Keçid linkləri

-

Adətən adamlar haqqında iki halda yazmaq çətin olur. Bir onlar haqqında heç bir məlumat olmayanda, bir də çox yazılanda.

Siyasətçilər haqqında yazmaq isə həmişə çətindir: çox nadir hallarda insanlar onları ürəkdən sevirlər. Amma elə ki, ürəkdən sevildin, bil ki, heç vaxt unudulmayacaqsan, hər an anılacaqsan.

Böyük millətlərin tarixi böyük kişilərin, dövlət adamlarının adından keçir. Uzun illər tarixdə şəxsiyyətin rolunun kiçildilməsi bizdə böyüklərə qarşı bir qədər şübhə yaratsa da, belədir.

O, kişi deyildi, qadın idi. Amma ona «ən böyük Britaniya kişisi» dedilər. O, sayca 71-ci baş nazir idi. 71 baş nazirin, xüsusən də 70 baş kişinin sırasından seçilmək, fərqlənmək o qədər də asan məsələ deyildi, amma o, seçilə bildi…

Təcrübəli oxucu söhbətin kimdən getdiyini bildi. Bəli, söhbət M. Thatcher (M. Tetçer) haqdadır. Ona «dəmir ledi» demişdilər.

Mən də onu məhz belə çağıracam, hətta bu, sevmədiyim başqa bir siyasət və inqilab adamı ilə - «dəmir Feliks»lə (F. Dzerzhinsky) assosiasiya yaratsa da.

Bu yerdə bayaqdan yazmaq istədiyim bir şeyi nəhayət ki, səhifəyə həkk edirəm – «dəmir ledi» artıq həyatda yoxdur, dünən o, həyatla vidalaşdı.

İki adam keçmiş sovetlərin tarixində, daha doğrusu, onların çökməsində böyük rol oynamışdı – onlardan biri R. Reagan (R. Reyqan), biri də məhz «dəmir ledi» idi.
Burada apologetika ilə məşğul olmaq fikrim yoxdur, təriflərdən də uzaq olmağa çalışacam, ən azı ona görə ki, bununla heç vaxt məşğul olmamışam. Üstəlik, o - yazının qəhrəmanı da buna ehtiyac duymur.

SİYASƏTÇİ FENOMENİ

Hakimiyyət fenomeninin özü nə qədər maraqlı olsa da, elə siyasətçi fenomeni də bir o qədər maraqlıdır.

Qərbdə artıq missiya sözünü sevmirlər. Bəli, bu ifadə onlara totalitar keçmişi xatırladır.
Məsələn, ruslardan fərqli olaraq heç bir ingilis «İngiltərənin tarixi missiyası» ifadəsini işlətməz. Almaniya da belədir, Fransa da… Bu ifadəni keçmiş sovetoloqlar və bir də ABŞ geopolitikasının qurucuları sevirlər – onlar ABŞ-ın bəşəri missiyası haqda danışmağı xoşlayırlar. Görünür, bu, da keçmiş sovetologiyanın bir ştampıdır.
Amma burada missiya sözünü işlətməmək olmur, hətta o «seçilmiş» mənasına gəlsə də. Böyük siyasətçilərin böyük missiyası olur.

Onlar bunu ruhi xəstələr kimi dərhal bəyan etmirlər. Ruhi xəstəxanalarda «İsgəndərlər», «Napoleonlar» çox olur.

Siyasət adamları bütün ömürləri, işləri ilə bu missiyanı gerçəkləşdirməyə, həyata keçirməyə çalışırlar. Missiya haqqında isə sonradan, artıq siyasət bitəndən sonra danışırlar, özü də özləri yox, başqaları bu haqda danışır. Böyük ölkənin siyasətçi üçün yaratdığı dividentlər böyük olsa da bunun çox əngəl tərəfləri də var – böyük dövlətin tələbləri də böyük olur. Siyasətdə ən çox hansı adamlar diqqəti cəlb edir?

Bu haqda çox danışmaq, çox yazmaq olar. Amma birmənalı şəkildə demək olar ki, ən çox o, insanlar diqqəti cəlb edir ki, onlar siyasət haqqındakı təsəvvür və anlayışları dəyişirlər.

«Dəmir ledi» özündən sonra «tetçerizm» qoyub getdi. Peşəcə iqtisadçı deyil, aktyor olan R. Reagan hətta «böyük kalibrli» iqtisadçıların belə qəbul etdiyi iqtisadi-siyasi modellə yadda qaldı. Bu sıranı davam etdirmək olar.

Fəqət, belə təsəvvür yarana bilər ki, böyüklük yalnız böyük ölkələrin siyasətçilərinin boynuna biçilmiş taledir, qismətdir. Amma belə deyil. Bir çox hallarda, tarixin böyük dönəmlərində bir də görürsən ki, heç də böyük dövlətin deyil, kiçik bir ölkənin siyasət adamı siyasətə yeni üslub gətirir. Bunu V. Havel-in (V. Havel), L. Valensa-nın (L. Valensa) timsalında görmüşük. Əksər hallarda görürsən ki, söhbət heç də böyük və ya kiçik dövlətdən deyil, sadəcə, qarşıya qoyulan məqsədlərin böyüklüyündən gedir.

Avtoritar hakimiyyətlərin təmsilçiləri elə zənn edir ki, siyasətçini böyük hakimiyyət böyüdür, ona görə də onlar həmişə öz hakimiyyətlərini artırmağa cəhd edirlər. Amma bu, tamam yanlış fikirdir. Hətta ən böyük bir hakimiyyətə malik olan diktator sonda multiplikasiya personajına çevrilir.

KİÇİK SÖZARDI

İlk şüurlu insan yaranandan hakimiyyət və siyasət hissi yaranıb. Ona görə də insanlar hakimiyyətin və siyasətin psixoloji motivlərini araşdırmaqdan usanmırlar, bezmirlər. N. Makiavelli-dən tutmuş bu günə qədər bir çox adamlar belə hesab edir ki, onlara bunu - siyasətin psixoloji motivlərini başa düşmək nəsib olub. Amma yanılırlar…

Budur, daha bir siyasət fenomeni dünyanı tərk etdi və özündən sonra tapmaca qoyub getdi. Onu təqlid etmək istəyənlər çox olacaq, amma «dəmir ledi» yalnız bircə dəfə olmaq mümkündür…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG