşırığı çox ustalıqla yerinə yetirdilər.
Bəlkə də bu da onun nəticəsidir ki, mənim yazdığıma rəğmən əslində onların deyiləsi və yazılası arqumenti yoxdur. Bir vaxt özlərindən əvvəlki hakimiyyətləri fərqinə varmadan əsaslı və əsassız arqumentlərlə yamanlayan indiki hakimiyyət təmsilçiləri 20 ildir ki, sanki heç nə olmamış kimi ölkə ictimaiyyətinə tutarlı bir izahat verməyi də özlərinə rəva bilmirlər.
Bəli, İ.Əliyev irəlicədən təşkil olunmuş görüşlərdə insanlara nəsə deməyə çalışır. Amma bu deyilənlərə nə münasibət bildirməyə icazə verilir, nə də ki, onların məzmunu dəyişdirilir. İ.Əliyev kiçik qruplar qarşısında hər dəfə eyni sözləri təkrar edir və hər dəfə də gələcək zamanda danışır, «Nə ediləcək?» sualına cavab verməyə cəhd edir- «Qarabağ müstəqil olmayacaq!», «İkinci erməni dövləti yaranmayacaq!» və s və i.
İnsanlar isə ondan daha çox «Bu vaxta qədər nə edilib?» və «İndi nə edilir?» suallarına cavab gözləyir.
DEMƏYƏ SÖZ TAPILMAYANDA
Həqiqətən də 20 il ərzində Qarabağı qaytarmaq üçün nə edilib? Və yaxud da hal-hazırda nə edilir?.. Bu sualların cavabı yoxdur. Sadəcə, deyə bilmirlər ki, bu 20 il ərzində Azərbaycanda da yalnız etnik münaqişə yaşamayan digər keçmiş sovet ölkələrində nə edilibsə o edilib- beş-altı uca bina tikilib, iki-üç körpü salınıb, əvəzində isə hakimiyyət mənsubları özləri üçün hesaba belə gəlməyən dərəcədə sərvət toplayıblar.
Bunları demək, etiraf etmək, təbii ki, çətindir. Amma bütün hakimiyyətin bir yazıçı və ssenaristlə savaş açması asandır.
Hakimiyyətin qeyzlənməsi həm təəccüblüdür və həm də başa düşülən. Ona görə təəccüblüdür ki, R.İbrahimbəyov bu ölkənin vətəndaşıdır. 9 milyon insanın susmasına rəğmən o, ölkənin hakimiyyət mənsublarından nəsə soruşur. Ona sadəcə, cavab vermək əvəzinə yaradıcı insana qarşı qara kampaniya aparırlar.
Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

Başqa vaxt ictimai rəydən və ictimai iştirakçılıqdan danışırlar. Təsəvvür etmək olar ki, həmin o ictimai rəyin daşıyıcıları bu gün hakimiyyətdən hesabat istəyir. Axı «Siz mənə inanın!», «Mən sizi aldatmaram!» deməklə iş bitmir. Xüsusən də o halda ki, faktiki olaraq insanlar aldadılır, özü də hər an, hər saat.
Bir nəfərin, özü də ölkə rəhbərinin nə qədər sərvəti və mülkü olar bilər?.. Adamı ən çox əndişələndirən odur ki, zavalı insanlar hələ deyir ki, indi hakimiyyətdə olanlar sərvət toplayıb doyublar, sonra gələnlər isə hələ bundan sonra toplayacaqlar! Adamın burada M.Cəlilin məşhur müraciəti yadına düşür. Amma indi onu səsləndirməyəcəyik. Sadəcə, insanlara elə gəlir ki, hakimiyyət mənsubları nə vaxtsa şəxsi sərvətlərini artırmaqdan doyaraq «Stop!» -deyəcəklər. Amma demirlər…
Hakimiyyət təmsilçilərinin qeyzlənməsi həm də ona görə başadüşüləndir ki, ziyalılar bu hakimiyyətin ağrıyan yerinə toxunur – özləri də bilirlər ki, bu 20 il ərzində Qarabağ probleminin həllində bircə qarış belə irəliləyə bilməyiblər…
20 İLİN SİYASİ STATİSTİKASI
Bu ilin mart ayında Minsk Qrupunun yaranmasının 21 ili tamam oldu. Apreldə isə BMT TŞ-nın Dağlıq Qarabağ problemilə bağlı ilk qətnaməsinin- 822 saylı qətnamənin qəbul olunmasından 20 il keçir. Çox acınacaqlı statistikadır.
Düzdür, BMT-nin yaşı 50 ilə çatan qətnamələri də var. Bu mənada Qarabağ hələ çox «cavan»dır. Amma digər münaqişələrlə bağlı proseslər daha aktiv gedir. Üstəlik, hərənin özünə uyğun ritorikası var. Məsələn, Fələstin demir ki, biz bölgənin lider dövlətiyik!
Amma Azərbaycanda deyirlər. Fərqinə varmırlar ki, bir gün biri çıxıb deyə bilər ki, əvvəlcə ərazi bütövlüyünüzü və sərhədlərinizi sahmana salın, ondan sonra liderlik iddiasına düşün.
Söhbət Qarabağdan düşəndə deyirlər ki, bəli, dünya birliyi hüquqa etinasız yanaşır. Elə ki həmin dünya birliyi ölkənin içindəki haqq və hüquqdan bir kəlmə daşımaq istəyir, dərhal yadlarına düşür ki, bura da qüdrətli və suveren dövlətdir.
Sovet siyasətinin iflası güc strukturlarından başlamışdı. Kommunizmə və başqa siyasi şüarlara rəğmən bu strukturlarda elə münasibətlər yaranmışdı ki, onlar dünyanın heç bir ölkəsində yox idi.
Uzağa niyə gedək? Bir vaxt həmin bu strukturlarda «dedovşina» deyilən münasibətlər qurulmuşdu. İndi bu ifadəni Azərbaycan gerçəkliyinə tətbiqən eşidirik. Budurmu bu 20 ilin evolyusiyası, tərəqqisi?
XƏTTİN O BİRİ TƏRƏFİNDƏ
20 il artıq bir nəsil deməkdir. Azərbaycanda elə bir nəsil yaranır ki, onlar Qarabağ haqqında ən yaxşı halda bir şey bilirlər: onların valideynləri bu torpaqlardan çıxıb. Əvvəlki nəsillərdən fərqli olaraq onlar daha «Qarabığ niyə qaytarılmadı?» demirlər, çünki Qarabağ onlar üçün həmişə xəttin o biri tərəfində olub. Bu xətti keçmək isə çox təəssüf ki, hələ həyat xəttinin o biri tərəfinə keçmək kimidir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG