Keçid linkləri

-

Ötən ilin payızında Fransada oxuyan bir azərbaycanlı tələbədən məktub aldım. Heç nəyi dəyişmədən məktubu sizə təqdim edirəm:

«Salam, Sevda xanım. Bu yay bir şəkil çəkmişdim İçərişəhərdə. Keçən həftələrdə dostumun birindən soruşdum, bu kimin inisialıdır?

Dedi ki, Ağarəhim bəy Məlikovun Şəmsi Bədəlbəyli küçəsində («Qış Bulvarı» salınan ərazi) yerləşən binanın üstündə olan inisialdır. O binanı artıq söküblər.
Dedim necə mümkündür bu… Axı onu bu yay görmüşəm. Gördüyüm yer İçərişəhərdə, Şirvanşahlar sarayının arxasında idi.

Digər bəzi elementlərlə birgə bu inisial da yerdə idi. Qalanları bir evin üstünə yapışdırılmışdı.

Həmin dostum getdi, gördü düz deyirəm.


Adıgedən elementlər

Adıgedən elementlər

Bəzi elementlər deyirdim, qalıb yerdə (şəkillərdə görünür).

Sizin verilişə bilmirəm nə vaxtsa bir qonaq gəlmişdi. Sökülən binaların daşlarından nəyi bacardı götürüb aparırdı.

Əgər həmin adamın əlaqə nömrələri filan varsa sizdə, zəhmət olmasa, ona xəbər edin, götürsün. İt-bat olmasın, heyifdir».


Təəccübləndim, hətta bir gün Polşa səfirliyinə gedərkən, Şirvanşahlar Sarayının ətrafına fırlandım – heç nə görmədim…Və unutdum. Ancaq onun göndərdiyi şəkilləri arxivimdə saxladım.

18 Aprel – Abidələr Günü ərəfəsində həmin tələbənin ötən il yazdığı email-i yenə xatırladım və bu barədə bir yazı yazmaq fikrinə düşdüm.

İşə gəlib kompüterimi yandıranda təəccübüm bir az da artdı.

İnanmayacaqsınız, həmin tələbə yenə mənə yazmışdı…Bu dəfə başqa bir binadan:

«Salam, Sevda xanım.

Ümidvaram yaxşısınız.

Mənim imtahanlarım bitdi, yenə axtarışlara başlamışam.

Bu yaxınlarda mənə məlumat gəldi ki, Bakıda Nigar Rəfibəyli küçəsində bir binanı söküb, təzədən tikiblər. Əvvəl restavrasiya etmək istəyiblər, görüblər alınmayıb, söküb təzədən tikiblər. Amma əsas problem onda deyil, söküntü-tikinti işlərinə, nə qədər ağır olsa da, artıq alışmışıq. Problem odur ki, binanın formasını dəyişdikləri bəs deyil (2 mərtəbə idi, ediblər 4 mərtəbə), binanın sahibi naməlum «K» yazılı venzellərini («venzel» – bir şəxsin ad və soyadının baş hərflərinin eyni təsvirdə birləşdirilməsidir –S.İ.) çıxarıb, «MH» (inisial kirillə verilib –S.İ.) Musa Nağıyevin inisiallarını vurublar.

Halbuki, Musa Nağıyevin binası 1910-da tikiləndə, o bina artıq vardı (1898-ci ildə tikilib).


Həmin bu məlumatları deyən dostum (facebook-da «Gulya Khaki») bu barədə bir yazı hazırlayıb – şəkilli-sübutlu.

İstəyirik o yazı yayımlansın. AzadlıqRadiosunda bunu yayımlaya və işi daha dərin araşdıra, məsələn, binanın təmir-bərpa işlərinə cavabdeh şəxsləri sorğulaya, onlardan müsahibə ala bilərsinizmi?».


