Keçid linkləri

-

İnsanlar həyatlarının erkən çağlarında həmişə ideallarla yaşayır və həmişə də kimisə təqlid etməyə çalışırlar. Zaman keçdikcə bu hiss itirilir və hamıya elə gəlir ki, o, həyatı başqalarından daha yaxşı dərk edir, örnəklər və ideallar isə yalnız uşaqların və bir də romantik gənclərin başını qatmaq üçündür.

Amma bütün hallarda erkən təqlidçilik dövrü izsiz-soraqsız ötüşmür. O, hər bir insanın xarakterində müəyyən cizgilər saxlayır. Zaman keçdikcə bu cizgi və detallardan qismən qurtulanlar da olur, onları həyatlarının sonrakı mərhələlərində yaşadanlar da.
Bu, həm də gələcək həyatın xarakterindən asılıdır. Mənə qalsaydı, bütün insanların həyat tərzini iki yerə bölərdim: reallığa yaxın olanlar və bir də romantiklər. Romantiklər erkən həyatın möhürünü özündə daha çox yaşadan insanlardır.

Siyasətə gəldikdə isə onu həmişə realist sənətlərə aid edirlər. Amma hər şey daha çox şəraitdən və tarixi proseslərdən asılı olur. Lap dərinə varsaq, siyasətçiləri də iki qrupa bölmək olar: bu və ya başqa tərzdə olanlar və bir də görünənlər.

İkincilər daha çox siyasətin aktyorluq tərəflərini qəbul edənlərdir. Onlar cəmiyyətin ovqatına, görmək istədiyi obraza uyğun davranış nümayiş etdirən siyasət aktyorlarıdır. Birincilər isə daha təbiidirlər, onların davranışı məzmunlarına adekvat olur. Bir çox hallarda onlar çətin qəbul edilirlər, çünki özləri ilə siyasətə yeni obraz gətirirlər və bu obraz oturuşana qədər, qəbul olunanadək bir çoxları tərəfindən müqavimətlə qarşılanır, çünki yenilik heç vaxt müqavimətsiz qəbul edilmir.

95 İL BUNDAN ƏVVƏLİN BİR OLAYI

Bu il təkcə H. Əliyevin 90 illiyi ilə xarakterik deyil. Bu il həm də Azərbaycan Demokratik Respublikasının qurulmasının 95 ili tamam olur. Bu iki tarix ölkə siyasətinin xarakterini, məzmununu özündə çox gözəl ehtiva edir.

H. Əliyevin 90 illiyi haqqında hamı danışır. Buna böyük hazırlıq gedir. Amma Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyi haqda heç kim danışmır, təbliğat aparmır. Xüsusən də o dövrün insanları heç yada düşmür. Hətta belə bir fakt unudulur ki, onlar bu millətin ilk demokratik məzmunlu siyasətçiləri olub - bundan əvvəl isə tarix səhnəsində şahlar və bir də xanlar hökmranlıq edib.

Bu yaxınlarda bir daha gözüm ADR-in baş naziri F. Xoyski ilə bağlı bir maraq doğura bilən detala sataşdı. Məlum olduğu kimi, F. Xoyski bir neçə dəfə hökumət qurmaq məcburiyyətində qalıb. Bir dəfə onun nazirlərindən birinin adı neft məsələləri ilə bağlı maliyyə qalmaqalında hallanır. Heç kim baş nazirdən istefa tələb etmir, ondan izahat istəmir, amma Xoyski özü könüllü istefa verir.

Bir az əvvəl iki siyasətçi tipindən danışdıq: görünənlər və olanlar. İndi isə iki xarakterik dövrün siyasətçilərini andıq – əvvəl H. Əliyevi, sonra isə F. Xoyskini xatırladıq.

Təqdim etdiyimiz təsnifata qayıtsaq, H. Əliyevi məhz bu birinci qrupa - görünənlərə aid etmək olar, çünki o, bütün həyatı boyu iki rolda görünməyə cəhd edib.

Ömrünün çox böyük hissəsini fədakar kommunist rolunu oynamağa, qalan hissəsini isə əsl «demokrat» və milli müstəqillik tərəfdarı kimi görünməyə çalışıb. Amma hər ikisi rol olub, tamaşa olub. Əslində o, hansı məqsədləri güdürdü, nəyə çalışırdı – bu, artıq ölkənin rəsmi salnaməçilərindən başqa heç kim üçün sirr deyil, düşünən insanlar bunu çoxdan anlayıb.

H. Əliyevin 90 illiyini böyük təmtəraqla keçirməyə və bunu az qala ümummilli bayrama çevirməyə cəhd edirlər. F. Xoyskinin isə doğum gününü çoxları bilmir. Amma bizim təsnifatımızda o, ikinci qrupa – olanlara aiddir, görünənlərə yox. O, necə var idi, elə də görünürdü. Təmiz predmet ləkə götürmədiyi kimi o da ləkə götürmürdü.

İndi nələr olmur? Ölkədə korrupsiya baş alıb gedir, millətin sərvəti talan edilir, Azərbaycanın irili-xırdalı, bütün çinli məmurlarının adı çox uzaq ölkələrdəki maliyyə qalmaqallarından, ofşor zonalardan gəlir. Amma bircə dəfə də olsun, bütün bunlara görə istefa vermək heç kimin ağlına gəlməyib…

F. Xoyski isə istefa vermişdi, baxmayaraq ki, bu addımı ondan heç kim tələb etməmişdi, bunu hökumətə etimadsızlıq məsələsi kimi qaldırmamışdı. Fəqət o, başqa cür hərəkət edə də bilməzdi, çünki özünün davranışı ilə yeni siyasətçi və dövlət xadimi obrazı yaradırdı…

O, həm də ona görə belə etmişdi ki, onlardan sonra bütün siyasətçilər çətinə düşəndə «Xoyski nə edərdi?», «Rəsulzadə necə addım atardı?» deyə soracaqdı.

KİÇİK SÖZARDI

Bəzən deyirlər ki, idealizm artıq tükənib. Amma bunu tələsik nəticə kimi səciyyələndirərdik - insanlar həmişə ideallar axtaracaq, onları öyrənməyə cəhd edəcəklər, çünki insan həmişə bioloji məzmunundan yuxarıda durmağa cəhd edir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG