Keçid linkləri

-
Kərkük polisi Azərbaycan jurnalistlərinin
içərisində 5 mindən artıq fotosunun olduğu oğurlanmış kompüterlərini necə tapıb-qaytardı...



Bir gün öncə Kərkükdə yaşanmış bir hadisədən söz açırıq. Əslində başqa olayları diqqətinizə yetirəcəkdik. Çəkdiyim fotolar və şəkilaltı sözlərlə İraqdakı insanlıq dramından və yolda başımıza gələn bir az da məzəli olaylardan – İraq sərhədindən geri qaytarılmağımızdan, Kərbəlada bir neçə saatlıq həbsimizdən, Samirədə atışmanın düz ortasına düşüb məscidə sığınmağımızdan bəhs edəcəkdik. Təbii ki, Azərbaycana qayıdandan sonra. Amma indi bir vicdan borcumuzu ödəmək, o üzdən duyub-yaşadıqlarımızı məhz indi sizlərə açıqlamaq istəyirik.

Növbəti dayanacaq kimi, Kərkük şəhərinə çatar-çatmaz, qarşımıza çıxan ilk ucuz otelə yerləşdik. Olduqca çirkli və yaşayış üçün əlverişsiz idi. Amma otelin ucuzluğu və gecədən-gecəyə yatmaq imkanı bizi qane edirdi.

Qaydaya görə, şəhər polis idarəsində qeydiyyata düşməliydik. Bunun əcnəbilərə faydası var, çünki hər hansı terror olayının qurbanına çevrilsən, şəxsiyyətin tez müəyyənləşdirilə və yaxınlarına məlumat verilə bilər. Prosedur gərəyi ərizə yazmalı və polis rəisinə təsdiqlətməliydik. Bu, azı 3 günü boşa vermək olardı. Tək çıxış yolu –polis rəisi ilə görüşmək idi.

Bu gün (red: mayın 6-sı) səhər Kərkükdə partlayış olduğundan polislər ayağa qalxmışdılar. Polis rəisi Turhan bəy (onun babası Bakının azad edilməsi zamanı türk ordusunda həlak olub – sonrakı görüşümüzdə demişdi) harasa tələsirdi. 2-3 dəqiqə danışa bildik. Bəzi qeydləri götürdü və bizə öz şəxsi telefon nömrəsini verdi ki, lazım olsa, ona zəng edək.

Kərkükdə çay evi

Kərkükdə çay evi

Əhvalat otelə dönəndən sonra baş verdi: mənim və səfər yoldaşım fotoqraf Cahangir Yusifin kompüterləri oğurlanmışdı. Təbii ki, özümüzü itirmişdik, axı 15 gün boyu min cür əziyyət hesabına çəkdiyimiz beş minə yaxın foto məhz bu kompüterlərdə idi.

Məsələni dərhal otel nəzarətçisinə çatdırdıq. Heç tükü də tərpənmədi. Dedi ki, bura gün ərzində onlarla insan gəlir və belə şeylərə görə onlar məsuliyyət daşımırlar. Yeganə ümidimiz polisə qalmışdı. Polisə getdiyimizdə otel nəzarətçisinin də orada olduğunu gördük. O, hadisəni bizdən öncə xəbərləmişdi. Mülki geyimli polislər onun özünü də sorğu-suala tutub, o ki var divara qısnamışdılar. Nəzarətçi tir-tir əsirdi...

...Polis avtomobilində əli avtomatlı şəxslərlə otelə qayıtdıq. Otağımıza baxış keçirildi, bir göstərişlə otelin yoxsul və gəlmə işçilərini dəhlizə topladılar. Polislərin bir neçəsi həmin şəxsləri dindirərkən, başqaları da otaqlarda axtarış aparırdı. Yoxsul otel işçilərinin üz-gözündən qorxu yağırdı. Bu arada bir otel sakini kiminləsə telefonda farsca danışırdı. Amma o, nəzərə almırdı ki, mən onun danışdığı dili bilirəm...