Yazını və şəkilləri göndərirəm:

Musa Nağıyev

Musa Nağıyev

(Artıq bizim «başbilənlərimizin», «zövq aşılayanlarımızın», «yeni Azərbaycan tarixi yazanlarımızın» aşıb-daşan ideyaları mutasiya etməyə başlayıb. Belə ki, Bakının düz ortasında – «Parapet»də, hamımızın gözü qarşısında olan bir tarixi binanı «rekonstruksiya» edib, onu bu yaxınlarda «yeni zövqlə» xalqa təqdim ediblər. Bu bina vaxtilə «Gül pasajı» adlanan binadır ki, onu 1910-cu ildə neft milyonçusu Musa Nağıyev tikdirmişdi. Hal-hazırda bu bina Nigar Rəfibəyli, 39 (ikinci ünvanı belədir: R. Rza, 23) ünvanında yerləşir. Onu bir ildən çoxdur ki, yonub, ağardıb, işıqlandırıb, necə deyərlər, xalqın gözlərinin xidmətinə veriblər. Həmin binanın üstündə Musa Nağıyevin inisialı da var «MH». Bu belə.

İndi keçirəm, onun yanındakı, ona bitişik olan binaya, yəni Nigar Rəfibəyli, 37 ünvanında yerləşən binaya. Bu bina vaxtilə hansısa «K» adlı, ya da soyadlı şəxsə məxsus olub və ikimərtəbəli imiş. Özü də o bina 1898-ci ildə tikilibmiş, çünki binanın üstündə 2 ədəd venzel vardı və hər iki venzelin üstündə binanın tikilmə tarixini göstərən rəqəmlər yazılmışdı – 18 və 98. Bu da o deməkdir ki, bina 1898-ci ildə tikilib qurtarıb.http://www.facebook.com/photo.php?

İndi o binadan əsər-əlamət qalmayıb, yalnız fotoları qalıb, çünki onu söküb, yerində Musa Nağıyevin binasına oxşar «mutant» bir bina ortaya çıxarıblar. Əvvəl istəyiblər o binanın üstündən 2 mərtəbə tikib Ağa Musanın binasına çatdırsınlar, sonra hansısa problemlər yarandığından onu yerli-dibli söküb yerində təzə bir bina tikiblər. Ən əsası odur ki, həmin bu təzə tikilmiş binanın üstündə öz venzelini yox, məhz Musa Nağıyevin venzelini yapışdırıblar?! Sual olunur: Musa Nağıyevin bu binaya nə aidiyyəti var? Əvvəla, Musa Nağıyevin binası həmin binadan 10 il sonra tikilib, demək, bu binanı tikdirən kişi hələ Musa Nağıyevdən əvvəl o yerlərdə yaşayıbmış. Bundan başqa, Musa Nağıyevin babasının adında «K» hərfi yoxdursa, bu binanın üstündə niyə Musa Nağıyevin venzeli (inisialı) olmalıdır, axı? Deyilənə görə, Musa Nağıyevin Bakıda 98 binası olub, indi belə çıxır ki, onun bütün binalarının və ona bitişik olan binaların hamısının üstünə «MH» venzeli vurulmalıdır? Adama deyərlər, Musa Nağıyevə belə qiymət verənsinizsə, adının qeydinə belə qalırsınızsa, onda gedin Bakının küçələrindən birinə onun adını verin. Ya da gedin, indiki Zərgərpalan küçəsi, 16 (və yaxud, Tolstoy küçəsi, 104) ünvanında yerləşən, Musa Nağıyevin 1887-ci ildə tikdirdiyi ikimərtəbəli məşhur daş fənərli binasını təmir edin, pis gündədir. Lap elə istəyirsiniz orda onun ev muzeyini də açın, çünki Ağa Musa uzun müddət ailəsi ilə həmin binada yaşayıb. Day bu mutasiya əməliyyatlarından əl çəkin.)

Cavabınızı gözləyəcəm».

Bax, belə. Məktubu aldım və düşündüm ki, deyəsən, Bakı Parisdən daha yaxşı görünür…

Və Fransada təhsil alan tələbəyə cavab yazdım.

Yazdım ki, Filankəs, imtahanları uğurla verdiyin üçün səni təbrik edirəm.

Amma ən çox vətəndaş qeyrətinə görə sənə böyük bir alqış düşür.

Həmişə belə qal!

Bakının – Bakımızın uzaq Fransada da təəssübünü çəkdiyin üçün sənə minnətdaram.
AzadlıqRadiosu o binanın tarixini, başına gələnləri araşdıracaq.

Saytımızı izlə və bizi dinləməkdə ol.

Hörmətlə: Sevda İsmayıllı

Şərhləri göstər

XS
SM
MD
LG