Keçid linkləri

-


Bəzən həyat gerçəkliklərinə münasibətin özü də çox fərqli formalarda təzahür edir. Onu olduğu kimi qəbul edib uyğunlaşanlar olur, daim onu dəyişməyə can atanlar olur və bir də imitasiya edənlər – gerçəkliklərin təzyiqi altında elə həmin gerçəkliklərdən qaçmaq üçün özlərinə həyat missiyası uyduranlar da tapılır.

Sonunculara insanlar xəyalpərvərlər deyir və əksər hallarda onlara ciddi münasibət göstərmirlər, çünki onların ünvanları kimi fikirləri də qeyri-müəyyən və rabitəsiz olur. Amma gəl ki, onlar özlərini hamıdan çox bilən və ən başlıcası isə hamıdan realist hesab edirlər.

Düzdür, məsələnin qəliz tərəfi də elə budur ki, realizm və realist sözləri də müxtəlif cür yozulur. Məgər bir vaxt Avropa gəncləri «Realist olun! Qeyri-mümkün olanı arzu edin!» demirdilərmi?

Hərçənd burada kiçik bir fərq var. Avropalı gənclər deyirdi və bunun üçün nəsə etməyə cəhd edirdilər. Amma bizim halda daha çox imitasiya müşahidə edilir - insanlar konkret nəsə etmirlər, daha çox nə edəcəkləri haqda xəyallar qururlar…

BƏRABƏR ŞANSLAR

Bu kiçik girişi ona görə etdik ki, ölkə siyasəti üçün həlledici məqam tədricən yaxınlaşır və bu məqamda gərək gerçəkliklərə uyğunlaşanları, onu dəyişməyə can atanları və daim yeni gerçəkliklər uyduranları bir-birindən ayırasan, çünki ölkə çox qarışıb, bir şeirdə deyildiyi kimi, kimin əlinin kimin cibində olmasını müəyyən etmək heç də həmişə asan olmur.

Bizim kiçik təhlil ölkənin yaxın gələcəkdəki perspektivi ilə bağlı olacaq. Hansı tərəfdən baxırsan, qarşıya qoyulan məqsədlər eyni dərəcədə riskli və eyni ehtimallı görünür.
Hətta deyərdik ki, hakimiyyətin daha bir seçkini öz maraqlarına tabe etdirərək bir adamı üçüncü dəfə prezident etmək istəyi müxalifətin artıq 20 il hakimiyyətdə olan partiyanı birdəfəlik hakimiyyət kürsüsündən uzaqlaşdırmaq istəyi ilə eyni ehtimallıdır. Bu situasiyada hansısa tərəfə üstünlük vermək çətindir, prinsipcə qələbə hər bir tərəfin nəsibi ola bilər.

MƏQSƏD AYDINLIĞI

Bəs tərəflər arasındakı fərq nədədir? Məqsəd sözünü daha çox yüksək materiyalarla bağlamağa adət etsək də o, çox asanlıqla gündəlik məsələlərə də şamil oluna bilir – hətta cəmiyyəti bezdirmiş və onun təqdir etmədiyi partiyanın da konkret siyasi məqsədindən danışmaq mümkündür.

Bu mənada indiki hakimiyyətlə onu daim əvəz etməyə çalışan müxalifət arasında ciddi fərq var – hakimiyyətdəkilərdə məqsəd aydınlığı daha çox hiss edilir. Onlar nə edəcəklərini birmənalı şəkildə bilirlər, hətta bu məqsəd öz çılpaqlığı və konkretliyilə adamı qorxutmaq iqtidarındadır.

Amma digər tərəfdə - müxalifət düşərgəsində bu yoxdur, onlar nə edəcəklərini hələ indi müəyyən etməklə məşğuldurlar. Bu isə ortalıqda bir gecikmə fazası yaradır. Lap bir atalar məsəlində deyildiyi kimi: «ağıllı fikirləşənə, götür-qoy edənə qədər ağılsız vurub çayı keçir…».

Hakimiyyət mütəşəkkilliyi, mobilliyi ilə seçilir və etiraf etmək lazımdır ki, bu, təkcə hakimiyyətdə olmağın verdiyi üstünlük deyil. Düzdür, hakimiyyətdə olmaq da böyük inzibati resurslar yaradır.

Amma hətta bunsuz da pərakəndə müxalifətə nisbətən hakimiyyət daha çox təşkilatlanmış və səfərbər edilmiş görünür. Hakimiyyətdəkiləri konkret maraqlar birləşdirir, ən başlıcası isə onlar bir fikirlə razılaşıblar ki, yalnız bir nəfər birinci ola bilər, qalanlar isə digər yerləri bölüşməlidir. Müxalifət bəlkə də hamıdan əvvəl «Hədəf bəlli, lider bəlli!» desə də heç vaxt nə hədəfi müəyyən edə bilməyib, nə də lideri, çünki hərə bir şey güdüb, ən başlıcası isə, hamı lider olmaq istəyib.

QAYDASIZ SİYASİ MÜBARİZƏ

Üstəlik, ölkədə qaydasız siyasi oyun gedir. Amma qaydasızlıq tək bir tərəfin-hakimiyyətin imtiyazı kimi təzahür edir.

O biri tərəf - müxalifət çox ciddi şəkildə nəzarət edilən və hədsiz dərəcədə dar bir çərçivədə fəaliyyət göstərmək məcburiyyətindədir.

Bu günlərin söhbətidir. Ölkənin böyük dövlət müəssisələrindən birində insanlara hakim partiyanın vəsiqələri paylanırdı. Halbuki ölkə qanunvericiliyinə görə dövlət müəssisələrində siyasi partiyaların özəklərini yaratmaq qadağandır.

Bunu bir qədər əvvəldə dediyimiz fikrin - siyasi mübarizənin qaydasız şəkildə aparılmasının sübutu kimi təqdim etmək mümkündür. Amma belə sübutlar bir və ya ikidirmi? Onlar çoxdur. Etiraf etmək lazımdır ki, müxalifət təşkilati məsələləri həm də hakimiyyətin təzyiqləri ucbatından yoluna qoya bilmir.

O səbəbdən də ölkə siyasəti çox kontrastlı görünür. Əgər bir tərəfdə siyasət və onun təşkilatlanma formaları az qala ciddi mafiya təsiri bağışlayırsa, o biri tərəfdə daha çox həvəskarları və romantikləri görürük.

Amma bu, ölkə siyasətinin yeganə özəlliyi deyil. Ən böyük qüsur, özü də müxalif düşərgəni iflic edən qüsur budur ki, bizim həvəskar kimi təqdim etdiklərimiz də öz çevrələrində və öz müttəfiq dostlarına qarşı münasibətdə çox iddialı və eqoist görünürlər. Onlar sanki bu situasiyadan necə tezliklə və itkisiz qurtulmaq haqqında yox, kimin bu situasiyadan daha çox yararlanacağı haqda düşünürlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG