Keçid linkləri

-

Bəzi qəliz siyasi məsələlərin gedişini elə gündəlik həyatdan da anlamaq mümkündür. Müxalifətin adi bir toplantısına icazə verilmədiyi bir halda hakimiyyətin az qala hər gün dürlü siyasi tədbirlər keçirdiyini görəndə başa düşürsən ki, artıq gecdir, bundan sonra nə qədər çalışsan da vəziyyəti dəyişə bilməyəcəksən, ölkədə son 20 ildə dörd prezident seçkisi necə keçirilibsə, bu seçkilər də elə keçiriləcək.

Vəziyyəti bəlkə də vaxtında, prezident seçkisilə bağlı iki dəfəlik məhdudiyyət götürülərkən dəyişmək mümkün idi. Amma o vaxt ölkənin ən sayıq siyasət adamları belə özlərinə təskinlik verərək, «Nə olsun? Seçki ki, qalır!» deməklə işlərini bitmiş hesab etdilər.

Onlar elə indinin özündə də bir nəfərin ardıcıl olaraq bir neçə dəfə prezident seçilməsi məsələsini ölkənin siyasi həyatının ən əsas problemi kimi qabartmırlar. Hesab edirlər ki, əsas seçkilərin düzgün keçirilməsidir. Bu yanaşma ilə razılaşmaq olardı, əgər prezident seçkisilə bağlı iki dəfəlik məhdudiyyətin götürülməsi ölkədə avtoritarlığın dərinləşməsinə doğru aparan zəncirin bir həlqəsi olmasaydı.

Bu günlərdə məsələ ilə bağlı bir daha məşhur Venesiya Komissiyasının rəyi aşkarlandı. Məlum oldu ki, Komissiya məsələyə münasibətdə yerli siyasətçilərdən daha ardıcıldır.

Elə o səbəbdən də görürsən ki, bu il üçün də çox da böyük siyasi ümidlərə qapılmağın əsası yoxdur, çünki ölkə siyasətinin ən ümdə məsələsini hansısa bir Komissiya deyil, (o, hətta Venesiya Komissiyası olsa belə!) yerli siyasətçilər həll edəcək.

Onlar isə tamam fərqli «koordinat sistemi»ndə düşünürlər. Elə bir sistemdə ki, ümumi situasiyadan birgə qurtulmaq istəyi deyil, yaranmış bu vəziyyətdən fərdi şəkildə yararlanmaq arzusu daha üstünlük təşkil edir. Bunu ümumi bədbinlik fonunu bir qədər də tündləşdirmək üçün demirik, sadəcə real siyasi həyatı təsvir edirik.

Bəs vəziyyətin ağırlığını təsdiq edən əsas amillər hansılardır? Onları heç olmasa, təqribi şəkildə müəyyənləşdirmək mümkündürmü?

ÖLKƏ SİYASƏTİNİN ƏN ƏSAS PROBLEMİ MÜƏYYƏN EDİLMƏDİ

Çox maraqlıdır ki, ölkənin bəzi müxalifət partiyaları ili prezident seçkisində iştirak etmək istədikləri haqda bəyanatla başladılar. Onların bu seçkilərdə formal şəkildə iştirakına və fon yaratmaq istəklərinə hər hansı bir maneə olsaydı, bunu bəlkə də başa düşmək mümkün olardı.

Amma belə bir maneə yoxdur. Hakimiyyət də istərdi ki, seçkilərə onun çox yaxşı bələd olduğu və imkanlarını bildiyi siyasi qüvvələr qatılsın.

Yeni bir siyasi vektor həmişə problemdir, çünki onun davranışı sənə bir o qədər də aydın deyil. Amma köhnə, artıq bir neçə dəfə seçkidə uduzmuş, saxta seçki oyunlarının nəticələrini qəbul etməyə məcbur olmuş siyasi qüvvələr haqda bunu demək çətindir.

Bunları niyə deyirik? Sadəcə, bəzi müxalifət partiyaları özlərinin seçkidə iştirakını elə
tələskənliklə bəyan etdilər ki, hakimiyyət də bir az çaşdı və anladı ki, iki dəfəlik məhdudiyyətlə bağlı səslənən seyrək bəyanatlar elə də təhlükəli deyil, onları nəzərə almamaq da olar.

Daha yaxşı olardı ki, müxalifət əvvəldən özünün seçkidə iştirakını müəyyən şərtlərlə bağlayaydı və həmin şərtlərin ətrafında konsolidasiya aparmağa cəhd edəydi. Bu təzyiqin bəlkə də müəyyən siyasi nəticələri olardı. Hər halda o, ölkə həyatını siyasi utopiyalardan çəkindirər və daha realist olmağa sövq edərdi.

Düzdür, bəziləri bütün hallarda seçkilərə qatılmağı daha realist addım hesab edirlər. Onların fikrincə, ölkə müxalifəti elə bir vəziyyətdədir ki, onun seçkiyə qatılması ilə qatılmaması arasında ciddi bir fərq yoxdur.

Bunu ciddi bir irad kimi qəbul etmək olardı, əgər həmin adamlar müxalifətin silsilə qələbələri haqda «ballada»lar düzüb-qoşmasaydılar.

Məsələ bundadır ki, güclü elektoral dayaqlara malik olan siyasi qüvvələr heç vaxt aciz duruma düşmürlər. Bəli, demək olar ki, ölkədə avtoritar idarəçilik hökm sürür, insanlar hakimiyyətə qarşı açıq etiraz etməkdən çəkinirlər.

Bir neçə bu cür bəraət tonlu arqumentlər fikirləşmək mümkündür və onların sırasını artırmaq çətin deyil. Amma sırf «mənəvi qələbələr» də nə ölkəyə, nə də müxalifət partiyalarının üzvlərinə bir şey vermir, xüsusən də nəzərə alanda ki, onlar haqda bir qayda olaraq müxalifət partiyalarının özlərindən başqa heç kim düşünmür.

NƏ YARATMAQ İSTƏDİKLƏRİNİ ÖZLƏRİ DƏ BİLMİR…

Təşkilatlanma həmişə siyasi məqsədlərə adekvat olur. Amma indi müxalifətin nə yaratmaq istədiyini hətta bu partiyalarda oturan strateqlər belə izah etmək gücündə deyillər. Bu günlərdə Milli Şuranın təşəbbüskarlarından maraqlı açıqlama gəldi. Dedilər ki, cəmiyyətin Şurada görmək istədiyi partiyaların hələ hər hansı bir məsələ ilə bağlı ciddi təklifi olmayıb…

Bunu belə başa düşmək olar ki, Şura tamam «ideoloji səhralıq» şəraitində yaranır. Elə ona görə də artıq tezliklə təsis olunacağı deyilən Milli Şura ilə bağlı da heç bir yəqinlik yoxdur. O, hansı missiyanı həyata keçirəcək? Seçki dövründəki səyləri əlaqələndirəcək, yoxsa bir seçki blokuna çevriləcək? Ən ağrılısı isə budur ki, bunların hər ikisi artıq nə vaxtsa olub, dəyişən yalnız adlardır…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG