Keçid linkləri

Təcili xəbərlər

Sürüşən binanın üstünə çıxmaq olmaz!


Sürüşdürülən bina
Sürüşdürülən bina
-
İsa bəy Hacınski (1860-1919)
İsa bəy Hacınski (1860-1919)
İsa bəy Hacınskinin evi sürüşdürülür.

Çox gözəl! Çox pakizə!

Kaş, bu sürüşdürülmə o biri binalara da qismət olaydı...

Elə Ağarəhim Məlikovun Şəmsi Bədəlbəyli küçəsindəki 21-dəki gözəl evinə.

Ya «Qış Bulvarı» ərazisindəki başqa tarixi binalara. O ətrafda olan tarixi komplekslərə. Fon-Der Nonnenin, Zivər bəyin ucaltdığı binalara. Aytəkin İmranovanı dərdə salan, ruhunu incidən abidələrə...

Ya 3 il əvvəl Y. Məmmədəliyev küçəsindəki yerlə yeksan edilən «Atlant»lı binaya.
Gözəlim gonbullara...

Çox təəssüf! Onlar bir daha geri qayıtmazlar.

İsa bəy Hacınskinin bu baxımdan bəxti gətirdi.

Neft və milyonlar səltənətində sürüşdürülmə ilki onun bəxtinə yazıldı.

Amma dəyər!!!

ƏSİLLİ-NƏCABƏTLİ AİLƏDƏN OLUB

İsa bəy əsilli-nəsilli, zadəgan ailədən olub. Neftlə varlananlardan yox.

1860-cı ildə Bakıda doğulub.

Atasından ona xeyli mal-mülk, var-dövlət qalıb.

Sahib olduğu torpaqlarda neft çıxandan sonra İsa bəy 1903-cü ildə şəxsi neft şirkətini qurub. Və işləri yağ kimi getməyə başlayıb.

Hətta Bakı Şəhər Dumasının üzvü olub.

Deyilənə görə, o, fəhlələrinə hətta Nobellərdən, Rotşildlərdən, Montaşovlardan da çox maaş verərmiş.

Bibiheybətdəki neft mədənləri, Xəzər dənizindəki Çələkən adası onun və qardaşı Kazımın idi. İsa bəyin Qaraşəhərdə kerosin zavodu da vardı.

4 DİL BİLİRDİ, 4 ÖVLADI VARDI

İsa bəy həm də böyük xeyriyyəçiydi. İlk Müsəlman Xeyriyyə Cəmiyyətinin yaradıcılarındandı.

O, uzun illər Bakı Kişi Gimnaziyasının fəxri himayədarı olub və gimnaziyanı bitirənlərin bəzilərinin Rusiya şəhərlərində təhsil almasını da maliyyələşdirib.

İsa bəy gimnaziyada kasıb uşaqları pulsuz oxudurmuş. Hətta şagirdlərin yay istirahəti üçün Pyatiqorskda yer alıb ev tikdiribmiş.

Neftxuda bir neçə xarici dil bilirdi – ərəb, fars, ingilis, alman.

Onun 4 övladı vardı. İsa bəy, təbii ki, onlara da yaxşı təhsil vermişdi.

DƏNİZ QIRAĞINDA EV

İsa bəy varlandıqca, pulunu gözəl binalar ucaltmağa sərf edirdi. Bakının müxtəlif yerlərində imarətləri vardı. İndi sürüşdürülən bina onun ilk evlərindən olub.

İsa bəyin bir arzusu da varmış. O, dəniz kənarında imarət ucaltmaq istəyirmiş...

Bakı Bulvarının salınmasında xüsusi əməyi olan Duma qlasnısı Hacınskiyə bulvarın lap göbəyində ev tikdirməyə kim mane olacaqdı ki?

ASLANLARI QUMBARA PARÇALADI

İtaliyadan memar dəvət edir. Bina 1912-ci ildə tikilib başa çatır.

Və bu gözəllər-gözəli bina İsa bəyin yaman xoşuna gəlir. Memara istədiyindən artıq pul verir.

«Hacınskinin evi»
«Hacınskinin evi»
Neftçilər prospekti 103-də – Qız Qalasının düz yanında yerləşən həmin bina indi də Bakının yaraşığı, bəlkə də göz muncuğudur.

Deyilənə görə, həmin binanın girəcəyində mərmərdən yonulmuş aslan heykəlləri də olub. Ancaq 1918-ci il mart hadisələri zamanı bu heykəllər atılan qumbaralardan parçalanıb...

59 YAŞINDA DÜNYADAN KÖÇDÜ

Heyf!

Atılan qumbaralar təkcə İsa bəyin sevdiyi binanın heykəllərini yıxmadı, həm də onun sağlamlığını korladı.

Bakı qırğınlarından, biznesinə, mal-mülkünə dəyən zərərdən sarsılan İsa bəy cəmi 59 yaşında – 1919-cu ilin yanvarında dünyadan köçdü.

Amma bəlkə də, təəssüflənməyə dəyməz...

YAŞASAYDI...

Yaşasaydı, bir ildən sonra daha böyük zərbələr alardı İsa bəy.

Hər şeyi əlindən çıxardı. Bütün binaları əlindən alınardı.

Gözəllər-gözəli binasına bolşeviklər soxulardı.

Neft səltənəti artıq xəyal olardı.

Balaları pərən-pərən düşüb xaricə qaçardı. Oğlanları vətəni görmədən orada da dünyadan köçərdilər.

Ömür yoldaşı Xeyransa xanımla qızı 13 yaşlı Zübeydə heç yerə getmək istəməyib Bakıda qalardılar və o gözəllər-gözəli evdən, Mərdəkandakı bağdan qovulub, sonda qohumların himayəsində yaşamalı olardılar.

İsa bəy bunların heç birini bilməyəcəkdi. Bilsəydi, o həssaslıqla bu amansız dünyada heç yaşaya bilməzdi...

BAKILILAR SAATLARINI ONUNLA YOXLAYARMIŞ

Ya 3 il əvvəl Y. Məmmədəliyev küçəsindəki yerlə yeksan edilən «Atlant»lı bina
Ya 3 il əvvəl Y. Məmmədəliyev küçəsindəki yerlə yeksan edilən «Atlant»lı bina
Deyilənə görə, İsa bəy əsl aristokrat olub. Çox şıq geyinərmiş. Üstəlik, kostyumlarını gündə bir neçə dəfə dəyişərmiş.

O, həm də, Bakıya ilk avtomobil gətirən milyonçulardanmış.

Köhnə bakılıların dediyinə görə, İsa bəy o qədər dəqiq adammış ki, şəhər sakinləri saatlarını onun işə getməsi, nahara gəlməsi və işdən qayıtması ilə yoxlayarmış...

Bir də, səmti onun evi ilə nişan verərlərmiş: Hacınskinin evindən o yana...

SÜRÜŞƏ, SÜRÜŞƏ....

Di haydı! Sürüşməyə davam!

Neftdən gələn gəlirləri hərdən neftxudaların binalarının qorunub saxlanmasına da sərf edək!

Onları uçurub yerinə yenisini--özümüzünkünü tikməyə yox!

Amma... şəhər yetkilisinin sözlərinə aldanıb birdən binanın üstünə çıxarsınız, a... Sürüşən binanın üstünə çıxmaq olmaz!

Orada İsa bəyin nigaran ruhu dolaşır.

Bu işıqlı, kübar kişinin ruhunu incitməyin!

Elə yanından keçəndə, sürüşdürülən binaya baxıb «Hacınskinin evi» deməyiniz yetər.

P.S. İçində kimlər yaşasa da, Qız Qalasının yanındakı o möhtəşəm evə elə Sovetlər zamanında da, indi də «Hacınskinin evi» deyirlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir. Sən də fikirlərini foruma yaza bilərsən.
XS
SM
MD
LG