...Axtarışlardan bir şey çıxmadı. Tək ümid otelin girişindəki videokameraya qalmışdı. Mülki geyimli polislərlə birgə videogörüntüləri incələməyə başladıq. Hər şey kameranın yaddaşına yazılmışdı: səhər oteldən çıxmağımız, geri dönüşümüz. Amma... bir saatlıq hissə yoxa çıxmışdı...

Polis rəisi Turhan babanı (biz ona «bəy» yox, «baba» deməyə başladıq) xatırladıq, ona telefon açdıq. Silahlı şəxslər bizi otel nəzarətçisi ilə birgə mərkəzi polis idarəsinə apardılar.

Xeyli yaşlı görünən polis rəisi – Turhan baba çox narahat idi. Tez-tez ətrafındakılara ərəbcə – «Heç utanıb-qızarmırsınız? Bunlar bizim ölkədən – Azərbaycandan gəliblər, siz onları gözünüzün üstündə saxlamalıydınız!» – deyərək onları danlayırdı.

Kərküklü uşaq

Kərküklü uşaq

Bu arada – başqa bir yerdə otel nəzarətçisindən də söz almağa çalışırdılar. İçəridə bizə hər cür xidmət göstərilir və Turhan baba da Azərbaycan haqqında xatirələrini danışırdı.
Qəfildən qapı açıldı və içəri girən polis icazə alaraq Turhan babanın qulağına nəsə dedi. Rəis göstəriş verəndən sonra otel nəzarətçisini gətirdilər və onlar birgə arxa otağa keçdilər. Qapının arası bir az açıq qaldığından Turhan babanın nəzarətçiyə nəsə dediyini gördük.

Nəzarətçi içəridən çıxandan sonra sual dolu gözlərimizi görən Turhan baba dedi:

– Ona, sadəcə, fatihə oxudum. Bir saatadək gələcək.

Rəis sonra göstəriş verdi ki, nəzarətçini buraxsınlar...

Nəzarətçi 20 il İranda yaşamışdı və üç il əvvəl qayıdıb, elə bu oteldə işə düzəlmişdi. Evi olmadığından orada gecələyirdi. Üzdən çox zavallı və fağır görünürdü. Bunu gəldiyimiz gündən hiss etdiyimiz üçün polis rəisinə dedik ki, imkan varsa, o adama heç nə etməsinlər: «Ola bilsin o bunu ehtiyacdan edib».

Hamı güldü, Turhan baba da nəzarətçini qayıdandan sonra buraxacağını söylədi.

...Təxminən 2 saat keçmişdi. Qapı açıldı və ağ torbada iki kompüteri içəri gətirdilər. Yoxlayanda hər şeyin yerində olduğunu gördük. Bundan böyük sevinc olmazdı!... Turhan babanı qucaqlayıb öpdük. Hamı sevinirdi: biz fotolarımız üçün, mülki geyimli polislər də işlərini uğurla başa vurduqlarına görə...

...Turhan babanın göstərişi ilə yeni ünvana köçdük. İndi yeni, təmiz və səliqəli bir otelin salonunda oturmuşuq. Bunları öz kompüterimizdə yazır və sevincimizi gizlədə bilmirik.
Kərkükü uşaqlığımızdan bəri çox sevdiyimiz «Evlərinin önü yonca, Yonca qalxmış dam boyunca...» türküsündən xatırlayırdıq. İndən belə Turhan baba başda olmaqla, peşəsinə ləyaqətlə xidmət edən, qarşısındakı insana öz gücünü deyil, insanlığını göstərmək istəyən polisləri ilə də xatırlayacağıq...

5 May 2013-cü il. Kərkük.

P.S. Təhlükəsizlik səbəbindən Turhan baba və digər polislərin şəklinin çəkilməsinə icazə verilmədi.

Şərhləri göstər

XS
SM
MD
LG