Keçid linkləri

Təcili xəbərlər

Siyasətdə sağçılıq modası


Arxiv foto: Monteneqroda Sosial Demokrat Partiyasının seçkilərdə qələbəsi qeyd olunur
Arxiv foto: Monteneqroda Sosial Demokrat Partiyasının seçkilərdə qələbəsi qeyd olunur
-

Qeyri-hakimiyyət partiyalarının ölkə siyasətindəki rolunun tamamilə şərti olduğu bir vaxtda diqqəti həmin siyasi spektrin hansısa bir hissəsinə yönəltmək bəlkə də bir qədər qəribə görünə bilər.

Amma bu, elə bir yoldur ki, ondan geriyə qayıdış yoxdur - hakimiyyət dairələri bunu birdəfəlik başa düşsəydi, çox yaxşı olardı.

Ən azı ona görə ki, siyasi partiya elə bir institutdur ki, o, ilk hakimiyyətlərlə əkiz qardaşdır, çünki ilk siyasi münasibətlər yaranan andan partiyalar da formalaşıb. Düzdür, onlar indiki şəkildə olmayıblar, daha çox hakimiyyət dəhlizlərində qapalı siyasi qruplar şəklində mövcud olublar. Amma fərq etmir, əgər siyasətin assosiativ məşğuliyyət olduğunu qəbul ediriksə partiyaların da qədimliyini etiraf etməliyik.

Lakin bu yazıda məqsəd heç də siyasi partiyaların formalaşmasının detallarını araşdırmaq deyil. Bu yaxınlarda maraqlı bir ədəd diqqətimizi cəlb etdi.

Məlum olur ki, Rusiyada qeydiyyatdan keçmiş 64 partiyadan 25-i sosial-demokratiya yönümlüdür. Hətta siyasi spektrdə belə ciddi dərəcədə təmsil olunmasına baxmayaraq, onlar Rusiyanın da siyasi həyatında elə də önəm kəsb etmirlər. Elə buna görə də diqqəti bu detala yönəltmək qərarına gəldik. Dərhal da sual yarandı. Nədən mütərəqqi siyasi cərəyan olan sosial-demokratiya yönümlü partiya və təsisatlar radikal solçuluğun bir vaxt 70 il şəriksiz hakimiyyətə malik olduğu ölkələrdə indi elə bir nüfuza malik deyillər?

Amma suala cavab verməmişdən öncə bir detalı da qeyd edək. Bəli, demək olar ki, keçmiş sovetlərin ərazisində solçu partiyalar yenə də ya kəskin radikal formalarda kommunist partiyaları şəklində təmsil olunublar, ya da mövcud olduqları ölkələrin həyatında ciddi rol oynamırlar. Bunun səbəbi nədir?

70 İL SOLDA OLMAQ BƏS ETDİMİ?

Bəlkə də solçu partiyalara indiki etinasızlığın səbəblərini onların radikal qanadının 70 illik hakimiyyətində axtarmaq lazımdır.

Fəqət, o haqda o qədər yazılıb və danışılıb ki, güman etmirik ki, bir yazı ilə həmin siyasi-publisistik kütləyə əhəmiyyətli töhfə verək. Daha yaxşı olardı ki, gənc dövlətlərdə müstəqillik dövrünün ilk partiyalarının yaranmasının bəzi özəlliklərinə diqqət yetirək.
Keçmiş sovet məkanında siyasi partiyaların formalaşmasında son siyasi dəb, moda az rol oynamadı. Liberal dəyərlərin təntənəsi yeni ölkələrdə yaranmaqda olan ilk partiyaları sağ-mərkəzçi istiqamət tutmağa vadar etdi.

Bir çox hallarda heç ölkələrin tarixi və özəl xüsusiyyətləri belə nəzərə alınmırdı. Əsas o idi ki, radikal sosialist dəyərləri tam iflasa uğramışdı, insanlar da heç fərqinə varmırdı ki, bolşevizmin iflasa uğradığı bir vaxtda Avropa ölkələrində sosial-demokratiya yönümlü partiyalar çox böyük uğurla fəaliyyət göstərir.

Tamam məlumatsızlıq dövrü idi. Bütün bunları insanlar sonra biləcəkdilər. O vaxt isə yanaşma çox sadə idi. Solçular kimdir? Kommunistlər! Bəs kommunistlər kimdir? Milli müstəqilliyə qəsb edənlər! Beləcə məsələ bitmiş hesab olunurdu.

Ona görə də çox böyük bir siyasi məkanda islahatçı sosial-demokratiya cərəyanları ya yaranmadı, ya da kiçik qruplar şəklində meydana çıxdılar.

Siyasi məlumatsızlığın aradan qalxdığı dövrdəsə vəziyyət yeni partiyaların yaranması üçün əlverişli olmadı.

Siyasi partiyalara qarşı təqiblər artdı, onların sərbəst fəaliyyətinə imkan verilmədi, kütlələrə çıxışı məhdudlaşdırıldı, siyasi spektrin oturuşması və insanların həqiqi siyasi simpatiyalarının müəyyən edilməsi üçün azad və ədalətli seçkilər keçirilmədi.
Ona görə də bu gün cəmiyyətin siyasi zövqünü müəyyən etmək və onların sağlara, yoxsa sollara daha çox simpatiya bəslədiyini təyin etmək olduqca çətindir.

AZƏRBAYCAN GERÇƏKLİKLƏRİ

Azərbaycana gəldikdə isə, elə bir situasiyadır ki, hər bir partiya özünü ölkədə ən güclü təsisat hesab edir və belə iddiaların qarşısında sadəcə, susmaq lazım gəlir, çünki hakim partiyanın - YAP-ın günahı ucbatından ölkədə «siyasi tərəzi», dəqiq siyasi meyarlar işləmir…

Bəzən öz seçimimizi, sağa doğru meyl etməyimizi də çək-çevir etməli oluruq.

Fikirləşirsən ki, görən, siyasi modaya çox aludə olmamışıq ki?

Yadıma gəlir, iki müxalifət partiyası üçün proqram layihəsi hazırlayan vaxt bir nəfər iqtisadçının çox maraqlı iradı oldu. O, dedi ki, kasıbların düşərgəsində oturub varlıların şüarlarını qışqırırsınız.

O vaxtdan bu günə qədər periodik olaraq həmin məsələyə qayıdır, iqtisadçı dostumuzun iradı haqda düşünürəm. Siyasət adamları doqmatik olmamalı, zəruri hallarda öz baxışlarını korrektə etməyi bacarmalıdırlar. Amma bu yenə də ölkənin siyasi gerçəkliklərinə bağlanır – burada azad seçki yoxdur, ona görə də «Kim kimdir?» məsələsi həll olunmur və biz təhlilçilər qaranlıq otaqda qara pişik axtaranlara bənzəyirik…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG