Keçid linkləri

Təcili xəbərlər

Gəncliyin yolu


Arxiv foto: Bakıda 10 mart aksiyası
Arxiv foto: Bakıda 10 mart aksiyası
-

Siyasətin öz qanunları var. O, həm də tərəfdar, təəssübkeş toplamaq peşəsidir. Kim ətrafında daha çox tərəfdar toplayırsa, siyasətdə həlledici sözü də o, deyir. Ona görə də ölkə gəncliyini də öz yanında görmək arzusu bütün siyasi qüvvələr üçün təbii haldır. Bəzən bu istək qısqanclığa da gətirib çıxarır və hətta qarşılıqlı ittihamlarsız da sovuşmur.

Doğrusu, YAP funksioneri S. Novruzovun bu yaxınlarda dediyi bir fikri - «müxalifət partiyalarının gəncləri yoldan çıxarması» haqqındakı fikri məhz elə bu aspektdən başa düşməyə çalışdım. Amma fikir mənə ritorik görünmədi və bəzi suallar yaratdı.

W. CHURCHILL-İN BİR FİKRİ…

Dərhal yadıma W. Churchill-in çox maraqlı bir fikri düşdü. O, deyirdi ki, «gəncliyində inqilaba meyli olmayanın ürəyi, ömrünün axırınadək inqilabçı qalanın isə ağlı yoxdur». Sitatın sonu bir az mübahisəli olsa da, əvvəli böyük həqiqəti ehtiva edir.

Doğrudan da, gənclik siyasi mənsubiyyətini müəyyən edərkən hansı motivlərə üstünlük verir? Bu və ya digər partiyanı seçərkən onlar nəyi əsas götürürlər? Ölkə gəncliyinin siyasi meylləri əslində ciddi bir sosioloji araşdırmanın predmeti olmağa layiqdir. Biz burada nə qədər çalışsaq da, bu mürəkkəb prosesin bütün çalarlarını əhatə edə bilmərik. Amma əsas suallar aydındır.

Niyə gənclər müxalifət partiyalarına üz tutur? Nədən bəziləri, əksinə hakim partiyanın üzvü olmağa üstünlük verir? Hansı hal gənclik üçün daha məqbul və cəmiyyət üçün daha önəmli hesab edilə bilər? Bu seçim gənclərin özü üçün nə vəd edir?

GƏNCLİK, FAUST VƏ MEPHISTOPHELES …

Suallar çoxdur, amma birbaşa mətləbə də keçmək olar. Əvvəlcə müxalifət partiyalarından başlayaq. Təbii, ölkə gəncliyinin müxalifət partiyalarına üz tutması onlar üçün müəyyən çətinliklər vəd edir, çünki onlar müxalifətin yaşadığı ümumi məhrumiyyətləri bölüşməli olur, öz karyeralarına müəyyən qədər problem yaradırlar.

Amma bunları bilavasitə müxalifət partiyalarının günahı hesab etməkdənsə, daha çox hakim partiyanın yaratdığı siyasi gerçəkliklərin təzahürü kimi təqdim etmək daha düzgün olardı.

Hər iki halda – həm müxalifət partiyalarına, həm də hakimiyyət partiyasına üz tutarkən gənclik nəsə itirir. Birinci halda onlar rahat və etibarlı karyera şansını itirir, amma azadlıqlarını hifz edirlər. İkinci halda onlar müəyyən maddi üstünlüklər qazanmış olsalar da mənəvi itkilərlə üzləşirlər, öz azadlıqları və müstəqillikləri ilə vidalaşmalı olurlar.

Təbii, hər bir gənc seçimində azaddır. Amma ölkənin gələcəyi olan gəncləri qəlbini Mephistopheles-ə (Mefistofel) təhvil vermiş Faust rolunda da görmək istəməzdik. Bunun gələcək üçün hansı neqativ hallar yarada biləcəyini nümayiş etdirmək üçün o qədər də böyük səy göstərmək lazım deyil, hər şey göz önündədir.

M. Ə. RƏSULZADƏNİN, YOXSA H. ƏLİYEVİN ARDINCA?

Burada da seçim haqqı gəncliyindir. Bizim səhvlərimiz də bizim özümüzündür. Amma hər dəfə M. Ə. Rəsulzadənin Azərbaycan gəncliyinə məşhur müraciətini eşidəndə adamın damarlarından qəribə bir gizilti keçir, özünü böyük prosesin iştirakçısı, tarixin yaradıcısı hesab edirsən.

Əvvəldə müxalifət sıralarına qatılmış gənclərin karyera çətinliklərindən bir-iki söz yazdıq. Amma bu son bir neçə ildə çox maraqlı hadisələr baş verib. Belə ki, bir sıra şirkətlər həbs olunmuş gəncləri işdən azad etməyib, onları əməkdaş kimi saxlayıb. Həmin şirkət rəhbərləri bildiriblər ki, gənclərin siyasi baxışları onlar üçün bir o qədər də maraqlı deyil.

Bu, çox təqdirəlayiq hal hesab edilməlidir. Müxalifətçi gəncliyin yaşadığı ən böyük problem öz iş yerində, təhsil aldığı müəssisədə siyasi baxışlarına görə sıxışdırılması, təqib olunmasıdır.

H. Əliyevin ardıcılı olmaq məsələsinə gəldikdə isə, bu siyasi obraz təqlid üçün bir o qədər də uğurlu deyil. Təbii ki, onun da bioqrafiyasında bəzi maraq kəsb edən detallar tapmaq mümkündür - məsələn, o, siyasi və ictimai karyerasını heç nədən, necə deyərlər, sıfırdan başlayaraq qurub.

Sözsüz ki, bu, müəyyən insanlar üçün cəlbedici fakt kimi görünə bilər. Amma ona o gənclər önəm verir ki, onlar üçün karyera hər şeydən üstün sayılır.

M. Ə. Rəsulzadəyə gəldikdə isə, adam yeni bir söz deməyə çətinlik çəkir. Bəli, o, fədai idi, millət fədaisi. Güman edirik ki, burada nöqtə qoymaq olar…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG