Keçid linkləri

-

Siyasətdə mövsümi amillər məsələsi təzə şey deyil. Müxtəlif vaxtlarda, hətta əski sovetlərin dövründə bəzi tədqiqatçılar qlobal tarixi prosesləri ənənəvi marksist-leninçi doktrinası ilə deyil, böyük təbii proseslərin təsiri ilə izah etməyə cəhd edirdi. Bir çox hallarda belə cəhdlər Sibirə sürgünlə və yaxud da həyata birdəfəlik əlvida deməklə bitirdi.

İndi o çağlar deyil. Üstəlik, siyasətə nəinki təbii amillərin, hətta sosial proseslərin təsirini də əməlli-başlı araşdıran yoxdur.

Bəlkə də bunun özü ayrıca sanballı bir söhbətin mövzusudur. Ölkədə az qala hamı fəlsəfə doktorudur, nəinki ayrı-ayrı məmurlar, hətta İ. Əliyev də siyasi elmlər doktorudur, amma di gəl, bir dənə belə olsun, ciddi politoloji, sosioloji araşdırma yoxdur.

Bir vaxtlar parlamentin tərkibində humanitar tədqiqatlarla məşğul olan mərkəz vardı. Vaxtında elə bir ciddi tədqiqat aparmasa da bu formal qurumun nə vaxtsa daha yaxşı kollektivin rəhbərliyi altında nələrsə edə biləcəyinə ümid vardı. Amma M. Ələsgərov parlamentin sədri seçiləndən sonra bu qurumu tamamilə ləğv etdi.

İndi Prezident Administrasiyasında strateji tədqiqatlarla məşğul olan struktur var. Güman etmək olar ki, əgər struktur varsa, deməli orada müəyyən iş də görülür, amma təəssüf, həmin iş geniş ictimaiyyət üçün hələ də qaranlıq qalır.

EKSTRASENSLƏR KİMİ POLİTOLOQLARIN SAYI NİYƏ ARTIR?

Ümumiyyətlə, ölkə elə bir vəziyyətdədir ki, bütün uğursuz siyasətçilər, ictimaiyyət fəalları özlərini politoloq adlandırırlar. Müxtəlif peşələri təmsil edən bu adamların nə müvafiq təhsili, nə də akademik dərəcəsi var – biri filoloqdur, digəri texniki elmlərin təmsilçisidir, hətta aralarında keçmiş həkimlər də var. Bəzisi hətta aylıq mətbuat konfransı da keçirir, orada ölkə siyasətinin müxtəlif aspektləri ilə bağlı özlərinin qiymətli «fikirlər»ini jurnalistlərlə bölüşürlər. Maraqlıdır ki, jurnalistlər də belə tədbirlərə gedirlər.

Amma bunun üstündə baş sındırmağa dəyməz. Ona görə ki, jurnalistlərin də çoxu nə yazmaq, efirə nə vermək lazım gəldiyini bilmirlər, onların öz təbirincə desək, bir növ, material qıtlığı yaşayırlar.

Həm də bir-ikisini çıxmaq şərtilə, ölkənin əksər media strukturlarının ciddi siyasi fikirləri, bəyanatları efirə və yaxud da qəzetə vermək imkanları məhduddur.

Ona görə bizim də siyasətə mövsümi amillərin təsirini araşdırmaq fikrimiz yoxdur. Sadəcə, bir neçə ay bundan əvvəl fəal müxalifət mövqeyi ilə seçilən bir neçə adam demişdi ki, bu il ölkəni çox maraqlı bir siyasi bahar gözləyir.

Bizim də bir jurnalist olaraq işimiz siyasət adamlarına vədləri xatırlatmaq, bir vaxt dediklərini onların yadına salmaqdır-fərqi yoxdur, bu müxalifətdən də ola bilər, hakimiyyətdən də.

SİYASİ BƏYANATLAR NİYƏ DOĞRULMUR?

Siyasətdə həmişə ən çətin məsələ vəzifələri müəyyənləşdirmək olur. Normal siyasi qurumlarda bütün müzakirələrin yekununda siyasi vəzifələr müəyyən edilir. İnsanlar bilməlidir, nə baş verir və onlar nə etməlidir?

Əvvəllər müxalifət belə məsələləri hər müzakirənin sonunda bəyanat qəbul etməklə yola verirdi. Demək olar ki, bütün iclasların sonunda bəyanat qəbul edilirdi və onlar dərc edilmək üçün müxalifətə yaxın mətbu orqanlarına göndərilirdi. Həmin orqanlar da bu bəyanatları tutuşdurub, onlarda yeni bir şey tapmadıqlarından ya dərc etmirdilər, ya da, necə deyərlər, mətnin qolunu-qıçını sındırıb, bir-iki cümləni çap edirdilər.

İndi o dövr keçib. Hətta müxalifətə yaxın mətbu orqanlar əvvəlki dövrdən fərqli olaraq bəyanatları da dərc etməyə hazırdır, amma müxalifət dirçəlmir ki, dirçəlmir. Səbəbi nədir?

Hər bir işdə məqsəd aydınlığı olmalıdır. Məqsəd aydınlığı olmayan yerdə vəzifələri də müəyyən etmək çətin olur. Axı nə etmək lazım olduğu bilinmirsə insanlara necə iş tapşırmaq olar?

Bunun nəticəsidir ki, müxalifətin böyük işləri ya yaza qalır, ya da payıza, sonda da nə yazda bir hadisə baş verir, nə də ki, payızda.

Başqa səbəb də budur ki, siyasətdə işi təşkilat görür. Ona görə də iş görmək üçün təşkilat məsələləri həllini tapmalıdır.

Hansı strukturlara söykəndiyini bilmədən, kiminlə və hara gedəcəyini müəyyən etmədən, kimin nə iş görəcəyinin fərqinə varmadan bəyanat verəndə bunun nəticəsi ən yaxşı halda məzəli siyasi lətifə olur-bir də görürsən ki, müxalifətin növbəti bəyanatı jurnalistlərin sayəsində əsl siyasi lətifəyə çevrilib.

ÖZLƏRİ GEDİR, YOXSA APARIRLAR?

Bəzən adamda belə qənaət yaranır ki, bu resurslarla, bu qətiyyətlə və təbii ki, bu strategiya ilə ölkə müxalifəti bu günə gəlib çıxıbsa bu da böyük işdir, çünki əslində onlara qalsaydı bu yol hələ bir neçə il əvvəl haradasa bitməli, qırılmalı idi. Ona görə də şübhələr adamı rahat buraxmır. Düşünürsən ki, bəlkə onlar heç özləri getmir, çəkib aparırlar? Lap sürücülər demişkən, bəlkə onlar da yedəkdədir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG