Keçid linkləri

-
AFP agentliyinin yaydığı xəbərə görə, «ərazinin prezidenti» Bako Sahakian bu çağırışı Fransaya üçgünlük səfəri zamanı edib.

O deyib ki, dünya ictimaiyyəti Azərbaycanın mübahisəli ərazini silah gücünə götürəcəyi ilə bağlı təhdidlərinə ciddi yanaşmalıdır.

«Biz Azərbaycanın militarizasiya siyasətindən və aşırı silahlanmasından narahatıq, çünki ölkəmizə qarşı açıq-aşkar hədələr vardır», - Sahakian deyib.

AFP yazır ki, Azərbaycan neft ixracatından əldə etdiyi pullar hesabına müdafiə xərclərini ildırım sürəti ilə artırır və builki büdcənin 1.9 milyard dolları (dövlət büdcəsinin 15 faizi) hərbiyəyə ayrılıb.

Agentliyin xəbərinə görə, keçmiş döyüşçü, separatçı bölgənin prezidentliyinə ikinci dəfə seçilmiş Sahakian deyib ki, sülh danışıqları bir nəticə verməsə də, ən azı daha bir müharibənin qarşısını almaqdadır.

O həmçinin bildirib ki, danışıqların formatı genişləndirilməli və orada 150 minlik əhalisi olan Qarabağın da nümayəndələri iştirak etməlidirlər. Onun fikrincə, yalnız bu halda danışıqlar real bəhrə verə bilər.

Bakıda hərbi parad - 2011

Bakıda hərbi parad - 2011

Bako Sahakian deyib ki, danışıqlar prosesində münaqişənin sülh yolu ilə həllinə inanır və Qarabağ tərəfi heç bir halda yeni müharibəni birinci başlamayacaq:

«Bu, olduqca mürəkkəb münaqişədir və burada bir gün ərzində həll tapmaq mümkün deyildir. Bununla belə dialoq və sülhün alternativi yoxdur».

«YEREVAN-XANKƏNDİ REYSİNİ GÖZLƏYİRİK»

Ekspertlər bildirirlər ki, Sovet İttifaqının çökdüyü illərə təsadüf edən bu ən qanlı münaqişələrdən biri yenidən alovlanarsa, müharibə daha dağıdıcı ola bilər.

AFP-nin xəbərində deyilir ki, separatçı Qarabağın ayaqda durması Ermənistanın və Fransa da daxil dünya erməni diasporunun dəstəyi ilə mümkün olub.

Sahakian ümid etdiyini bildirib ki, Fransaya üçgünlük səfəri zamanı Dağlıq Qarabağ iqtisadiyyatına investisiyaların yatırılmasına nail olacaq.
Xankəndi aeroportu

Xankəndi aeroportu


O həmçinin deyib ki, qarabağlılar Xankəndi hava limanının nəhayət kommersiya uçuşları üçün açılacağını gözləyirlər.

AFP bildirir ki, ətraf aləmdən dağlarla təcrid olunmuş Dağlıq Qarabağın başqa regionlarla yeganə əlaqəsi qış fəslində keçilməz olan və 8 saat vaxt alan Yerevan-Xankəndi yoludur.

Bako Sahakian deyib ki, Dağlıq Qarabağ aeroportun açılışı məsələsinin həllinə çox yaxındır. O, bu hava limanından istifadəyə yol verməyəcəyini bildirən rəsmi Bakını da tənqid edib.

Sahakian deyib ki, hava limanının açılışını münaqişə ilə əlaqələndirmək düzgün deyildir, çünki Yerevan-Xankəndi reysləri bölgəni blokadadan çıxarmaq üçün zəruridir.

Şərhləri göstər

XS
SM
MD
LG